Mədəniyyət
03.11.2015 / 20:34

Azərbaycan Oslo dünya musiqi festivalında təmsil olunub

Azərbaycan Oslo dünya musiqi festivalında təmsil olunub Norveçin paytaxtında Oslo dünya musiqi festivalı keçirilib.

İnform.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən "AZƏRTAC"-a bildiriblər ki, bu tədbir dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri hesab edilir. Müxtəlif ölkələrdən 300-dən çox musiqiçinin qatıldığı altıgünlük festivalda ilk dəfə Azərbaycan musiqisi də təmsil olunub.

Festivalda UNESCO tərəfindən dünyanın qeyri-maddi irs siyahısına salınan muğamın görkəmli ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib. Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində təşkil olunub.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO), Oslo Azərbaycan Evinin və festivalın təşkilat komitəsinin birgə əməkdaşlığı nəticəsində keçirilən konsertdə Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, diasporumuzun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev Azərbaycan musiqisinin bu festivalda, eləcə də bu qəbildən olan beynəlxalq tədbirlərdə gələcəkdə də təmsil etmək üçün fəallıqlarını əsirgəməyəcəyini bildirib.

Baxış sayı: 323