Şərhlər
29.10.2015 / 17:12

Minsk Qrupu missiyasında necə çaşdı?

Minsk Qrupu missiyasında necə çaşdı?
Aqil CAMAL / İnform.az


Onlar vədəsiz bir vaxtda gəldilər. Ölkədə bir tərəfdə şıdırğı seçki kampaniyası gedir. Parlament seçkisinin başlanmasına qalan vaxt artıq saatla hesablanır.
Digər tərəfdən, son günlərdə bəzi dövlət strukturlarında aparılan proflaktik tədbirlər, həmçinin, ölkədə azad sahibkarlığın dəstəklənməsi ilə bağlı verilən qərarlar səbəbindən gündəmimizdə maşallah, mövzu qıtlığı yoxdur.
Belə bir şəraitdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya səfər etdilər.
Ənənəvi səfərlərdən fərqlənməyən bu gəliş bir yönü ilə yadda qaldı. Həmsədrlər, bu dəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üçün onlara mandat verildiyini unudaraq, özlərini hansısa beynəlxalq humanitar təşkilatın, lap elə “Qırmızı Xaç”ın təmsilçisi kimi göstərdilər. Bir qədər də, ağsaqqallıq nümayiş etdirdilər.
Bu xüsusiyyət isə daha çox ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin simasında özünü büruzə verdi. O iddia edir ki, Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı bildiriblər ki, onlar öz xalqlarını müharibәyә deyil, sülhә hazırlamalıdır.
Onlar hesab edirlər ki, prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidir. Müraciət isə bundan ibarət olmalıdır ki, xalqlar sülhә hazır olsunlar. Və bir az da irəli gedərək bildirir ki, hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır".
Həmsədrlərin bundan sonrakı açıqlaması isə onların ATƏT-in Faktaraşdırıcı Missiyasının vəzifəsini də mənimsədiklərini göstərir.
Belə ki, həmsədrləri narahat edən digər məsələ qoşunların təmas xəttində atəşkəsin davamlı pozulması, bu zaman mina və raket qurğuları kimi ağır texnikadan istifadənin qəbuledilməzliyi vurğulanır. Səbəb kimi də, bu vəziyyətin dinc əhali üçün ciddi təhlükə yaratması göstərilir.
Yenə də, humanist açıqlama, humanist yanaşma.
Halbuki, yuxarıda qeyd etdiyim kimi, Minsk Qrupunun missiyası, prezidentlərin öz xalqları ilə necə danışmasını, kimin hansı silahdan və necə istifadə etməsini müəyyən edib, yol göstərmək yox, beynəlxalq hüquq normalarına, indiyədək BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həlli ilə bağlı çıxarılmış qətnamələrə söykənərək ciddi diplomatik fəaliyyət yürütməkdir. Əsas missiyanı bir tərəfə qoyub, başqa beynəlxalq təşkilatların fəaliyyət dairəsinə girişmək, bu qurupun uğursuzluğunun acı göstəricisidir.
Bu mənada amerikalı həmsədr Ceyms Uorlikin Bakıda verdiyi bir mesaj daha acınacaqlıdır. Diplomat bildirir ki, "Azərbaycan və Ermənistan xalqları bir-birini tanımaq üçün əlaqə yaratmalıdırlar".
Bu yerdə cənab Uorlikə xatırlatmaq yerinə düşər ki, biz o xalqı 1905, 1907, 1918 və 1988-dən bəri əlimizin içi kimi tanıyırıq. Daha tanıyacağımız bir yönləri qalmayıb. Əgər belə maraqlıdırsa, bir az da onlar tanısın. Bəlkə, bizi anlaya bilərlər...

Baxış sayı: 383