Gündəm, Araşdırma
07.07.2015 / 12:43

Dünyanın ən ecazkar dəmiryolu marşrutları

Dünyanın ən ecazkar dəmiryolu marşrutları

Dünyanın bir çox ölkələrində həqiqətən də ecazkar sayıla biləcək dəmiryol marşrutları mövcuddur. Baxmayaraq ki, bəzi adamlar yol getməyi mənasız vaxt itkisi sayır və bu tip adamlarla zaman-zaman biz də qarşılaşırıq. Ancaq elə adamlar da var ki, onların daxilində gəzmək, dünyanın ecazkar və ekzotik mənzərələrinə tamaşa etmək istəyi sanki yaranışdan mövcuddur. Bu tip insanların baxışlarından yer üzünün gözəlliklərini əks etdirən qığılcımlar saçılır sanki. Əslində belə adamların halını içdən səyahətə bağlılıq kimi də qiymətləndirmək mümkündür və bu bağlılıq onları yeni mədəniyyətlərə və yeni sivilizasiyalara doğru aparmaqla yanaşı, həm onları daxilən möhkəmlədir, həm də şəxsi inkişaf baxımından onlara xeyli dividentlər gətirir. Təbii ki, indi səyahətə çıxa bilmək üçün müasir hərəkət vasitələri kifayət qədərdir və hər kəs öz səyahəti zamanı həmin vasitələrdən istədiyini seçə bilər. Ancaq dünyanın bütün gözəlliklərini ətraf mühitin mənzərələrini bütün ecazkarlığı ilə müşahidə edə bilmək üçün nə təyyarələr, nə avtobuslar, nə də minik maşınları o qədər də işə yaramır. Məhz bu baxımdan, əksər insanlar digər vasitələrə nisbətən daha çox qatarlardan istifadə etməyə üstünlük verirlər. Ona görə ki, qatarla səyahət, gəzintini daha zövqlü və daha maraqlı edir. Bir də ki, qatarların özünəməxsus atmosferi və hətta mistik məna daşıyan xüsusiyyətləri var. Bu mənada, onlar həqiqətən də avtobuslardan, minik maşınlarından və təyyarələrdən çox rahatdırlar və bizə səyahət etdiyimiz ərazilərin ecazkar mənzərələrindən əsl ləzzət ala bilmək imkanı yaradır. Buna görə də hesab elədik ki, səyahət etmək həvəskarlarının ürəklərində romantik duyğular yaradacaq dəmiryol marşrutlarının siyahısını tərtib edib, həmin marşrutlar barəsində mümkün qədər çox səyahət həvəskarlarını məlumatlandıraq.


BERGEN DƏMİR YOLU (NORVEÇ)


Avropanın hüdudlarından kənarda çox az adamlar Skandinaviya mənzərələrinin nə qədər gözəl olması barədə məlumatlıdır. Bergendən Osloyadək uzanan bu marşrutda siz Norveçin çox gözəl mənzərələrini görəcəksiniz və məntəqədən məntəqəyə, çox qəribə də olsa, sizə elə gələcək ki, gözlərinizin önündə zaman və ilin fəsilləri bir-birini əvəz edir. Gözəl yaylalar, dağların qarlı zirvələri və əsrarəngiz ovalıqlar sizin səyahətinizi unudulmaz edəcək.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları


QƏRBİ REYN DƏMİR YOLU (ALMANİYA)


Səyahətçilərin əksəriyyəti Almaniyaya getdiyində, yalnız Berlinlə maraqlanır, onun böyük tarixi, yüksək mədəniyyəti və gözəl ənənənləri ilə daha yaxından tanış olmaq istəyirlər. Bununla belə Almaniyada turistlərin diqqətinə layiq olan digər yerlər də heç düşünə bilməyəcəyiniz qədər çoxdur. Üzümçülük və şərabçılıqda ad çıxarmış bu gözəl ölkənin xüsusi özəllikləri ilə seçilən yerlərindən biri də Reyn çayının sahilləridir. Maynsdan Koblensə qədər uzanan dəmir yolu marşrutu, sizə bu yerlərin ağlagəlməz gözəlliklərini görmək və necə deyərlər, bu yerləri ilk baxışdan sevmək imkanı yaradacaq.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları


“BERNİN EKSPRESS” DƏMİR YOLU (İSVEÇRƏ)


İsveçrədən Almaniyaya qədər uzanıb gedən bu dəmiryol marşrutu sizi Alp dağlarının İsveçrə hissəsinin elə yerlərindən keçirəcək ki, oralar Ümumdünya Mədəni İrsi kimi YUNESKO tərəfindən rəsmən müdafiə olunur. Yol boyu siz İsveçrə kəndlərinin və göllərin əla mənzərələrinin gözəlliyinə məftun ola, buzlaqların qan donduran ruhu ilə baş-başa qala bilərsiniz. Bu yerlərə avtomobillə də səyahət etsəniz, təkcə dəmir yolunun ətrafını deyil, həm də ondan kənarda daha çox ecazkar yerlər və mənzərələrin məftunedici gözəlliklərinə şahid ola bilərsiniz.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları



KRAYSTÇERÇ-QREYMUT MARŞRUTU (YENİ ZENLANDİYA)


Avropa Alplarında gəzintidən sonra, gəlin Yeni Zenlandiyaya qədər gedib çıxan Cənubi Alplara aparan marşrutla səyahət edək. Əgər siz Kraystçerçdən Qreymuta yollanan qatara minsəniz, bu səyahətdən maksimum rahatıq və ləzzət alacağınız qaçılmazdır. Kenterberq ovalıqları və Uaimakariri çayının sahilləri öz cazibədar yarğanları və çəmənlikləri ilə Çənubi Alpların əla görüntülərinə əlavə rəng qatacaq və bu rənglər, qarşınızda bir-birini əvəz etməklə, sizə unudulmaz anlar yaşadacaq.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“DOURU LAUN” DƏMİR YOLU (PORTUQALİYA)


İndi isə biz sizinlə yenidən Avropaya - Portuqaliyanın şimalına qayıdırıq. Bu gözəl dəmir yolu marşrutu öz adını Douru çayından alıb və 1887-ci ildən üzü bəri fəaliyyət göstərir. Yol boyu sizin gözlərinizi oxşayacaq landşaftın böyük hissəsi bu çayın ətrafında görəcəyiniz mənzərələrdir və əslində bu marşrutun şox böyük hissəsi məhz Douru çayı boyunca çəkilib. Bununla yanaşı, belə bir səyahət sizə portuqal vadilərinin gözəl mənzərələrini görmək imkanı da yaradacaq.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“THE ROYAL SCOTSMAN” QATARININ MARŞRUTU (ŞOTLANDİYA)


Əgər siz həqiqətən birinci dərəcəli səyahət istəyirsinizsə, o zaman öz seçiminizi “The Royal Scotsman”ın təklif etdiyi marşrutlardan birini seçməlisiniz. Hətta bu marşrutun adı belə özündə elitarlıq və eleqantlıq daşıyır. Edenburqdan başlayan səyahətlə Şotlandiyanın uca dağlarının və göllərinin yaşıl mənzərələri ilə nəfəs almaqdan ləzzət alın. Bu cür səyahət heç zaman uğursuz sayıla bilməz. Çünki bu zaman valehedici təbiət mənzərələri ilə yanaşı, həm də maksimum konfort və keyfiyyətli xidmət də görəcəksiniz.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

SANSET LİMİTET (ABŞ)


İşlər ABŞ-ın əfsanəvi mənzərələrinə gəlincə, onun məlum səhralarından danışmamaq mümkün deyil. O səhralar ki, təkcə adı çəkildiyində, dərhal gözləriniz önünə məşhur qərb filmlərindən səhnələr, epizodlar və obrazlar gəlir. Buraların kobud və elə bu kobudluğu ilə gözəl görünən havasında və səhraların sakitliyində hiss etmək istədiyiniz duyğuları canlı şəkildə yaşaya bilmək üçün Sanset Limitetə bilet almaqdan gözəl heç bir vasitə yoxdur. Qatar Los-Ancelesden Nyu-Orleana getdikcə sizin, bu 48 saatlıq səyahətin hər dəqiqəsindən xüsusi zövq alacağınıza heç bir şübhəniz olmasın.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“DUNAY EKSPRESSİ” (MACARISTANDAN TÜRKİYƏYƏ)


Qatarla bu dəbdəbəli səyahət öz başlanğıcını Şərqi Avropada Budapeştdən götürüb, ta ki Türkiyə - İstanbula qədər davam edir. Bu unikal marşrutun üzərindəki ən məşhur yerlərdən biri Transilvaniyada (Rumınya) Vlad Tsepeş qəsridir və bu məşhur qəsr daha çox Drakula adı ilə tanınır. Siz bu qəsrin divarları arasında onu yaratmış tarixi şəxsiyyəti, Brema Stokeri əfsanəvi vampir obrazı yaratmağa necə həvəsləndirə bildiyini hiss edə biləcək və qəribə hisslərin təsiri altında səyahətinizi davam etdirəcəksiniz. Bu səyahət İstanbulda bitəcək və siz burada dünyanın ən məşhur vağzallarından biri “Haydar Paşa”nı ziyarət edə biləcəksiniz.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“AL-ANDALUS EKSPRESS” (İSPANİYA)


İspaniyanın cənubunda yerləşən Əndəlus vilayəti dünyanın ən gözəl mənzərələrinə sahib olan yerlər kimi məşhurdur. 1930-cu ildən bəri “Al-Andalus ekspress” insanlara Əndəlusun nəfəs kəsən gözəlliklərinə heyran olmaq imkanı yaradır. Ayrıca burada konfortlu və keyfiyyətli xidmətin olduğunu da söyləməmək, bu gözəlliyin yarısından danışmamaq anlamına gəlir. Altı günlük bu səyahət Sevilyadan başlayaraq, Kordovedə başa çatır.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“MAXARACA EKSPRESS” (HİNDİSTAN)


Əgər siz Hindistanın ən ekstravaqant tərəfini görmək istəyirsinizsə, o zaman “Maxaraca ekspress” sizin üçün ən yaxşı variantdır. Bu qatar dünyanın ən dəbdəbəli qatarı kimi tanınır. Və eyni zamanda da bütün Asiyada ən dəbdəbəli və bahalı qatar tituluna sahibdir. Əslində bu adların özləri istənilən pafoslu deyimdən daha çox, buradakı xidmətin keyfiyyətindən və konfortdan xəbər verir. Beləcə Mumbayidən Dehliyədək uzanan yolda siz saysız-hesabsız emosional anlar yaşayacaq və heç bir halda gördüklərinizə biganə qala bilməyəcəksiniz.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“DENALİ STAR” MARŞRUTU (ALYASKA)


Dünyanın çox az yerləri relyef və landşaflarının gözəlliyinə görə Alyaska ilə yarışa, yaxud da müqayisə oluna bilər. “Denali Star” marşrutu sizə rahat kiçik şəhərləri və balaca qəsəbələri göstərməklə yanaşı, Denalinin milli parkını seyr etmək imkanı da yaradacaq. Burada marşrut böyük deyil, cəmi bir günə başa çatır. Ancaq unutmayın ki, siz bütün halllarda 12 saata yaxın vaxtınızı qatarda keçirəcək və Alyaskanın əsrarəngiz gözəlliklərinə baxmaqdan zövq alacaqsınız.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

TALİLLİNİN DƏMİR YOLU (UELS)


Əgər siz həqiqətən də qatar və qatarlarda gəzinti həvəskarısınızsa, o zaman mütləq Talillin dəmir yolundakı qatarlara minmək və Uelsin təbii gözəlliklərini öz gözlərinizlə görərək, qiymətləndirmək istəyəcəksiniz. Bu yəqin ki, bizim sizə təqdim etdiyimiz siyahıda ən qısa marşrutdu. Ancaq bu marşrut sizə, 23 km-lik yol boyu cazibədar vadilərdən keçmək və bu görüntülərdən zövq almaq imkanı verəcək. Bu dəmir yolu 1865-ci ildən üzü bəri öz yolçularını xidmətində durmaqdadı.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

TRASS-SİBİR DƏMİR YOLU (RUSİYA)


Bu ən əfsanəvi dəmiryol marşrutlarından biridi və səyahətlər aləminə yeni baş vuranlar üçün o qədər də məqbul sayılmır. Rusiyanın qərbindən – Moskvadan, şərqinə - Vladivostoka qədər uzanan 5772 km-lik bu yol, təxminən 13 gün davam edir. Bir az qorxunc kimi görünür, elə deyilmi? Əslində bu marşrut təkrarolunmaz sərgüzəştlərlə doludur və dünyanın ən sərt regionlarından birinin ərazisindən keçir.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“XİRAM BİNGEM” QATARI (PERU)


Cənubi Amerika hər zaman digər materiklərdən özünün sirli-sehirli əfsanələri ilə seçilib. Belə ki, buranın tropik meşələri, bu meşələrdə məskunlaşmış qəbilələri barəsində dolaşan əfsanələr hələ də bəşəriyyət tərəfindən tam dərk olunmamış qalır. Perunun ən məşhur arxeoloji abidələrindən biri Maçu-Pikçu qalasıdır. “Xiram Bingem” qatarının marşrutu sizə bu məşhur qalanın və onun yerləşdiyi dağın ətrafında səyahət etmək imkanı yaradır. Bu səyahətin müddəti nə az, nə çox düz 6 saat vaxtınızı alsa da, sizə Peru kimi unikal bir ölkənin ən yaxşı abidələrinin öyrənilməsi imkanı da tanıyacaq.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

“DURANQO-SİLVERTON” DƏMİRYOLU (ABŞ)


Bu klassik Amerika qatarı bir vaxtlar Şimali Amerikanın gediş-gəliş üçün ən yaxşı qatarı kimi tanınırdı. Bu marşrut təxminən 1881-ci ildən mövcuddur və özündə Duranqodan Silvertona qədər uzanan 45 millik məsafəni birləşdirir. Əgər bu qatara minsəniz, dəqiq bilin ki, yol boyu görəcəkləriniz var. Bu qatarla gedişin müsbət tərəflərindən biri də ondan ibarətdir ki, istər yay, istərsə də qış üçün ideal imkanlara malikdir və burada qış vaxtı, yoxsa yay vaxtı səyahətə çıxmağın daha yaxşı olduğu haqqında çox uzun uzadı mübahisə etmək olar.
Dünyanın ən ecazkar dəmiryolu marşrutları

Bunlar bizim sizə təqdim və təklif etmək üçün seçdiyimiz on beş dəmiryol marşrutunun qısa özəlliyi idi. Əslində bu kimi hallarda fotoşəkillər minlərlə sözdən dəyərli də görünə bilər. Ancaq gördüyünüz kimi, marşrutlar olduqca fərqlidi və istənilən şəxs öz ürəyinə yatan marşrutu seçə bilər. Ancaq bir şeyi dəqiq təsdiq etmək mümkündü ki, hansı marşrutu seçməyinizdən asılı olamayaraq, siz bu səyahəti ömrü boyu unuda bilməyəcəksiniz. Və bir şeydən də əmin olun ki, müasir konfortlu qatarlarda hərəkət edərkən gördüyünüz gözəl mənzərələri, cazibədar və ekzotik peyzajları görən kimi onları bütün qəlbinizlə sevəcəksiniz.

Tərcümə: İnfrom.az

Baxış sayı: 1105