BİZ
26.10.2015 / 15:37

Bizim yabılığımız

Bizim yabılığımız
Əbdürrəhim bəy Haqverdiyev

Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üç-dörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.
Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Köhlən atları qamçı ucu ilə qorxuzanda, yabının yambızına dəyənəklər ilişdirirlər ki, ikiqat olub açılır.
Müsəlman tayfası indiyədək yabılıqda olub, nə maarif arpasından və nə təməddün (mədəniyyət) samanından və nə tərəqqi otundan ona qarnı dolusu indiyədək verilməyib. Hər vəqt istəyiblər ki, köhlənlər yediyi axura bu da bir ağzını uzatsın, o saat başından dəyənək dəyib: Pobedonostsev, İlminski, Çirivanski, İqnatyev və bizim rəfiq Levitskitək dəyənəklər həmişə yabıların təpəsinin üstündə olub. Üç yüz il bu növ yabılıqda qalıb, indi özümüz isə yabıxasiyyət olmuşuq. Yabının xasiyyətinin biri budur: görürsən bir yabını bir neçə gün tövlədə bəsləyib saxlayandan sonra ki, havaya çıxartdın, yabı başlayır yerlə, göylə əlləşməyə. Bir növ özünü çəkir və bir növ nərə çəkib qışqırır ki, bir köhlənə müyəssər olmaya. Sahibi də görürsən şəkkə də düşür, deyir, yəqin elə bu köhləndi, ancaq səhv eyləyib mənə bunu yabı adına satıblar.
Yabı sahibi onu çox əziyyətlə hərləyir və çox çətinliklə minir üstünə. O saat yabı yel tək götürülür. Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu.
Biz də yabılığımızı bir ayrı işlərdə büruzə veririk. Məsələn, neçə nəfər şəxsin xəyalına bir mənfəətli cəmiyyət bina qoymaq düşür. Başlayırlar qəzetlərdə qışqırmağa, dəvətnamələr göndərməyə. Görürsən həqiqət cəmaət yığıldı, çox da ürəklə yığıldı. Gözəl nitqlər söylənildi. Başladılar pul yığmağa. Çoxluca pul da yığıldı. Ay ötdü, il dolandı. Sədri-cəmiyyət yazıb cəmaəti ümumi yığıncağa dəvət eylədi. Görürsən o yığıncağa ancaq üç cüt, bir tək adam gəldi. Yığıncaq başa gəlmədi. Dübarə təklif eylədilər. Yenə həmin qərar.
İllik (üzvlük) pulunu vermək vəqti gələndə əvvəl üzvlərin yüzdən otuzu pul verir, sonra yüzdən iyirmisi, axırı heç kəs vermir və cəmiyyət də əriyir, əriyir, axırda çöpə dönür.
Qəzet vermək istəyirik, yenə həmçinin. Qızğın, görürük, iştə nitqlər söyləyirik. Sair şəhərlərdən, pud-pud nəsr və şeirlə təbriklər gəlir. Qəzet bir il, ya altı ay gedir. Axırda ya “Təkamül” tək bağlanır və ya müdiri qapı-qapı düşüb müştəri yığır. Bizim də bədənimiz köpüklənib, bu növ yabılığımız sübut olur.
Bir az da “Nicat” cəmiyyəti-xeyriyyəsindən danışaq. Bu cəmiyyət açılan vəqt həmçinin cəmaət çox hümmət göstərib. Min manatlar, beş yüz manatlar və yüz manatlar yağış tək yağıb. Amma indi bir il tamam olmamış orada da yabılıq göstərdik.
May ayının dördündə məclisi-ümuminin yığıncağı təyin olunmuşdu. O günü cəmaət gəlməməyinə görə məclis qaldı ayın on birinə. O günü həmçinin ikiminci məclisdə mən də var idim. Bir məsələ müzakirə olunandan sonra sədr yığıncağın axır rəyini soruşanda idarə üzvlərindən biri məlum elədi ki, burada qalan ancaq idarə üzvləridir, məclis üzvləri bir-bir dağılıb gedib. Ona görə yığıncaq qalıb bu gün cümə günü ayın on səkkizinə. Görək bu gün nə tövr keçəcək.
İndi cəmaətə iki söz ərz eyləyim: cəmaət! Bir dürüst fikir edin, yabı olmaq insan sifəti deyil!

Baxış sayı: 526