Mədəniyyət, Müsahibə
07.07.2015 / 10:06

Eldəniz Məmmədov: “Gərək əməllərində müsəlman olasan…”

Eldəniz Məmmədov: “Gərək əməllərində müsəlman olasan…”

Mahnı müsabiqələrinin xalqa bəxş etdiyi güclü səsə malik müğənnilərdən biri olan Eldəniz Məmmədov İnform.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Səhnəyə muğam və xalq mahnılarının ifaçısı kimi gəlsəniz də, indi oxuduğunuz mahnıların çoxu toyda ifa edilən mahnılardır. Sənətçilər nəyə görə daha çox xalq yox, toy manılarını ifa etməyə həvəs göstərirlər?

- Bunu danmaq olmaz. Çünki sənətçilərimizin yeganə qazanc yeri toydur. Dolanışığımız toydan çıxır.

- Yaydır. Həmkarlarınız kimi istirahət edirsiniz, yoxsa iş başındasınız?

- Mən bir əlimdə iki qarpız tutmuşam. Həm dincəlir, həm də işləyirəm. Hazırda Gülüstan Əliyeva ilə yeni bir duet üzərində işləyirik. Yeni evlənən cütlüklürə aid bir mahnıdır. Hal- hazırda aranjımandadır. İnşallah, tez bir zamanda tamaşaçıların ixtiyarına verəcəyik. Yəqin ki, bu da sevilən ifalardan olar.

- Bu gün səhnəmizin primadonnası İlhamə Quliyeva bəzi müğənnilərə titul verir. Siz istəyərsinizmi sizin də titulunuz olsun və ya hansısa titul verilsin?

- “Xalqın Eldənizi” titulu yerinə düşər, amma mən tək onu bilirəm ki, xalqın gözü tərəzidir. Mənə gec-tez layiq olduğum qiymət veriləcək. Çünki məni xalq özü sevib, seçib.

- Solo konsert verməyi düşünürsünüzmü?

- Arzularımla imkanlarım üst-üstə düşərsə, əla olar. İnşallah, planımda konsert vermək və disk buraxdırmaq da var. Ancaq maliyyə problemi yaşayıram. Düşünürəm ki, düzələr.

- I Avropa Oyunlarına tamaşaçı kimi qatıla bildinizmi?

- Müəyyən səbəblərə görə qatıla bilmədim. Ancaq bütün oyunları televiziya vasitəsi ilə izlədim. Xalqımı və cənab prezidentimi təbrik edirəm. Çətin bir işin öhdəsindən ustalıqla gələ bildi. Sevinirəm, qürur duyuram ki, Azərbaycan mötəbər yarışa layiqincə ev sahibliyi etməyi bacardı.Nəticə biz gözlədiyimizdən də yüksək oldu. Bir daha fəxr etdim ki, nə yaxşı ki, azərbaycanlıyam.

- Səsi olan da, olmayan da deyir mən sənətçi yox, sənətkaram. Siz özünüzə sənətçi, yoxsa sənətkar deyirsiniz?

- Məni xalq seçib, qiyməti də o verib. Bir də sənətkar adını qazanmaq lazımdır. O ad çətin qazanılır və tarixlərdə yaşayır. Özü-özünə ad verənlər vaxtlarını hədər yerə itirməsinlər, gedib iş görsünlər. Xalq özü onlara qiymət verəcək. Elin gözü tərəzidir.

- Toya müğənnini hansı üstünlüklərinə görə seçib çağırırlar?

- Bahalı maşına, brend geyiminə, villasına, şan-şöhrətinə görə . Onda toy qiyməti də baha olur. Bir də indi toya müğənnini şadlıq evinin inzibatçısı dəvət edir. Əgər müğənninin toy qiyməti müdiriyyəti qane etmirsə, onda toy sahibini başlayır aldatmağa ki, o yaxşı toy aparmır, səsi yoxdur, elə-belə adamların toyunda onu dəvət edirik yola versin. Bir sözlə, qardaş, sənin toyuna o müğənni yaraşmır. Axı o da evinə çörək pulu aparmalıdır. Yox, əgər toyunda məni mütləq görmək istəyirsə, onda özü şəxsən məni axtarıb tapacaq.

- Həmkarlarınız arasında dostunuz, yoxsa düşməniniz daha çoxdur?

- Hamımızın düşməni eynidir. Üzdəniraq qonşularımız ermənilərdir. Mənim münasibətim sənət dostlarımla yaxşıdır. Xətrimə dəymirlər, xətirlərinə dəymirəm.

- Küsülü olduğunuz müğənni varmı? Özünüzü qalmaqaldan neçə qoruyursunuz?

- Həmkarlarımın çoxunun xətrini istəyirəm, amma bilmirəm onlar məni nə dərəcədə istəyirlər. Küsülü olmuram, səhvi var, amma gəlib etiraf edirsə bağışlayıram. Yox, əksinə, yekəxanalıq edirsə, silirəm gedir. Mən efirdə də, həyatda da necə görünürəmsə elə də varam.

- Bu gün hansı müğənnidən bu sənətin sirlərini öyrənirsiniz?


- Təbii ki, böyük sənətkarlarımıza hər zaman qulaq asır və öyrənirəm.

- Eldəniz Məmmədov ən çox kimdən və nədən qorxur?

-Bir tək Allahdan başqa heç kimdən və heç nədən qorxmuram və ona görə də bacardığım qədər günah işlərdən uzaq olmağa çalışıram.

- Oruc və namaz insanı müsəlman edirmi?

- Gərək əməllərində müsəlman olasan.

- Məsləhət verməyə yoxsa qulaq asmağa üstünlük verirsiniz?

- Hər ikisinə.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 768