Gündəm
06.11.2015 / 11:00

Xalq artistinin doğum günüdür

Xalq artistinin doğum günüdürBu gün xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ilin bu günü Quba rayonunun Rustov kəndində doğulub.

O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb.

1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb:

• Tatyana (M.Qorki "Meşşanlar"),
• Xuraman (S.Vurğun "Vaqif"),
• Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır"),
• Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?"),
• Zivər (Anar "Təhminə və Zaur"),
• Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan"),
• Fəxrəndə xanım (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı"),
• Bernardo (Federiko Qarsia Lorka "Dişi canavar"),
• Pəri xanım (M.F.Axundov "Lənkəran xanının vəziri"),
• Qadın ( Elçin "Poçt şöbəsində xəyal"),
• Yasəmən (S.S.Axundov"Eşq və intiqam"),
• Ana (B.Vahabzadə "Dar ağacı"),
• Qadın (N.Hikmət "Kəllə"),
• Kərbəlayi Fatma (C.Məmmədquluzadə "Ölülər") kimi janr etibarı ilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.

Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb oldu. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıtmışdır.

Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilib.

Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilib.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Prezident təqaüdçüsüdür.

İnform.az

Baxış sayı: 384