Şərhlər
06.11.2015 / 17:34

Həyatın mənası - sevgi və fəlsəfə

Həyatın mənası - sevgi və fəlsəfə
Əlisa NİCAT / İnform.az


Sevgi 25 yaşına kimi, fəlsəfə isə qocalığın qocalığına kimi.
Görəsən intihar edənlər nəyəsə ümid edirlərmi? Kleyst dahi bir gənc idi, gözəl hekayə və pyesləri var idi. 34 yaşında ancaq özünə məlum olan səbəblərlə sevgilisi ilə bərabər intihar etdilər.
Belə çıxır ki, intihar xoşbəxtlikdir. O mənada ki, bir anda bütün kainatı rədd edirsən.
Amma sevgi ... Özü də sevdiyin dünya gözəli və sənə də marağı ola. Bundan artıq lazım deyil.
Sevgilərimdən əlim üzüləndən sonra fəlsəfəni seçdim, amma bəhrəsini görmədim. O mənada ki, mənə ölməzliyə inamı bağışlaya bilmədi. Necə bağışlaya bilərdi ki, həyat, yaşamaq, var olmaq, damarlarda qanın dövr etməsindən başqa heç nə deyil.
Platon 4 arqumenti ilə sübut etmək istəyir ki, insan gedib qayıdır. Lap yaxşı. Əgər qayıdırsa, ikinci dəfə doğulduğunu və əvvəldən bildiklərini bilirsə, nə mənası.
Canlı aləm və həyat - kainat miqyasında bir hadisə olmadığı üçün ağlasığmaz bir təsadüfdür ki, bizim başımıza gəlib.
Dünyaya gəlib bir müddət ətrafı görmək yaxşıdır, ya heç gəlməmək?
Bəli, fərqi yoxdur. Eyni şeylərdir. Amma xoşbəxt kütbeyinlər içində yaşamaq çətindir.
Nə yaxşı ki, Ziya Balıyev kimi oğullar var.
Kainatın təkamülünə tamaşa etmək əlbəttə gözəldir. Amma cəmi bir gün tamaşa edə bilirsən.
Orqanizmlərin quruluşunda Allahın möhürü və zühuru var, lakin saysız-hesabsız insan xəstəlikləri, şərəfsiz despotlara verilən hakimiyyət onun varlığını inkar edir.
Xalqımız cılızdır, amma bununla bərabər Üzeyir bəylər kimi tək-tək xalqların yetirə bildiyi dühalar yetirir. Çünki erməni kimi ürəyi xəbisliklə dolu deyil. Bizdə qanmaz çox, xəbis azdır. Amma xəbislərimiz nəhəngdir, özləri kiçik, xəbislikləri nəhəng...
Qələmi kim yaradıb - eşq olsun! Əsərlərin üzünü köçürüb bizim üçün saxlayanlara eşq olsun.

Baxış sayı: 891