Mədəniyyət
28.10.2015 / 11:31

Daşkənddə mədəniyyət festivalı

Daşkənddə mədəniyyət festivalı Orta Asiyanın ən nüfuzlu ingilis dilli orta məktəblərindən olan Daşkənd Beynəlxalq Məktəbində Birləşmiş Millətlər günü ilə əlaqədar millətlərin mədəniyyət festivalına bu il maraq böyük olub. İnform.az-ın “SİA”ya istinadən məlumatına görə, festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri iştirak etmiş və onlar üçün ayrılmış otaqlarda hər ölkə öz mədəniyyətinə dair guşələr yaradıb.
Özbəkistandakı Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan otağına iştirakçılar böyük maraq göstəriblər.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin mədəniyyəti, milli suvenirlər, milli kəlağayılar, Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilib, milli mətbəximizi əks etdirən xörəklər, şirniyyatlar təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycanın turizm resurslarını təbliğ edən xüsusi videoçarx nümayiş olunub.
Tədbirin rəsmi açılışında Birləşmiş Millətlər Təşkilatı haqqında məlumat verilmiş və xalqlar arasında sülhün, inkişafın əldə olunmasında BMT-nin rolu vurğulanıb.
Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif ölkələri təmsil edən rəqs və musiqi qruplarının çıxışı olub.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı "Uzundərə", "Tello" milli rəqslərimizi ifa etmiş və Azərbaycan qızlarının çıxışı böyük maraqla qarşılanıb.

Aysel TALIBQIZI

Baxış sayı: 328