Mədəniyyət
11.11.2015 / 13:05

Almatıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Almatıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunubNoyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitaba şairin Azərbaycan dilindəki şeirləri ilə yanaşı, qırğız, türk, türkmən, qazax dillərinə tərcümə edilmiş şeirlər daxil edilib.

Tədbirdə Qazaxıstan yazıçıları, ziyalılar, həmçinin Azərbaycan, Qırğızıstan və Türkiyədən dəvət olunan qonaqlar iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Bəxtiyar Vahabzadənin şeirlərinin TÜRKSOY tərəfindən türk xalqlarının dillərinə tərcümə olunaraq çap edilməsindən danışıb.

Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olanlara TÜRKSOY adından mükafatlar təqdim olunub.

Baxış sayı: 274