Sosial
07.11.2015 / 13:18

Astarada Bayraq günü qeyd edildi

Astarada Bayraq günü qeyd edildiAstara rayonunda 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Dövlət Bayrağı Meydanında keçirilən tədbiri rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev açaraq qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkəmizdə hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2007-ci il dekabrın 30-da Bayıl qəsəbəsində Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının təməli qoyulub, 2010-cu il sentyabrın 1-də təntənəli açılışı olub. Bu meydanda dalğalanan Azərbaycan Bayrağı dünyada ən böyük və ən uca bayraqdır. 35 metr eni, 70 metr uzunluğu, 162 metr hündürlüyü olan bu bayraq Bakının hər bir yerindən aydın görünür. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onun görünüşünə əlavə çalarlar qatıb.

Astarada da iki yerdə – Astara şəhərində və Kijəbə qəsəbəsində salınan Bayraq meydanlarında əzəmətli Dövlət bayrağının ucaldıldığını qeyd edən natiq hər iki Bayraq Meydanının açılışında ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin iştirak etməsinin əlamətdar bir hadisə kimi heç vaxt unudulmayacağını və astaralıların bununla qürur duyduğunu diqqətə çatdırıb.

Əlavə edilib ki, ölkə rəhbərinin apardığı məqsədyönlü siyasəti ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, milli dövlət bayrağımız ölkəmizin hər yerində olduğu kimi Dağlıq Qarabağda da dalğalanacaq.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon mərkəzi kitabxananın müdiri, YAP rayon gənclər təşkilatının sədri Tural Eyvazov, Astara Pedaqoji Kollecin dil-ədəbiyyat müəllimi Vüsalə Cavadova və başqaları çıxış ediblər.
Astarada Bayraq günü qeyd edildi


İnform.az

Baxış sayı: 743