Mədəniyyət
05.11.2015 / 12:17

Əliağa Vahidin 120 illik yubileyi qeyd olunub

Əliağa Vahidin 120 illik yubileyi qeyd olunubNoyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair Əliağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

İnform.az baku-art.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin “Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, Azərbaycanda, eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanmış Əliağa Vahidin həyat və yaradıcılığı barədə ətraflı danışıb. Bildirib ki, müvafiq Sərəncama uyğun olaraq ilboyu ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunub.

V.Əliyev vurğulayıb ki, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra Vahid yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirilib, şairin əsərləri çap olunub, haqqında çoxsaylı elmi məqalələr yazılıb.

Bildirilib ki, dahi Füzulini özünün böyük ustadı adlandıran Əliağa Vahid onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub.

Klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan Vahid sevilərək dillər əzbərinə çevrilib.

Vahid poeziyasının yeni qəzəlxanların yetişməsində mühüm rol oynadığını söyləyən mədəniyyət və turizm nazirinin birinci müavini deyib ki, bu gün Azərbaycanın çox yerlərinə şairin adını daşıyan məktəblər, küçələr var ki, bu da Vahid yaradıcılığına olan böyük hörmət və sevginin bariz nümunəsidir.

Tədbirdə akademiklər Teymur Kərimov və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək poeziyamızda xüsusi yeri olan qəzəlxan şair Əliağa Vahidin özünəməxsus yaradıcılıq yolundan söz açıblar. Bildirib ki, o, Azərbaycan ədəbi mühitinə misilsiz töhfələr bəxş edib.

Natiqlər, Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı dövlətimizin başçısının Əliağa Vahid sənətinə, ümumilikdə ədəbiyyatımıza verdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu bildiriblər.

Çıxışlarda vurğulanıb ki, ölməz sənətkar gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, ilk şeirlərini yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub. “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərində yeniliyə mane olanlar kəskin satira atəşinə tutulub.

Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə (“Döyüş qəzəlləri”, “Qəzəllər” kitabları) Ə.Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.

Vurğulanıb ki, əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur Vahidin şeirləri.

Gecədə şairin həyatından bəhs edən “Qəzəlxan” filmi nümayiş olunub, tanınmış xanəndələrin ifasında ustad sənətkarın qəzəllərinə bəstələnmiş musiqi nömrələri səsləndirilib.

Baxış sayı: 621