Şərhlər
05.11.2015 / 12:35

Buna çağdaş meymunçuluq deyərlər

Buna çağdaş meymunçuluq deyərlər
Xanəmir TELMANOĞLU / İnform.az


“Şeylərin məsumiyyəti” Orxan Pamuqun son dönəm romanlarından biridir. Romanda “Sonuncu Osmanlı Şahzadəsinin Hekayəsi” başlanğıc-bölümündə Əli Vasif Əfəndidən bəhs edir. Gerçəkdən bu tarix ürəkparçalayıcı bir tarixi vaqiədir. Rusiyadakı Çar sülaləsi və hakimiyyətdə olanları xaricə qaçdıqları kimi, Osmanlı xanədanlığı çökdükdən sonra bu xanədanlığın da təmsilçiləri xaricə doğru üz tuturlar. Əli Vasif Əfəndi də bu qaçqınlığı yaşayanların başında gələnlərədn biridir. Romanda Orxan Pamuq sadə bir təsbitini verir: “Osmanlı padişahı V Muradın balaca nəvəsi olan şahzadənin , səltənət davam etsəydi və Osmanlı xanədanlığı Türkiyədə və iqtidarda olsaydı, o illərdə (1982-ci illəri nəzərdə tutur:-X.T.) taxtda oturmuş olacaqdı.” Ardınca yazır ki, Osmanlının yıxılmasından sonra və 1923-cü ildən sonra səltənət yerində qurulmuş cümhuriyyətin icazəsini geri dönmək üçün alan bu 80 yaşlı qocanın dərdi nə səltənət, nə də ki siyasi iqtidar idi. “Əcdadının altı yüz il yönəltdiyi və ancaq xarici bir pasportla girə bildiyi Türkiyədə davamlı şəkildə qalmaq istəyirdi.” Gerçəkdən də tarixdən məlumdu ki, bu şahzadə kimi Osmanlının yüzlərlə övladı Avropanın ortasında yaşamla üz-üzə qalaraq dilənçilik etmək həddinə çatıblar. Bu sözsüz ki, Türkiyə Cümhuriyyətinin bir mənalı şəkildə üz qaralığıydı.
Türkiyə Cümhuriyyəti bu iyrəncliyin və vəfasızlığın altını hələ də çəkir və çəkməyə də davam edəcək. Elə Əli Vasif Əfəndi də keçim sıxıntıları içərisində qovrularaq, özünü bir təhər Türkiyəyə, Ana vətənə salır ki, bəlkə ona iş tapmaqda kimlərsə kömək edər. Axı bu qədər də ola bilməzdi. Bədbəxtlkdən onun varisliyi çoxlarınının, o cümlədən siyasi iqtidardakıların canına qorxu salır və sözsüz yuxarıların göstərişiylə hər kəs ondan yan gəzir. Təsəvvür edin, bu Osmanlı vəliəhdi həyatda öz ayaqları üzərində dura bilməsi üçün bir iş də tapa bilmir. Öz xatirələrində yazdığı kimi, sonda İsgəndəriyyədə Antonios Sarayınının muzeyində bilet kontrolu işinə baxır, sonra isə muzeyin müdirliyində işləyərək, “ Sarayın idarəsi, təmizliyi və əşyaların qorunması işlərinə” nəzarət edir. Söhbət ondan getmir ki, bir insan padişah da olsa, qapıçılıqdan tutmuş odunçuluğa kimi lazım gələrsə, hər işi görməyə hazır olmalıdır. Bu ayrı mövzu və başqa məsələdir. Hətta mən yüzlərlə ərmiş,övliya olmuş kişilərin həyatından elə misallar və örnəklər çəkə bilərəm ki, onlar övliya ola-ola necə dilənçilikdən qapı süpürməyə qədər, ev-ev gəzib qanlı ciyər satmağa qədər özlərini vadar ediblər. Sufilərin, dərvişlərin dünyasında bu kimi işlər heç də əskiklik sayılmaz, əksinə o kişinin həyatına, şəxsiyyətinə bir üstünlük qazandırar. Ancaq bu verdiyim Əli Vasif Əfəndinin timsalında məsəllər tamamilə başqa bir müstəvidə bizdən izah, yorum, anlayış, istiqanlılıq tələb edir. Hamı sufi deyil, heç bir sistem, o cümlədən də Türkiyə Cümhuriyyəti nə o dönəm, nə də bu dönəmdə sufi sisteminə oturmuş bir idari –üsula sahib ola bilməzdi. Bir ölkənin tarixini 7 əsr yaşamış, yaşatmış bir nəslin, şəcərənin sonuncu övladına, özü də kimsədən heç nə ummayan, heç bir taxtda-tacda gözü olmdığını da hər kəs bilə-bilə, onu ortalıqda qoymaq, ac saxlamaq, həyatın ən sıxıntılı zərbələrinə düçar etmək də kişilikdən sayılmır. Ən azından Türkiyə Cümhuriyyətininbu ölkəni o dönəmlərdə yönəltmiş kişilərin o insana, Osmanlı xanədanlığının sonuncu vəliəhdinə bir vəfa borcu vardı. Gərək hər kəs bu vəfa fədakarlığının mütləq yapılması gərəkdiyinin fərqində olardı.Yoxsa adamın burnundan yeyib-içdikləri fıtır-fıtır axıb tökülməzmi? Mən inanıram ki, o dönəmdə əgər Türkiyə Cümhuriyyətinin varlğından sorumlu olanlar öz məsuliyyətlərini anlasaydılar, inanın, Osmanlı xanədanlığının sonuncu vəlihədi Əli Vasif Əfəndi və onun kimiləri eləcə acınacaqlı günlər yaşamazdı, ürəkparçalayan durumlarla üz-üzə gəlməzdi, ən azından geridə yazıb qoyduğu Türkiyə üçün üzqaralığı təşkil edən bir xatirələr kitabı sinəyə dağ çəkməz, o kitabı əlinə alıb oxuyanlarda daha xoş ovqat, sevinc, qürur hissi oyadardı. Təəssüf ki, hər şey əksinədir. Təəssüf ki, bizim insanlarımız kimi türk insanı da müəyyən anlarda, zamanlarda özü olmur, gerçəkliyi dərk etmir, Allahın insanlığa bəxş etdiyi ünsiyyət, münasibət eşqini yerlə bir edib tarixin cəhənnəminə çəkir. Çox qəribədir, mən dəfələrlə şahidi olmuşam, bizdə də bundan betər bir xarakter var. Allah qorusun, elə ki, birisi hakimiyyətdən düşdü, imkanları əlindən alındı, iqtidarı sıfıra endi, gücü tükəndi, əlindəki varidatını itirdi, vay onun halına, sanki bu adam min ildir yoxumuş, yaşamırmış. Bunu boş ver, kimsə eləcə onun varlığını boşa, heçə saya nə var ki, yazığı qoymazlar ki, qaldığı yerdə ölsün, üzərinə gedərlər, üstünə ayaq açarlar, haqqında olmayan əhvalatları uydurub, onu infakt edib anasından əmdiyini burnundan gətirərlər. Vəzifə və iqtidar insanın varlığı, yaranışı, mahiyyəti fonunda nə şeydir ki, insanların varına, mülkünə, imkanlarına, vəzifə və hakimiyyətinə, yaxud əksinə görə, ona münasibət dəyişsin, bir gün başa qaldırılan, bir gün ayaqlar altına atılsın. Bütün bunlar, üzr istəyirəm, şərəf, ləyaqət, insanlıq, ruhsallıq, mənlik kimi mənəvi keyfiyyətlərin mahiyyətindən bimərrə xəbərdar olmamağın göstəricisidir.

Baxış sayı: 566