Baş xəbər, Araşdırma
09.11.2015 / 12:54

Alman əsilli rəssam Mirzə Cəlildən nəyi xahiş etmişdi?

Alman əsilli rəssam Mirzə Cəlildən nəyi xahiş etmişdi?
Növbəti tarixi məktubumuz alman əsilli məşhur karikaturaçı-rəssam Oskar Şmerlinqin Mirzə Cəlil Məmmədquluzadəyə yazdığı məktubdur. AMEA Əlyazmalar İnstitutunun fondunda saxlanılan məktubu O.Şmerlinq 1925-ci ildə Mirzə Cəlilə yazıb. Həmin məktubu təqdim edirik.

"Əziz köhnə dostum Cəlil!
Cavab məktubunuzu vaxtında aldım. Ancaq təkcə vaxtın darlığından yox, həm də qismən özümü pis hiss etdiyimdən səmimi məktublarınıza cavab yaza bilmədim. Məktubda söylədiyiniz xeyirxah sözlər üçün Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Məktubunuzu oxuyarkən, müsəlman xalqlarına vacib olan, müsəlman aləminin maariflənməsinə səbəb olacaq bir mədəni işlə fanatikcəsinə uzun illər boyu məşğul olduğumuzu xatırladım. O vaxtdan bəri çox şey dəyişib. Bizim ağlımıza belə gəlməyən dərəcədə dəyişib. Ancaq Şərq xalqlarının xeyrinə işləmək həvəsi məndə əvvəlki kimi güclüdür: mən istisnasız olaraq qeyri-rus dillərində çıxan nəşrlər üçün, başlıca olaraq Gürcüstan və qismən də müsəlmanlar üçün işləyirəm.
Siz mənə yenə də “Molla Nəsrəddin”də işləməyi təklif etdiyiniz vaxtdan Sizinlə işləmək barədə hər gün düşünürəm. İndi Sizdən xahiş edirəm ki, əgər öz təklifinizdən imtina etməmisinizsə, məni ən xeyirxah əməkdaşlarınızın sırasına qəbul edəsiniz. Poçt işini elə sazlamaq olar ki, şəkillər Sizə vaxtında yetişsin. Beləliklə, Sizə əl verirsə, mövzularınızı göndərin, mən isə Sizə təsvirləri göndərim. Əgər öz mövzularım olsa, bunlara aid şəkillər də göndərə bilərəm; ancaq bunun üçün mən gərək jurnalın ruhunu və maraq dairəsini öyrənim. Heç olmasa, jurnalın bir neçə nömrəsini göndərin ki, mən yaxşı-yaxşı tanış olum. Bundan başqa, şəkillər üçün mənə verilən vaxt həddini bildirin. Yəni jurnal həftənin hansı günü çıxır, bədii material litoqrafiyaya nə zaman daxil olur və bu kimi bütün bunları bilmək mənə lazımdır. Bir ay bundan öncə Tiflisdə yoldaş Eminbəyli (deyəsən, o, kəndli yaxud fəhlə qəzetinin redaktorudur) ilə görüşdüm. O da mənə öz yanında iş təklif etdi. Hətta artıq birdəfəlik Bakıya köçməyi təklif etdi. Dedi ki, orda mənim işim çox olacaq. Əlbəttə, Bakıya köçmək mənim üçün o qədər də asan deyil. Üstəlik orada kifayət qədər iş tapacağıma da əmin deyiləm. Ancaq işdən imtina etmirəm. İndiyə qədər ona öz qərarımı bildirməmişəm. Əgər Siz onu tanıyırsınızsa, görsəniz deyin ki, onunla işləyə bilərəm, ancaq əvvəlcədən hər şeyi şərtləşdirmək lazımdır. Yəqin bu günlərdə özüm ona məktub yazacağam. Yaxşı olardı ki, Siz mənə onun qəzetinin ünvanını bildirəydiniz, mən təxmini yazmayaydım.
Mən çox, həddindən artıq işləyirəm. Ancaq mənə o qədər də namuslu münasibət bəsləməyən nəşrlərdən imtina etmək hesabına Sizə vaxt ayırmaq istəyirəm. Artıq 3 dəfə Yerntsyan öz “tabalu”sunu nəşr etmək üçün təşəbbüs göstərib. Ancaq hər üçü uğursuz olub. Jurnal satılmadı. Özü də onun buraxdığı nömrələr çox məzmunsuz, yumorsuz idi. Yumorsuz xüsusi nəşr qazana bilməz!
Siz necəsiniz, əziz Cəlil? Məktubunuzdan görürəm ki, Sizin də vəziyyətiniz yaxşı deyil. Nə etməli, yaşamaq lazımdır. Özün üçün olmasa da, ailən üçün yaşamalısan. Deməli, şəraitlə barışmalısan. Axı, həyatınızda sevinc də olur. Bax, mən Sizin son povestinizin uğurları barədə oxudum və çox sevindim. Bu da Sizə həyatın sevinci. Ailəniz necədir? Böyükdürmü? Çox hörmətli Həmidə xanım nə ilə məşğuldur? Mənim səmimi salamımı ona çatdırın.
Hər zaman Sizin Şmerlinq”
7.V.1925
Tribunal küç. № 4, mən. 4.

Təqdim etdi: Rəşad Sahil

Baxış sayı: 479