Siyasət
30.10.2015 / 12:21

Vergilər Nazirliyinə qarşı 867 iddia qaldırılıb

Vergilər Nazirliyinə qarşı 867 iddia qaldırılıbModern.az saytı ölkədə fəaliyyət göstərən ayrı-ayrı dövlət qurumlarının məhkəmə çəkişmələri ilə bağlı araşdırmalara başlayıb.

İlk müraciət etdiyi orqan Vergilər Nazirliyidir. İnform.az "Modern.az"a istinadən araşdırmanı təqdim edir:

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az saytına cavab olaraq bildirilib ki, bu ilin 9 ayı ərzində vergi orqanlarına qarşı qaldırılmış 867 iddia ərizəsinə baxılıb:

“2015-ci ilin 9 ayı ərzində inzibati-iqtisadi məhkəmələrdə (1-ci instansiya məhkəmələrində) vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış 906,9 mln manat məbləğində vergilərin mübahisələndirilməsi ilə bağlı 867 iddia ərizəsinə baxılıb:

“Mübahisələndirilmiş vergi məbləğinin 96,7 faizi vergi orqanlarının və cəmi 3,3 faizi vergi ödəyicilərinin xeyrinə həll edilib.

Apelyasiya məhkəmələrində vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış iddialar üzrə 2015-ci ilin 9 ayı ərzində 36,8 mln. manat məbləğində 198 iddia ərizəsi üzrə şikayətlərə baxılıb, mübahisələndirilmiş vergi məbləğinin 63,2 faizi vergi orqanlarının, 34,1 faizi vergi ödəyicilərinin xeyrinə həll edilib”.

Nazirliyin hazırladığı məlumatda qeyd olunub ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış iddialar üzrə eyni dövrdə 105 iddia ərizəsinə baxılıb:

“Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında 24,2 mln manat məbləğində 105 iddia ərizəsi üzrə şikayətlərə baxılıb.

Mübahisələndirilmiş vergi məbləğinin 87 faizi vergi orqanlarının, 13 faizi isə vergi ödəyicilərinin xeyrinə həll edilib.

Vergi orqanları vergi borclarının, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınmasını təmin etmək məqsədilə 2015-ci ilin 9 ayı ərzində vergi ödəyicilərinə qarşı 105,0 mln. manat məbləğində 3.799 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edib.

Bu dövrdə vergi orqanlarının iddia ərizələri üzrə vergi orqanına daxil olmuş 90,4 mln. manat məbləğində 4.093 qətnamə ilə vergi orqanlarının iddia tələbi 99,96 faiz təmin edilib.

Bu rəqəmlər ilin son 9 ayı ərzində vergi orqanlarına daxil olmuş qətnamələr üzrədir və təbiidir ki, onların bir qismi vergi orqanları tərəfindən 2015-ci ildən əvvəlki dövrlərdə verilmiş iddia ərizələri üzrə çıxarılıb”.

P.S. Bu iddialar içərisində ölkədə fəaliyyət göstərən xırda dükandan tutmuş iri holdinqlərə qədər adları olanlar var.

Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən, vergi ödəyicisinin fəaliyyətinə aid olan məsələlər yalnız onun razılığı ilə açıqlana bilər.

Baxış sayı: 287