Şərhlər
04.11.2015 / 17:08

1 noyabr - “Özgürlüyün” dəfn günü

1 noyabr - “Özgürlüyün” dəfn günü

Aqil CAMAL / İnform.az

Noyabrın 1-də - eyni gündə iki qardaş ölkədə parlament seçkiləri keçirildi. Azərbaycanda keçirilmiş seçkinin nəticələri daha çox yerli əhəmiyyətli məqamlarla xarakterizə oluna bilər. Türkiyədə bu dəfə keçirilən parlament seçkisi isə həm ölkənin daxili üçün, həm də geosiyasi anlamda nəzərdən keçirilir.
Nəticələr hamıya bəllidir. 2002-ci ildən hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası – AKP bu növbədənkənar parlament seçikisində səslərin 49,6 faizini (parlamentdə 317 yer) qazanaraq təkbaşına iqtidarını davam etdirmək üçün daha beş illik müddətə xalqdan mandat aldı.
Maraqlıdır, bəs necə oldu ki, xalq AKP-yə bu şansı 4 ay əvvəl – 7 iyunda deyil, 1 noyabrda verdi? İndi bu mənzərə çoxlarını düşündürür.
Müddət az olsa da, iyun ayından bəri Türkiyə gərgin daxili təbəddülatlarla dolu bir dövrü yaşadı.
Bir tərəfdən heç zaman olmamış kimi güclənən PKK terroru, çoxlu sayda polis və hərbçinin şəhid olması, bir yandan PKK-ya qarşı silahlı qüvvələrin apardığı qətiyyətli əməliyyatlar. Bir yandan, 7 iyun seçkisinin nəticələrinə uyğun olaraq koalision hökumət qurmaq çabaları və bu çabaların uğursuzluqla nəticələnməsi. Digər yandan isə, bu ərəfədə Türkiyə sərhəddində, Suriyada beynəlxalq güclərin, xüsusilə Rusiyanın hərbi iştirakı. (Rus təyyarələrinin Türkiyə hava sərhədini pozması və s.)
Bu dörd ayda Türkiyə bu problemləri yaşaya-yaşaya həm də növbədənkənar parlament seçkisinə hazırlaşdı. Və bu gün demək olar ki, 1 noyabr seçkisi Türkiyə üçün müvəffəqiyyətlə yekunlaşdı.
Bu seçkidə CHP aşağı-yuxarı ənənə səsinə yenə sahibləndi. 2 millət vəkili artırdı. MHP-nin seçki qutusundan bir təhər çıxması da ortada. Növbədənkənar seçkinin birinci sürpriz edəni AKP oldusa, ikincisi HDP oldu.
HDP 4 aydan sonra keçirilən seçkidə 21 deputatını itirdi. Və bu partiyanın itirdiyi millət vəkili yerlərini AKP qazandı.
Seçkinin nəticələrini əks etdirən xəritəyə baxdıqda, bunu görmək mümkündür. 7 iyun seçkisində HDP bizim üçün də həssas İgdır və Karsa əldə etdiyi 4 deputat yerinin 2-ni AKP-yə uduzub. İstanbulda, Ərzurumda, hətta Diyarbakırda HDP-nin daha öncə qazandığı yerlərdən AKP-yə keçənlər var. Hesab etmək olar ki, 1 noyabr seçkisinin sürpriz nəticəsi
AKP-nin təkbaşına hökumət qurmaq səlahiyyəti əldə etməsi deyil, eyni zamanda, HDP-nin ciddi itkisidir.
Bu səs itkisini iki amillə izah etmək mümkündür. Birincisi, 4 ay müddətində Türkiyə silahlı qüvvələrinin nəfəs dərmədən, hətta Qərbin “Dur!” çağırışlarına məhəl qoymadan PKK-ya qarşı amansız əməliyyatlar keçirməsi, ikincisi, HDP-nin ona göstərilən etimadı düzgün qiymətləndirib bir Türkiyə partiyası kimi davranmaqdansa, yenə də PKK-nın sözçüsü kimi davam etməsi.
İraq və Suriyada bu və ya digər dərəcədə gerçəkləşmiş “Kürdüstan” ssenarisinin Türkiyədə baş tuta bilməyəcəyini yəqin edən kürd seçməni, ən azından sabitlik üçün HDP-dən səsini çəkdi.
1 noyabr seçkisi “kürd açılımı” prosesini də yeni bir müstəviyə götürdü. “Özgürlük” xəyal oldu…

Baxış sayı: 331