Mədəniyyət
07.11.2015 / 00:23

Müasir İncəsənət Muzeyində Mamuka Tsetsxladzenin sərgisi açılıb

Müasir İncəsənət Muzeyində Mamuka Tsetsxladzenin sərgisi açılıb Müasir İncəsənət Muzeyində gürcü rəssamı Mamuka Tsetsxladzenin “POSTCARD” adlı fərdi sərgisi açılıb.

İnform.az "AZƏRTAC"-a istinadla xəbər verir ki, sərgini açan rəssam burada nümayiş etdirilən əsərləri haqqında məlumat verib. Diqqətə çatdırıb ki, bu, onun Bakıda beşinci sərgisidir. Onlardan üçü birgə, ikisi isə fərdi sərgidir. Rəssam deyib ki, onun Azərbaycanın paytaxtına xüsusi münasibəti var. Hələ 40 il əvvəl, 15 yaşında Bakıda olub və İçərişəhərə vurulub.

Xalq Rəssamı Altay Sadıqzadə Mamuka Tsetsxladzenin əsərlərinin bakılı sənətsevərlərdə maraq doğuracağına əmin olduğunu bildirib.

Mamuka Tsetsxladze 1960-cı ildə Tiflisdə anadan olub. 1986-cı ildə Gürcüstan Rəssamlıq Akademiyasını bitirib. Rəssam nəinki öz vətənində, həm də dünyada məşhurdur. Onun əsərləri məşhur muzeylərin kolleksiyalarında saxlanılır, sərgiləri dəfələrlə Almaniya, Macarıstan, Fransa, İtaliya və digər ölkələrdə keçirilib. Ən sevilən “Şəhərlər” silsiləsinə rəssamın 50 əsəri daxildir.

Ustadın əsərləri öz geniş ekspressiv üslubu ilə sanki müasirlikdən uzaq keçmişə pəncərə açır.

Qeyri-adi rəng təzadları Mamuka Tsetsxladzenin urbanistik mənzərələrinə “anilik” hissi gətirir.

“POSTCARD” - şəhərlərin, küçələrin, evlərin, parkların, fəvvarələrin, küçələrdə gəzən insanların, tramvayların, avtobusların, qatarların və s. müxtəlif rakurslardan görünüşü, zamanın özünün hərəkəti və ya səssizliyidir.

Gürcü rəssamı Xəzər dənizini, Abşeron qumsallığını, Bakını, küləyi məharətlə təsvir edir. Onun əsərlərində musiqinin həzin səsi, qatarların gecə siqnalları eşidilir. Bu əsərlər deyir ki, səyahət xoşbəxtlikdir.

Mamuka Tsetsxladzenin fərdi sərgisi dekabrın 5-dək davam edəcək.

Baxış sayı: 372