Gündəm, Siyasət
05.11.2015 / 21:15

"Bizim üçün Gürcüstan strateji tərəfdaşdır"

"Bizim üçün Gürcüstan strateji tərəfdaşdır" Noyabrın 5-də Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib:
"Zati-aliləri cənab Prezident. Hörmətli nümayəndə heyətinin üzvləri. İcazə verin, Sizin Gürcüstana səfərinizi ürəkdən alqışlayım. Deməliyəm ki, çoxdandır bu səfərin intizarında idim. Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək".

Azərbaycan Prezident İlham Əliyev bildirib:
"Çox sağ olun, hörmətli cənab Prezident. Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək. Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin. Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik".

Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb.

İnform.az

Baxış sayı: 307