İdman
09.11.2015 / 17:58

Cüdoçularımız Afrikada daha 3 medal qazanıblar

Cüdoçularımız Afrikada daha 3 medal qazanıblar Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

İnform.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, çempionatın ikinci günündə idmançılarımız aktivinə daha 3 bürünc medal yazdırıb. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu Qətər nümayəndəsi Usama Xadcamaya qalib gəlib. Dörddəbir finalda Monteneqro təmsilçisi Sırcan Mravleviçə məğlub olan idmançımız təsəlliverici mübarizəyə qoşulub. Ə.Rəsullu bu mərhələdə ilk olaraq Qabonlu Pol Kibikaini məğlub edib. Daha sonra Marko Bubanyaya qalib gələn cüdoçumuz bürünc medala sahib çıxıb.

Doxsan kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. İdmançımız çilili Tomas Briseno və mərakeşli İmad Abdullauini məğlub edərək yarımfinala çıxıb. O, yarımfinalda Əlcəzair cüdoçusu Adberəhman Benamadiyə uduzub, lakin üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Berns üzərində qələbə qazanmağa nail olub.

Daha bir cüdoçumuz da uğurlu nəticəyə imza atıb. Belə ki, ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri bürünc medal qazanıb. İtaliyalı cüdoçu Alessio Maskettini məğlub edən idmançımız avstriyalı Daniel Allerstorferiyə qalib gələrək yarımfinala çıxıb. Lakin U.Kokauri də bu mərhələdə əlcəzairli idmançı Amin Tayebə məğlub olaraq üçüncü yer uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda qarşılaşmada o, Tacikistan cüdoçusu Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib.

Bununla da Azərbaycanın cüdo üzrə milli komandasının aktivindəki medalların sayı dördə çatıb.

Qeyd edək ki, çempionatın ilk günüdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ayşə Qurbanlı da bürünc medala sahib çıxıb.

Baxış sayı: 277