Baş xəbər, Sosial
11.11.2015 / 13:20

Leysan yağışları fermerlərə ciddi ziyan vurub (foto)

Leysan yağışları fermerlərə ciddi ziyan vurub
Payız havalarının qeyri-sabit keçməsi, tez-tez yağan leysan xarakterli intensiv yağışlar cənub bölgəsində kənd təsərrüfatına, o cümlədən sitrus bağlarına da təsirsiz ötüşmədi. Belə ki, sel suları Lənkəran, Astara, Masallı və digər rayonlarda bağları yuyub aparıb. Aramsız yağan yağışlar ən çox feyxoa təsərrüfatlarına zərər vurub. Yaş, palçıqlı torpağa tökülən məhsul bir neçə saata tamamilə zay olur. Bu da fermerlərin il boyu çəkdikləri əziyyətin hədər getməsi deməkdir.
Lənkəranın Əşlə, Narbağı,Təngivan, Rvo, Qurunba və digər kəndləri ən çox feyxoa bağları olan yaşayış məntəqələri olduğu üçün daha çox ziyan da bura dəyib. Sel suları bir çox bağları son 10 gündə hətta iki dəfə yuyub aparıb. Bu da sözügedən dövrdə məhsulu bazara çıxarmalı olan fermerlər üçün ciddi maddi itki hesab olunur. Belə ki, təsərrüfat sahibləri ötən il 10 ton məhsul topladıqları bağdan, bu il heç 2 ton məhsul yığa bilməyiblər. Rvo kənd sakini Əliheydər Həsənovun dediyinə görə aramsız yağışlar nə ağacdakı məhsulu dərməyə, nə də yerə töküləni yığmağa imkan verməyib:
“Yağış düşəndən sonra bütün məhsul yerə töküldü, gözlədik, yağış kəsəndən sonra yığıb tökdük yeşiklərə. Səhər bazara çıxaranda isə artıq qaralmışdı. Onda da qiymətə getmir, heç kəs almır”.
Sel suları təkcə məhsulu zay etməklə kifayətlənməyib. Nisbətən yuxarı ərazilərdən zir-zibil və məişət tullantıları da su ilə birlikdə bağlara dolub. Təsərrüfat sahibləri həm də bağları zir-zibildən təmizləməyin dərdini çəkirlər: “Bağımın içi çürüntü və zir-zibillə doludur. Bundan sonra hələ gərək fəhlə də tutum ki, bağı təmizləsinlər, bu da əlavə xərc deməkdir ”.
Aramsız yağışlar təkcə feyxoa təsərrüfatlarına deyil, digər sitrus bağlarına da təsir göstərir. Çünki həmin dövrdə dərilən məhsul tez bir zamanda zay olur.

Pərvanə NƏHMƏTQIZI / İnform.az

Leysan yağışları fermerlərə ciddi ziyan vurubLeysan yağışları fermerlərə ciddi ziyan vurub

Leysan yağışları fermerlərə ciddi ziyan vurubLeysan yağışları fermerlərə ciddi ziyan vurub

Baxış sayı: 658