Baş xəbər, Araşdırma
07.11.2015 / 16:05

Soyuq müharibənin ecazkar dühası

Soyuq müharibənin ecazkar dühası
Mehdi BƏYAZİD


Kim ki, ömründə bir kərə dostlarına krallara layiq ziyafət verib, o kəs bilir Sezar olmaq nə deməkdir...



Raxmaninovun Üçüncü re minor konsertinə bu uzunboylu texaslı səmavi yüngüllüklə, az qala, kəpənək zərifliyilə başladı. Sonra fenomenal texnikanın nümayişi başlandı. Bulaq suyu kimi dumduru səslərin aşqın-daşqın tüğyanının arxasında təkcə texnika yox, nə isə əsrarəngiz elə şey var idi ki, konsert başa çatanda tamaşaçıların hamısı, komanda verilmiş kimi, dərhal ayağa qalxaraq, "Ur-rrr-ra!" nidasıyla salonu lərzəyə gətirdilər. Bu misilsiz texaslıdan başqa daha altı pianoçu müsabiqədən keçməliydi, lakin münsiflər heyəti də qayda-qanunun əksinə olaraq, özlərini unudub tamaşaçılarla birgə ardı-arası kəsilmədən əl çalırdı. Rus pianoçularının patriarxı Aleksandr Qoldenveyzer sağına-soluna "Dahidir! Dahidir!", - deyə-deyə camaatı yara-yara, yanaqlarından axan göz yaşlarından xəbərsiz estradaya tərəf addımladı - onun bu vəcdi musiqi aləmində görünməmiş şey idi.
Səkkiz dəqiqə yarım davam edən gurultulu alqış sədaları Moskvada, P.İ.Çaykovski adına beynəlxalq müsabiqədə qalib gəlmiş Van Klibernin ömrünə əbədi şöhrət möhürü vurdu. Bütün bu əzəmətli təntənənin içində onun ayaqqabısının bir dabanının yoxluğu, yeganə kraxmallı köynəyi, dostundan alıb altdan geydiyi, hər dəfə baş əyəndə necə nimdaş olduğu aşkar bilinən sviteri mənə, təbii ki, sevimli Balzakın o şahanə sətrini xatırlatmaya bilməz: "Bəli, mən hesab edirəm ki, insan öz taleyilə ölüm - dirim qumarı oynaya bilər, amma ölümlə öz arasında sonuncu manatıyla oynayıb udsa - bu artıq Tanrı bəxşişidir!". O sonralar bu dabansız ayaqqabı ilə öz vətəninin karnegi-hollunda, şəhər meri ilə görüşdə yıxılıb, az qala, beynini dağıdacaqdı... amma... artıq Van Klibern idi. Adı qəfil yaylım atəşi kimi dünyanın hər yerinə yayılan Van Klibern. Canavar kimi göz-gözə duran kapitalizmlə sosializmin soyuq müharibəsinin əngin səmasına qalxmış bu iriəlli, uzunboylu, dalğa-dalğa saçları simasına xüsusi yaraşıq verən bu məlahətli, cazibədar oğlan öz varlığıyla incəsənəti topun-tüfəngin, qanadlı raketin, minbir siyasət və rəyasətin fövqünə qaldıracaqdı - bu missiya Balzakın dediyi Tanrı bəxşişiydi.
Van Klibernin şəxsində təkcə irsiyyət qanunu qalib gəlməmişdi, həm də dünya mədəniyyətinin zəncirvari reaksiyası, nəhayət, öz labüd hökmünü vermişdi. Onun anası Rildiya Bi Klibern lap uşaqlıqdan ehtirasla musiqiylə məşğul olurdu. Sonralar mükəmməl professional məktəb keçmək üçün valideynləri onu Nyu-Yorka, o dövrün məşhur pedaqoqu Artur Fridqeymin yanına göndərmişdilər.
Fridqeym vaxtilə Avropada əfsanəvi Ferens Listin şagirdi olmuşdu. List isə fortepiano ifası texnikasının yaradıcısı Çernidən dərs almışdı, Çerni isə dahilər dahisi Bethovenin dizinin dibindən çıxmışdı. Akademizmə varmadan böyük məmnuniyyətlə Klibernin ifasının çeşidli təsnifatını vermək istəsəm də, yalnız onunla kifayətlənim ki, bu geneologiya, bu şəcərə ağacı hər budağı, hər yarpağı, nəbati yaddaşının hər cilvəsiylə qövsi-qüzeh kimi o sadalanan dühaların sehrkar qığılcımlarını özündə əks etdirirdi. Qığılcım - bir göz qırpımında oda dönən, atəşə dönən qığılcım. Elə Van Klibern də tül içindəki qığılcımlar deməkdir - amma bu necə qığılcımdı ki, tülü yandırmır və bu necə tüldür ki, belə qığılcımların qəfil zühurunu eyninə almır? İdeal harmoniyanın içindən romantik qəvvaslığın baş vurub çıxaraq, kontrapuntik zənginliyi daşa-daşa konsentrik çevrələri misilsiz nida ilə qurtarıb varlığımızda onun sehrkar əks-sədasını maddiləşdirmək sizə asan gəlməsin - bu, fitrət deməkdir (Baxın fuqası. si-bemol (minor). Motsartın sonatası. Do major. k 33. Re-diez minor. Skryabin, 8-ci seçmə. Listin "Masepa"sı və sair və sair).
Ayrı bir mətləblə bağlı olaraq mən bir dəfə qeyd etmişəm ki, Amerika Birləşmiş Ştatları bütün işıqlı-kölgəli cəhətlərilə bəşəriyyətin şah əsəridir. Onun təşəkkülündə bütün dünya iştirak edib - dünya tarixi, fəlsəfəsi, texniki, zehni vüsəti, ədəbiyyatı, mədəniyyəti. Amerika cəmiyyəti öz mikromodelində bəşəriyyətin dinamik inkişaf xəttini çox sürətlə keçib, amma ən böyük qazancı - inqilabların çoxusunu beyində aparıb, sonra onu qansız-qadasız həyata keçirmək olubdur. İlk baxışda, ola bilsin, bütün bunların dahi pianoçuya heç bir dəxli yoxdur. Amma bu, ilk baxışda belədir, çünki onun bir dabanı olmayan ayaqqabısı da Amerikadır, belə bir dühanı elə Amerikanın öz içində görə bilməməsi, qiymətləndirmək iqtidarında olmaması da Amerikadır. Və paradoksa bax, uzaq SSRİ-də birdən-birə parlayan ulduzu saysız-hesabsız əllərilə sinəsinə çəkərək, bağrına basan da Amerikadır...
Eyni zamanda, öz qoynuna çəkəndən sonra onu əzmək, sındırmaq, məhv etməyə can atmaq da, nə yazıqlar ki, Amerika, Amerika, Amerikadır.
Onu müsabiqədən sonra şəxsən SSRİ-nin başçısı Nikita Xruşşovun özü qəbul etmişdi, ikiəlli sifətindən tutub o üzündən-bu üzündən öpmüşdü. Və Xruşşov melanxoliyasına layiq bir dialoq:
- Bura bax, sən niyə belə uzunsan?
Öz doğma ştatı ilə lovğalanmaq imkanını heç vaxt əlindən buraxmayan Van Klibern:
- Ona görə ki, mən texaslıyam.
- Neçə yaşınız var sizin?
- İyirmi üç.
Və burda incə bir nüans. Söhbət əsnasında məlum oldu ki, Xruşşov onun çıxışları barədə yerli-yataqlı məlumata malikdir - özü də az qala professional səviyyədə! Xruşşov: "Mən sizin Şopenin fa-minor fantaziyasını necə misilsiz traktovka və ifa etməyiniz barədə çox eşitmişəm, amma əfsuslar olsun ki, müsabiqənin üçüncü turunda onu eşidə bilmədim - imkan olsaydı qaça-qaça, uça-uça gələrdim".
Bu, Kliberni sarsıtmışdı: "Onun Şopenin fantaziyasını bilməsini mən heç vaxt unutmayacağam - ömrüm boyu da bu həsrəti ürəyimin başında gəzdirəcəyəm".
Həmin il (1938) Van Klibern SSRİ-ni fəth etmədi, məhv etdi; fakt: "SSRİ-nin val buraxan zavodu gecəbəgündüz Klibernin vallarını buraxır, lakin alıcıların tələbini axıracan ödəyə bilmirdi".
SSRİ-nin bir neçə şəhərində qastrolda olan Kliberni məxsusi təqdim etmək lazım gəlmirdi, çünki özü zühur etməmiş təyyarəsinin, yaxud vaqonunun qarşısı minlərlə insanın intizar yerinə çevrilirdi - triumf!...
Bütün bu başgicəlləndirici şöhrətin içində onun valideynləri özlərini son dərəcə ləyaqətlə apardılar, bir növ kənara çəkilərək, onu xalqa bəxş etdilər: "Van dünən bizim oğlumuz idi, bu gün Amerikanındır". Və Amerika, həqiqətən, ağuşunu geniş açaraq Kliberni qəbul etdi. O, deyəsən, Klibernin vunderkind olduğunu (hələ üç yaşında ikən səhnəyə çıxdığını) burda nə qədər mükafat olsa da, axırda taleyinin o dabansız ayaqqabıya dirənib durduğunu unutmuşdu... O öz ucsuz-bucaqsız ərazisinin fantastik bəlağətilə deyirdi: "P.İ.Çaykovski bədbəxt, unudulmuş bir zavallı idi, onu amerikalı yenidən kəşf edib, bəşəriyyətə qaytardı!".
Ölkə prezidenti Duayt Eyzenhauer onu qucaqlayarkən yerlibazlığını da yadından çıxarmadı: "Bura bax, Van, unutma ki, ikimiz də texaslıyıq - biz Amerikaya da, bütün dünyaya da göstərməliyik ki, hansı yuvanın quşuyuq!".
Bir az çəkingən halda duran Klibern bundan sonra özü prezidentin qucağına atılıb az qala onu yerə yıxmışdı - camaat qəhqəhə çəkəndə göyə atılan fişəngin dalınca kimsə qışqırmışdı: "Amerikada bircə Texas, Texasın isə üç şeyi var: neft, Klibern, Eyzenhauer!.
Təbii ki, Van Klibern ölkəyə qayıdandan sonra gələcəkdə necə yaşaması barədə planlar qurmağa, müqavilələr bağlamağa, qastrol səfərlərinə hazırlaşmağa başladı. Lakin bütün bunlarla bərabər, o, həyatında minnətdar olduğu adamların hamısına öz borcunu ödəmək üçün konsertlər verməyə başladı, onun hesabına dirçəlib ayağa duranlar, gününü-güzəranını yaxşılaşdıranlar onun bir insan kimi də dahi olduğuna inanmaya bilmədilər. Onun nəcib qəlbi heç kimi nəzərdən qaçırmırdı. Mənə isə bu qarışıqlıq içində xırda bir epizod xoş gəlir. Beş-altı yaşlı bir qız uşağı Klibernin bağçasından deşik açıb öz "müştərilərini" hərəsi 25 sentdən içəri buraxır, kapitalının üstünə kapital gəlirdi. Klibern isə möhkəm-möhkəm tapşırmışdı ki, bunu görməzliyə vursunlar.


Baxış sayı: 491