Sosial
27.10.2015 / 19:19

Kişilər ağıllı qadınlardan niyə qorxurlar

Kişilər ağıllı qadınlardan niyə qorxurlar
Kişilər ağıllı qadınları cazibədar sayırlar, lakin bu fikir onlarda zərif cinsin nümayəndələri ilə şəxsi tanışlığadək davam edir. Bunu Buffalo, Kaliforniyanın Lüteran və Texas universitetlərinin psixoloqlarının eksperimentləri sübuta yetirib.
İnfom.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqatda 105 kişi, habelə bir qrup qadın iştirak edib. Bütün iştirakçılara riyaziyyat və ingilis dili fənləri üzrə testdən keçmək təklif olunub. Sonra alimlər qadınların kişilərlə müqayisədə tapşırıqların öhdəsindən yaxşı və ya pis gəlmələri barədə məlumatları açıqlayaraq güclü cinsin nümayəndələrindən onları qiymətləndirməyi xahiş ediblər.
Əvvəlcə kişilər test tapşırığından daha yaxşı keçən qadınları daha cazibədar sayıblar. Kişilərdə belə qadınlar haqqında xoş təəssürat formalaşıb və onlara daha çox maraq göstərilib.
Lakin iştirakçıların şəxsi ünsiyyətindən sonra hər şey dəyişilib. Məlum olub ki, görüş vaxtı ağıllı qadınlar qarşı tərəfi bir o qədər cəlb etməyiblər. Kişilər onlarla məsafə saxlamağa çalışıb, telefon nömrəsini verməyə və ya görüş təyin etməyə daha az həvəs göstəriblər. Kişilərdə, həmçinin ağıllı qadınların daha az cəlbedici olmaları barədə fikir yaranıb.
Tədqiqatçıların fikrincə, eksperimentdə iştirak edən kişilər ağıllı qadınların onların kişilik heysiyyətinə toxunduğunu duyaraq, onlara olan marağı itiriblər.

Baxış sayı: 239