Araşdırma
11.11.2015 / 12:33

Maya Türkləri - VI yazı

Maya Türkləri -
Aydın MƏDƏTOĞLU / İnform.az


(Əvvəli burada)
Elm adamları uzun müddət mədəniyyətin anasının Misir olduğunu iddia edərək əsasən Misirə önəm vermişlər. Halbuki, Amerika, Hindistan və Türküstandan Misirə gələn müstəmləkəçilərin buraya gələrkən özləri ilə bərabər uyqarlıqlarını və elmlərini də yanlarında gətirmişdilər. Bu faktı təsdiqləyəcək saysız miqdarda mənbə vardır. Tədqiqatçıların fikrincə, bu mənbələrin xeyli hissəsi də qədim Misirlilərin özləri tərəfindən yazılmışdır (Seçmələr bizimdir - A. M. Bax: James Churchward, Kayıp Kıta Mu, səh. 179).
Amerika Qızıldərililəri və ya Hinduları sayılan Mayalar, İnklər, Tomaqavlar, Keçualar və s. enerjilərinin və zamanlarının çoxunu Avropalı işğalçılar gəlməmişə qədər əkinçiliyə və mədəniyyətlərinin inkişafına sərf etmişdilər. Bunların içərisində Mayalar və İnklər xüsusi yer tuturlar. Tədqiqatçılar göstərirlər ki, Günəş İmperiyası yox olmadan öncə Mayalılar Amerikada və dünyanın müxtəlif yerlərində böyük bir mədəniyyət yaratmışdılar. Ona görə də bu tədqiqatçılar Amerika qitəsinin ortasında yerləşən, sərhədləri Meksikanın bir hissəsini, eləcə də Beliz, Qvatemala, Honduras və Salvadora qədər böyük bir ərazini əhatə edən Mayaların tarixini iki dövrə - qədim və yeni dövrə bölürlər. Onlar Mayaların ən qədim dövrünü Mu qitəsi və Günəş İmperatorluğu ilə bağlayır və arxeoloji qazıntılar nəticəsində əldə edilən 2 (iki) min altı yüzə qədər gil lövhəni incələyərək belə bir sonuca varırlar ki, Mayalar Amerika qitəsində 15 min ildən az olmayaraq yaşamışlar. Onlar tarixdə görünməmiş bir "Elm İmperatorluğu" qurmağa nail olmuşdular. Tədqiqatçılar göstərirlər ki, Mayalar astronomiya, riyaziyyat, həndəsə, fizika, kimya və memarlıq sahəsində heyrətamiz irəliləyişlər əldə etmişdilər. Onların öz dövrlərində yaratdıqları observatoriyalar (rəsədxanalar - A. M.) XVIII əsrdəki Paris observatoriyalarından daha mükəmməl idi (Seçmələr bizimdir - A. M. Bax: Ara, A., Evrende en büyük sır, İstanbul, Sümer Yayınevi, tarixsiz, səh. 40).
Amerika Mayalıları da Misirlilər kimi elm sahəsində sonsuzluq haqqında fikirlər yürütmüş, piramidaların yaradıcısı olmuş, astronomik cədvəllər və riyazi bilgilərlə günün saatlarını və ilin fəsillərini ölçüb-biçmişdilər. Tədqiqatçı Henri Stierlin göstərir ki, qədim Misir dövründə dünyada "zaman" mövzusunda Mayalılar qədər daha çox düşünən heç bir xalq olmamışdır. Balta dəyməmiş meşələrdə qurulmuş Maya şəhərlərindəki məbədlərdə Maya rahibləri Avropada bugün belə ulaşıla bilməyən həssaslıqla astronomik cədvəllər və riyazi bilgiləriylə saatları, günləri, mövsümləri və illəri ölçmüşdülər. Mayalılar Günəş, Ay və Ulduzların hərəkətlərini davamlı olaraq təqib etmiş, "Maya təqvimi" adlı mükəmməl bir təqvim yaratmışdılar (Seçmələr bizimdir - A. M. Bax: Henri Stierlin, Mayalıların muhteşem İmperatorluğu, Kainatın sırları, derleyen Readers Digesten, İstanbul 1989, səh. 279, 281).
Mayalılar dünya riyaziyyat tarixində "sıfırı" kəşf edən, dünya tibb elmində ilk beyin əməliyyatı aparan xalq olmuşlar. Mayalıların mükəmməl Günəş və Ay təqvimləri, Veneranın vəziyyətini göstərən dəqiq cədvəlləri olmuşdur. Tədqiqatçıların fikrincə, Mayalıların müasir tibbin çox yaxın zamanlarda kəşf etdiyi "bakteriya" haqqında bilgiləri olmuşdu. Mayalılar kimya, biologiya və əczaçılıq elmləri sahəsində də çox böyük uğurlar əldə etmişdilər. Ümumiyyətlə, Mayalılar elmin müxtəlif sahələrində mədəniyyətin ən yüksək zirvəsinə yüksəlmiş, xüsusilə, tibb və memarlıq sahəsində çox böyük uğurlar əldə etmişdilər. Mayalıların ən əzəmətli binaları Yükatanın ən böyük şəhəri olan Uxmaladadır. Arxeoloqlar Yükatanda üst-üstə inşa edilən qədim 7 (yeddi) mərtəbəli binalara rast gəlmişlər.
Uxmalada "Müqəddəs Sirlər Tapınağı" adlanan antik bir Maya məbədi vardır. Bu məbədin divarlarında xeyli miqdarda müqəddəs simvollarla iç-içə bulunan kitabələr vardır. Bu müqəddəs simvollar və kitabələr Misirin ilk dövrləri və Babil İmperatorluğu ilə bərabər bütün antik xalqları bir-birinə bağlayırlar. Amerika qitəsinin simvolu olan bu məbədin ən azı 11 (on bir) min il yaşı var.
Qədim Maya İmperatorluğunda yazıdan da istifadə edilmişdi. Bu yazıların bəziləri Maya memarlığında simvolik rəsmlərlə , bəziləri də Uyğur-Maya hieqrafik yazı ilə yazılmışdır. Maya yazılarının ən önəmlisi Mayaların müqəddəs kitabı olan "Popol Vuh" əsəridir. Tədqiqatçılar göstərirlər ki, dünyanın bütün dillərində qədim Maya sözləri vardır. Onların fikrincə, Yaponiyada işlədilən dilin yarısı, Meksika yerli dilinin yarıdan çoxu Qara-Maya (Kara-Maya) dilidir. Hindistanda yaşanan dilin də kökündə Nağa-Maya dili dayanır. Qədim Misir dili də bu qəbildəndir.
Qədim Yükatan Maya mədəniyyəti sahəsində ən çox məlumatı olan erazımızın XVI əsrində Kortesin komandanlığındakı İspanlara yoldaşlıq edən Yepiskop Landa 5 (beş) yüz il öncə yazdığı "Relacion de las Cosas" adlı əsərində göstərir ki: "Maya rahibləri öz elmləri haqqında kitablar yazmış, lazımi insanlara biliklərini öyrətmişdilər. Öz millətlərinin ilk tarixini və digər dost və düşmən xalqları əhatə edən əsərləri var. Bu kitablarda fərqli vaxtlarda baş vermiş müxtəlif savaşların, sellərin, keçirici xəstəliklərin, qıtlıqların və yaşanmış hər mühüm hadisənin mükəmməl qeydləri var" (İqtibas James Churchwardın "Kayıp Kıta Mu" adlı əsərindən götürülmüşdür - A. M. Bax: səh. 240)

Baxış sayı: 943