Maraqlı, Sağlamlıq
07.07.2015 / 08:00

Ata sözü ürəyə təpər olar

Ata sözü ürəyə təpər olar

Nədənsə, kişilərin çoxu qəti əmindir ki, uşağın tərbiyəsi – qadın işidir. Buna görə də valideyn iclasına gedən, uşağı dərnəklərə aparan, ona geyim-kecim alan ana olur, ata isə arabir gündəliyi yoxlamaq və uşağın bütün tələblərinin maddi təminatçısı olmaqla valideynlik vəzifəsini bitmiş hesab edir. Tanış mənzərədir, elə deyil? Övlad böyüyəndəsə təəccüblənirik ki, niyə ata ilə övlad arasında mənəvi uçurum var.

Araba, üstəgəl pivə
Uşaq arabasında qığıldayır, ata da skamyada əyləşib ya siqaret çəkir, ya da pivə içir… Bir neçə il sonra mənzərə azacıq dəyişir: ata həmin skamyada əyləşib qəzet oxuyur, balaca da qumluqda oynayır. Ata hərdən bir «başına qum tökmə», ya da «özünü yerə surtmə» kimi iradlarla uşaqla ünsiyyət saxlayır.
Uşaq daim ataya mane olur. «Ata, gəl oynayaq» - «Əl çək, yorulmuşam». «Ata, bu nağılı oxu!» - «Görmürsən, məşğulam». Belə cavablara alışan uşaq getdikcə ata ilə ünsiyyətə heç can atmır. İllər sonra ata böyümüş övladı ilə ürək söhbəti etməyə cəhd göstərəndə təxminən eyni cavabı eşidir: «Ay kişi, əl çək!».
Belə situasiya ilə üzləşməmək üçün uşaqla mümkün qədər sox söhbət etmək lazımdır. Öyüd vermədən, danlamadan, sadəcə, burun yaylığını hansı cibə qoymaq, anaya nə bağışlamaq, oyuncaq qutusunu hara qoymaq kimi məsələlərdə məsləhətləşərək söhbətləşmək lazımdır.

Qısqanma!
Ananın uşağa çox diqqət yetirməsi normal haldır. Kişi isə bu münasibətə qısqanclıqla baxır – əvvəllər bu qadının bütün sevgisi, qayğısı onunku idi, amma indi… Buna görə də o, tərbiyə işindən uzaqlaşır: Belə münasibəti görən oğul atanın bir növ öz həyatını yaşamasına alışır. Ana – dost və məsləhətçidir, ana – evin böyüyüdür. Ata isə məchul bir məxluqdur, vəssəlam.
Sonralar atanın bütün «təsir» cəhdləri sakit qəzəblə qarşılaşır: yəni sən kimsən axı?..
Gələcəkdə belə hallar baş verməsin deyə, körpə evə gələn gündən çalışın ki, onun qayğısına qalasınız. Əgər körpə uşağa toxunmaqdan qorxursunuzsa, ya da bütün günü işdəsinizsə, heç olmasa, istirahət günü həyat yoldaşınıza kömək edin. Yeri gəlmişkən, bu zaman xanımınız sizə daha çox diqqət yetirəcək.

Burda mənəm, Bağdadda…
Ata daim oğluna evdə kimin böyük olduğunu xatırladır. Uşağın etiraz etməyə ixtiyarı çatmır. Öz iradəsini bildirməyə cəhd göstərən kimi ata ona yerini xatırladır. Beləcə, uşaq valideyn diktəsinə alışır: sonrakı situasiya iki cür inkişaf edə bilər. Ya böyüyən insanın bütün təşəbbüskarlığı tamam məhv olacaq: uğursuzluq, ələbaxımlıq kompleksi yaranacaq; ya da 15-16 yaşlı yeniyetmə valideyin diktaturasına qarşı qiyam qaldıracaq! İstənilən təzyiq cəhdinin sonu yaxşı bitməyəcək: ya dava düşəcək, ya da uşaq evdən qaçacaq.
Belə olmasın deyə, oğlunuzu «əhilləşdirməyin», hər halda o da insandır axı!.. Onun öz fikrini sərbəst bildirmək hüququnu tapdamayın, yaşına uyğun seçim imkanı yaradın.

Tərbiyədə alver
Atalar bəzən uşaqla «ticarət münasibəti» qururlar: dərsini oxu – televizora bax; anana kömək et – sonra həyətə çıx; oyuncaqlarını yığışdır – konfet verim.
On il keçir, artıq övlad «alver»ə keçir: «Mənə cins şalvar almayınca, bostanı belləyən deyiləm» və s. və i.a.
Belə iddia ilə üzləşməmək üçün uşaqla «al-ver» münasibəti qurmayın. Sadəcə, kiçik yaşlarından ona anladın ki, iş nədir, əyləncə nədir. Məsələn: «Əgər sən dərsini vaxtında və yaxşı öyrənsən, bizim parka getməyə vaxtımız qalardı». Ən başlıcası, uşağa başa salın ki, onu əməllərinə görə sevmirsiniz. Əks təqdirdə, onda natamamlıq kompleksi baş qaldırar.

Arzu ƏLƏSGƏROVA / İnform.az

Baxış sayı: 403