Texnologiya
10.11.2015 / 16:37

Azərbaycan beynəlxalq forumda təmsil olunur

Azərbaycan beynəlxalq forumda təmsil olunurBu gün Braziliyanın Juan-Pesoa şəhərində, noyabrın 13-dək davam edəcək, 10-cu İnternet İdarəçiliyi Forumu (IGF) işə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbir çərçivəsində informasiya cəmiyyəti və internetin idarə edilməsi məsələləri yüksək səviyyədə müzakirə ediləcək.

Builki forumun əsas mövzusu "İnternet idarəçiliyinin təkamülü: dayanıqlı inkişaf hüquqlar və imkanlar”dır. Forumda kibertəhlükəsizlik və etibar, internet iqtisadiyyatı, açıqlıq və müxtəliflik, hərtərəfli əməkdaşlığın genişləndirilməsi, internetdə insan hüquqları, kritik internet resursları və mövcud problemlər müzakirə ediləcək.

Beynəlxalq Forumda ölkəmizi Azərbaycan Prezident administrasiyası yanında ictimai-siyasi məsələlər üzrə şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanova təmsil edəcək.

Tədbirdə, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Bakı ofisinin əməkdaşları Nəriman Hacıyev, Vasif Məmmədov, Natiq Mürşüdov və IGF-in yerli nümayəndəsi Jalə Hacıyeva iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan 2012-ci ilin 6-9 noyabr tarixində “Bakutel” sərgi-konfransı çərçivəsində 7-ci İnternet İdarəçiliyi Forumuna (IGF) ev sahibliyi edib.

İnform.az

Baxış sayı: 309