Şərhlər
02.11.2015 / 15:34

Bu dəlilikdirmi?

Bu dəlilikdirmi?
Əlisa NİCAT / İnform.az


İngilis bar bəstəkarı Ceremay Klark rədd olunan məhəbbətinə görə intihar etmək qərarına gəlir. Ancaq bilmir hansı vasitəylə. Boğazdan asılmaq, ya da dənizdə boğulmaq. Bunu müəyyən etmək üçün xırda pulu havaya atır. Yer palçıq olduğuna görə pul nə o üz, nə də bu üz üstə düşür. Böyrü üstə batır qalır. Görünür, tale pulun dili ilə ona demək istəyir ki, Klark, nə elə, nə də belə yolla ölmək lazımdır. Sadəcə yaşamaq lazımdır. Klark isə işarəni, pulun nə demək istədiyini başa düşməyərək, onu üçüncü bir vasitə tapmağa işarə kimi yozur və tapança ilə özünü güllələyir.
Bütün bunlar mətbuatda yazılıb. Bəli belə şeylər Qərbdə hər gün baş verir. Görünür bu Klark çox cavandır, 18-22 yaşlarında. Çünki həmin yaşda olan adamlar bioloji varlıq kimi həyatlarının pik nöqtəsində olurlar. Beyinlərində yalnız bir fikir dominantlıq edir, yəni nəsil artırmaq və bunun üçün öz dişisini tapmaq!
Tapıbsa, mütləq ona qovuşmaq! Bu mümkün olmayanda həyat xüsusən, qərb ölkələrində bu yaşında cavanlar üçün tamam mənasını itirir. Yaşamağa heç bir zərurət qalmır və ona görə, beləcə öz həyatları ilə asanlıqla vidalaşırlar.
Bunu hardasa başa düşmək olar. Çünki bu yaşda insan hələ tamam formalaşmayır. Beyin, orqanizm hələ böyümə və inkişaf prosesində olur. Belə adamlar hələ başa düşmürlər ki, başqa birisini də tapıb ailə qurmaqla səbəbkara daha doğru cavab vermək olar. Necə ki, səbəbkar səni nəzərə almayıb başqa birisinə könül verir, eləcə sən də başqa birisinə könül verərək ona layiqli cavab vermiş olarsan.
Klark hələ başa düşmür ki, bu qisas yolu deyil, qisas yolu yaşayıb həyatda uğur qazanmaq və sözün çılpaq mənasında desək, dişini peşman olmağa məcbur etməkdir.
Yox, əgər Klark nisbətən yaşlıdırsa, 25-30 yaşlarındadırsa, deməli onun beyni, yəni ağlı hansı bir səbəbdənsə inkişafdan qalıb. Çünki hadisənin heç cür başqa izahı yoxdur. Normal insan mütləq biz deyən kimi eləyib, biz deyən yolla gedib öz-özünə demiş olar ki, nə fərqi, Məşədi İbad demişkən, o olmasın, bu olsun.

Baxış sayı: 375