Şərhlər
26.10.2015 / 12:50

İnsan fərqli ölər göy üzündə

İnsan fərqli ölər göy üzündə
Kamilə OSMANLI / İnform.az

Nəyi xatırladır görən göy üzü insana?
Həyatı boyunca yaşadığı əzab-əziyyətimi, yoxsa yaşadığı bir-iki xoşbəxt anısınımı?.. Görəsən, bütün bunları uşaqlara nə xatırladır? Böyüyüb səmaya toxunmaq istəyinimi, yoxsa sadəcə təyyarələrin üzərində uçuşduğu yerimi? Nəyi xatırladır görən aşiqə? Gedəcəyi yerlərimi, yoxsa gəldiyi torpağımı?..
Hər kəsə fərqli gələr göy üzü... Səma, sadəcə buludların toplaşdığı yer, Tanrının da arxasında qorunduğu pərdə deyil məncə…
Hər insan fərqli baxar göy üzünə. Bu gün bir uşaqdan soruşdum: “nədir göy üzü” - deyə. Yuxarı baxaraq: “yağışın toplandığı yer” - dedi.
Hər kəs fərqli sevər göy üzünü... Dünən bir yaşlı qadından soruşmuşdum. O da: “getmək istədiyim tək yerdir” - dedi.
Hər kəs fərqli üzər göy üzündə… Evə gəldim, yenə səmaya baxdım. Düşündüm, nədir göy üzü? Düşündüm ki, bizə sonsuz görünən bu varlıq əslində kiçik bir hissədir. Hər insan beynindəki düşüncə ilə başını göyə qaldırar. Sonsuz uzanan bir mavini görər sadəcə, arada ağların da qarışdığı bir mavini… Həqiqətəndəmi bəsitdir bu qədər, həqiqətəndəmi düşünməyə, uzun-uzun baxılmağa dəyməz göy üzü? Qısadır səmalar, onu sonsuz edən baxışlardır. Baxmaq üçün isə başımızı deyil, qəlbimizi qaldıraq. Yenə də eyni şeyimi görərik görəsən? Əlbətdə ki, yox. Çox uzun zaman müşahidə etdim səmanı. Axtardım Tanrını, nə qədər baxdım görə bilmədim. Axtardım mavini, yenə görmədim, yenə də baxdım, axtardım sonsuzluğu yenə də tapmadım. Döndüm qəlbimə, məgərsə hamısı burdaymış. Baxmağa çıxarkən yanıma qəlbimi almadığımı gördüm sadəcə. Yenə də hər insan qəlbi qədər duyar, qəlbi qədər görər…
Sadəcə insan bir-birinə qarışmış rənglərlə dünyamızın üzərini örtən səma altında dənizi görməlidir. Görəsən, sevirmi səma dənizi? Görəsən, dəniz nə düşünür göy üzü haqqında? Görəsən, insanlar sevirmi onları sonsuzluqlarıyla...
Bəlkə də göy üzü və ya səma deyə adlandırdığımız bu məkan elə yerin özüdür? Biz uçuruq, quşlar oturur bəlkə də... Sadəcə sənin nə düşündüyün önəmli… Azadlığımızın, ruhumuzun simvolu...
Öldükdən sonra ruhun göy üzünə qarışdığına inanıram. Bəlkə ona görə sonsuzdur, bəlkə hər ruh səmaya birləşdikcə bir səma daha əmələ gəlir. Amma Tanrı həqiqtən yuxarıdadırsa, onda yuxarı içimizdə gizlidir. Bir yerə tıxılıb qalsa belə insan, yenə də səmanı dolaşar, dənizləri öpərdi. Sevər hər insan göydən gələn yağışı, sevər hər insan torpağa qarışacağı üçün yağışdan sonrakı torpaq qoxusunu... Hüzurlu olmaq üçün dünyanı gəzməyə gərək yoxdu. Oturarsan göy üzünün altında, hüzünlənərsənsə baxdığında tutqun, xoşbəxt baxarsansa sonsuzluğu görərsən. Baxdıqca aşiq olarsan... Görəsən Tanrı da bu qədər sevirmi məni? Bunu bilmək üçün sadəcə özünü sev. Özünü sənə bütün qüsurlarınla sevdirən qəlbindəki Tanrıdır. Hər insan fərqli boğular göy üzündə. Əgər yaşantım sadəcə basdığım torpaq və baxdığım göy üzü qədər bəsit deyilsə, mən göylərdə öləcəm və yerə enəcəm. Məncə, hər insan həqiqi ölümə çatmamış bir dəfə bu hüzuru dadmalıdır.
Və hər insan fərqli ölər göy üzündə. Kimisi baxdığında sadəcə təyyarələr görərək, kimisi də öz keçmişinin əksini görərək...

Baxış sayı: 506