Elm-təhsil
03.11.2015 / 10:58

TQDK-nın əməkdaşları Beynəlxalq konfransda iştirak edəcəklər

TQDK-nın əməkdaşları Beynəlxalq konfransda iştirak edəcəklərTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları - Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva və Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin böyük məsləhətçisi Murad Əliyev noyabrın 4-dən 7-dək Türkiyədə keçirilən “Təhsil və təlim məsələləri” üzrə Beynəlxalq konfransda iştirak edəcəklər.

İnform.az xəbər verir ki, bu barədə TQDK məlumat yayıb. Verilən məlumata görə, 47-dən çox ölkə nümayəndələrinin (Türkiyə, Azərbaycan, ABŞ, Kanada, Böyük Britaniya, Finlandiya, Avstriya, Sinqapur, Yunanıstan, İran, İraq, Səudiyyə Ərəbistanı, Serbiya, Sloveniya, Tailand və s.) qatılacağı həmin konfransda təhsildə yoxlama və ölçmə, qiymətləndirmə, tədris proqramları və resurslarının hazırlanması və təkmilləşdirilməsi, ali təhsil, təhsil siyasəti, təhsilin idarə edilməsi və digər mövzular üzrə müzakirələr aparılacaq.

Tədbirdə komissiya əməkdaşlarının “TQDK-da yoxlama-ölçmə materiallarının hazırlanmasının və dərs vəsaitlərinin monitorinqinin inkişaf dinamikası” mövzusunda təqdimatla çıxışları nəzərdə tutulub.

Baxış sayı: 300