Şərhlər
27.10.2015 / 11:40

Televiziyada ədəbi dilin norma və üslublarının pozulması halları

Televiziyada ədəbi dilin norma və üslublarının pozulması halları
Nurlana NƏSİROVA / İnform.az


Son vaxtlar tez-tez eşidirik ki, Azərbaycanda yeni çəkilən serialların, reklam çarxlarının, dublyajların, hətta bir çox aparıcıların nitqi çox sünidir. Bunun səbəbi Azərbaycan dilinin doğru-düzgün istifadə edilməməsi, norma və üslubların tez-tez pozulmasıdır. Hətta ölkənin məşhur siyasətçiləri, aktyorları, aparıcıları da bu səhvləri edir. Demək olar ki, Orfoepik qayadalar kobud şəkildə pozulur, sözlər yazıldığı kimi ifadə olunur və bunun nəticəsində də dildə sünilik özünü göstərir. İllərdir ki, bu məsələ bütün dilçiləri narahat edir.
Azərbaycan Sovet hakimiyyətinin tərkibində olduğu illərdə, Rus dilinin dominant dil olduğu bir vaxtda dilimizə xələl gəlməmiş, xalq öz dilini qoruyub bu günədək təmiz, səlis şəkildə gətirib çıxarmışdır. Lakin son illərdə televiziya kanallarında orfoepik normalardan, üslublardan xəbəri olmayan insanlar tərəfindən dilimizin norma və üslübları kəskin şəkildə pozulur. Nəticədə dilimiz öz səlisliyini, təmizliyini günü-gündən itirir.
Müasir Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən biri kimi mükəmməl sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Bu üslublardan lazımı şəkildə istifadə olunsa nitq daha təbii ifadə olunacaq.
Bildiyimiz kimi hazırda televiziya kanallarında verlişlərdən çox reklam çarxları yer alır. Demək olar ki, ədəbi dil və normalar ən çox bu reklam çarxlarında pozulur. Burada sözlər necə yazılırsa elə də oxunur və yaddaşlarda da o şəkildə qalır. Diqqət yetirsək çox vaxt bu çarxlarda bədii, publisistik, rəsmi-işgüzar üslublardan istifadə edildiyini, lakin məişət üslubundan istifadə edilmədiyini görə bilərik. Reklam çarxları sırf gündəlik həyatla bağlıdır və qısa olduğu üçün orada işlədilən söz və ifadələr yaddaşlarda daha tez qalır. Ona görədə ən çox burada orfoepik normalara əməl edilməli, sözlər səlis şəkildə ifadə olunmalı, cümlələr sadə, başadüşülən olmalı və məişət üslübundan istifadə edilməlidir.
Televizorda baxarkən bunlara çoxları diqqət etmir, lakin süniliyi hər kəs hiss edir. Bir neçə reklam çarxında orfoepik qaydalara əməl olunmadan yanlış ifadə olunmuş sözlərə və onların düzgün oxunuş şəklinə baxaq:

Edib – [eliyib]
Bağışlayın – [bağışdıyın]
bir dəfəyə – [birdəfiyə]
eşitdiniz – [eşitdiz]
mənim kartımdır – [mənim kartımdı]
buların – [bunnarın]
gələcəyəm – [gələcəm]
məndən – [mənnən]
mümkündür – [mümkündü]

Hər gün efirdə olan reklam çarxlarında yüzlərlə belə ədəbi tələffüz normalarına (orfoepik normalara) əməl edilmədən işlədilən sözlər eşidirik və həmin sözlər çoxlarının yaddaşında elə də qalır. Nəticədə dilimiz öz təbiiliyini itirir. Buna görə də bütün reklam çarxları çəkilən zaman xüsusi dilçilər tərəfindən qiymət verilməli, düzəlişlər edilməli və daha sonra efirə çıxarılmalıdır. Bunun nəticəsində dildə təbiilik hiss olunacaq, kütlə bir çox sözü ədəbi tələffüz normalarına əməl edilmiş, düzgün formada yaddaşına həkk edəcək.
Azərbaycan dilindən həyatın bütün sahələrində daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsinə səylərin artırılması olduqca zəruridir.

Baxış sayı: 1259