Mədəniyyət
02.11.2015 / 16:53

Böyükxanım Əliyeva mükafatlandırılıb

Böyükxanım Əliyeva mükafatlandırılıbLənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artist Böyükxanım Əliyeva 70 illik yubileyi münasibətilə teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Lənkəran Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Əliyeva Böyükxanım Həsənbala qızı 1945-ci ildə anadan olub. O, ömrünün 42 ildən artıq bir dövrünü sənətə həsr edib.

B. Əliyeva 1969-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakultəsində ali təhsil alıb.

1973-cü ildən bu günədək Lənkəran Dövlət Dram Teatrinda aktrisa kimi çalışan B.Əliyeva bu teatrın səhnəsində 100-dən çox obrazlar yaradıb. Onun Gültəkini (“Aydın”, C.Cabbarlı), Rəfiqəsi (“Alov” M.Hüseyn), Təhminəsi (“Təhminə və Zaur”, Anar), Bəyimi (“Anar fəryadı”, M.Əliyev), Nihalı (“Yağışdan sonra”,B.Vahabzadə), Anası (“Ləyaqət”, H.Mirələmov), İokastası (“Şah Edip”, Sofokl), Ambrası (“Dəmir sinif”, A.Nikolai), Süsənbəri (“Pənah xan Cavanşir”, H.Mirələmov), Bənövşəsi (“Kəndli qızı”, M.İbrahimov) aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Teatr sahəsində səmərəli fəaliyyətinə görə Böyükxanım Əliyeva 1979-cu ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Hazırda Lənkəran Dövlət Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa gənc aktyor nəslinin yetişməsində böyük rol oynayır.

İnform.az

Baxış sayı: 434