İdman
07.11.2015 / 08:32

Çempionatın açılış mərasimi keçirilib

Çempionatın açılış mərasimi keçirilib Noyabrın 6-da qadın voleybolçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə iştirakçı komandaların paradı olub.

Tədbirdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Vaqif Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.

Bu mövsüm çempionatda Gürcüstanın “Tbilisi” və yerli gənc oyunçulardan ibarət “Gənclik” komandaları mübarizə aparacaq. Hər iki komandanın çempionatda iştirakı 2017-ci ildə Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Bu yarışda onlar ustalıq səviyyələrini artıracaq və püxtələşəcəklər.

Yarışın dünyanın ən güclü milli çempionatlarından biri olduğunu söyləyən Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçuva komandalarının Azərbaycanda çıxış etməsinə razılıq verdiyi üçün Milli Olimpiya Komitəsi və AVF-ə təşəkkürünü bildirib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, çempionatda “Azəryol”, “Azərreyl”, “Lokomotiv”, “Telekom”, “Gənclik” və “Tbilisi” klubları mübarizə aparacaq.

İnform.az

Baxış sayı: 294