İqtisadiyyat
30.10.2015 / 01:26

Belarus-Azərbaycan turizm forumu keçirilib

Belarus-Azərbaycan turizm forumu keçirilib Oktyabrın 29-da Bakıda 1-ci Belarus-Azərbaycan Turizm forumu keçirilib.

İnform.az "AZƏRTAC"-a istinadla xəbər verir ki, tədbir Belarus Respublikası Prezidentinin İşlər İdarəsi yanında fəaliyyət göstərən “SENTRKURORT” turizm şirkəti və Belarusun Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə təşkil edilib.

Forumda Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, “SENTRKURORT”, “Belaqrozdravnitsa”, “Prezident Otel 5*”, “Belavia” şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Onlar Belarusun turizm sənayesinə, sanatoriya-kurort potensialına dair təqdimatlar edəcəklər.

Tədbirdə çıxış edən səfir Gennadi Axramoviç forumun təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, qarşılıqlı turların təşkilinin vaciblyini vurğulayıb. O deyib: “Bunun üçün bütün imkanlar, o cümlədən birbaşa reyslər, hər iki tərəfin nümayəndəliyi mövcuddur”. Səfir bu forumun hər iki ölkədə turizmin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Belaruslu qonaqlar üçün Azərbaycanın tarixi və mədəniyyət adbidələri, turizm potensialı və onun ölkənin iqtisadiyyatında roluna dair videoçarx nümayiş etdirilib.

Belarus Respublikası Prezidentinin İşlər İdarəsi yanında fəaliyyət göstərən “SENTRKURORT”un turoperatoru müalicə-sağlamlıq turizmi haqqında “Belarusa dəvət edirik!” adlı sənədli filmin təqdimatını keçirib. Qonaqlar ölkələrinin tarixi yerləri, qabaqcıl və səmərəli sağlamlaşdırma metodları barədə ətraflı məlumat veriblər, sanatoriya-kurort xidməti haqqında geniş təkliflər təqdim ediblər.

Tədbirdə Azərbaycanın turizm potensialını təqdim edən 20-dən çox yerli turizm şirkəti iştirak edib.

Forum çərçivəsində Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və tədbir iştirakçıları jurnalistlərin suallarını cavablanırıblar.

Baxış sayı: 380