Baş xəbər, Şərhlər
26.10.2015 / 11:32

“Dövləti dövlət edən xalqdır, xalqın birliyidir”

“Dövləti dövlət edən xalqdır, xalqın birliyidir”
Xalidə Xalid / İnform.az


Bu yazım 29.04.2015-cü il tarixində Moderator.az saytında yayımlanmışdı. Həmin dönəmdə xaricdəki “qara qüvvələr” I Avropa Yay Oyunlarında qazana biləcəyimiz uğurlarımızı öncədən hiss edərək, onu həzm edə bilmədikləri üçün ölkəmizə qarşı “qara piar” kampaniyasına başlamışdılar.
Dövlətimizə öz içimizdən qənim kəsilənlərin əməllərinə qarşı zamanında susub, həmin şəxslərə ölkə rəhbəri tərəfindən verilən reaksiyadan sonra dil-dil ötənləri müşahidə edərək, həmin yazının bu gün üçün də aktual olduğunu düşündüm. Və məqaləni İnform.az-ın dəyərli oxucularına təqdim etməyə qərar verdim:

“Son günlər yenə gündəmi xəyanət girdabı mövzusu bürüyüb. Azərbaycan gücləndikcə düşmənləri qapıldıqları həyacanı daha açıq biruzə verməyə başlayıblar. Azərbaycanın və azərbaycanlıların qüdrətini dünyaya növbəti dəfə nümayiş etdirəcək tədbirin, yəni I Avropa Yay Oyunlarının astanasında müxtəlif daxili və xarici qüvvələr “qara piar” kampaniyalarına əl atıblar. Hələ xariciləri qoyuram bir kənara, daxilimizdə düşmən dəyirmanına su tökənlərdən danışaq.
Çox qəribədir, niyə biz hələ də ümümxalq, ümümdövlət məsələlərini, şəxsi, ölkədaxili məsələlərlə səhv salırıq? Bu idman oyunları nə qədər ölkə daxilində çətinlik yaratsa da, bir şeyə görə səbrlə, təmkinlə uğurlu iş ortaya qoymaqdan vaz keçməməliyik. Bu da bizdən pay qoparmağa və bizi bir-birimizə düşmən etməyə hazır olan qüvvələrdən qorunmaq üçün lazımdır.

Öz adımdan deyə bilərəm ki, mən fərd olaraq deyil, xalq olaraq mövcudluğumu hiss edirəm. Mən xalqımın vüqarına, qüruruna, vətənpərvərliyinə əmin olaraq özümü “Mən” yox, “Biz” olaraq görürəm. Və inanıram ki, cəmiyyətimizin belə düşünən insanları kifayət qədər çoxdur. Lakin həmin insanlar belə “qara piar” kampaniyalarının alətinə çevrilən cahil, düşüncəsiz və şüursuz davranan digərlərini də oyatmalı və vaxtında millətimizi də, dövlətimizi də belə məkrli maxinasiyalardan qorumalıdırlar. Bir millətin varlığı və davamlılığı üçün güclü bir dövlətə sahib olması zəruridir.
“Dövləti dövlət edən xalqdır, xalqın birliyidir”
Tez-tez dövlət haqqında maraqlı olan fikirləri, saytları nəzərdən keçirirəm. Dünən də maraqlı bir bloga rast gəldim- Dövlət haqqında blog.
Mövzuyla üst-üstə düşdüyü üçün oradan bəzi fikirləri sizinlə də paylaşıram:
“Əgər bir cəmiyyətdə mənfəətpərəstlik yayılarsa, üsyan və qarşıdurma məqbul olaraq görülərsə və hörmət və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən tərbiyə və əxlaq durur. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda ifadə etdiyimiz pis əxlaq xüsusiyyətləri bir cəmiyyətdə məşhurlaşarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan qalxmağa başlayar.”
Bəli, dövləti dövlət edən xalqdır, xalqın birliyidir. Dövlətin dünya əhəmiyyətli məsələlərində xalqına güvənməsidir əsil dövlətin böyüklüyü.
Sosial şəbəkələrdə həm də tez-tez müxtəlif qruplarla rastlaşıram:
“Mənim prezidentim İlhamdı”,“İlhamla irəli”, “İlhamla nurlu gələcəyə” və s. Və yaxud da ki, gündüz iqtidar, gecə müxalifət olan bəzi “vətənsevər”lərin sicilləmə statusları nəzərimdən yayınmır. Sual vermək istəyirəm ki, bu insanlar məhz belə təhlükəli dönəmlərdə öz vətənpərvər, millətsevər əməlləriylə Azərbaycan prezidentinin yanında olmağı bacarırlarmı?
Məncə, onların hər biri gündəlik həyatlarında dövlətinə, hökümətinə, vətəninə sadiq olan, sədaqətli vətəndaşlar olsalar, sevgilərinin səmimiliyinə prezident də inanar.
İlham Əliyevin iqtidarından, müxalifətindən asılı olmayaraq ölkənin xeyrində də, şərində də dövlətinin yanında olmağı bacaran həmvətənlərinə ehtiyacı var.
“Dövləti dövlət edən xalqdır, xalqın birliyidir”
İlham Əliyevin bu ölkəyə, bu dövlətə hər halıyla bağlı olan, düşmən dəyirmanına su tökməkdən yan qaçan, “xarici qüvvə olmur kim olur olsun, təki İlham Əliyevin düşməni olsun, ona zərbə vursun” təfəkkürü ilə qara niyyətli qüvvələrin verdikləri kirli pullardan uzaq olan, səmimi, qeyrətli vətəndaşlara ehtiyacı var...
Bir sözlə, İlham Əliyevin yalançı təriflərə, süni sevgi reklamına deyil, səmimi vətəndaş sədaqətinə ehtiyacı var.
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan kimi multikulturalizmə açıq, fərqli dinlərə, irqlərə tolerant yanaşan bir ölkədə pərakəndəlik yaradıb, dağıdıcı inqilablara yol açan qüvvələrin əlində heç bir azərbaycanlı alət olmamalıdır. Bunun üçün gəlin vətənpərvərliyimizi, milllətsevərliyimizi dildə yox, əməldə münayiş etdirək.
İnanıram ki, I Avropa Oyunları zamanı Azərbaycana gələcək əcnəbilər azərbaycanlıların sahib olduqları müsbət keyfiyyətlərin yarısı ilə tanış olsalar, heç bir “qara piar” Azərbaycanın dünyadakı müsbət imicini sarsıda bilməz”

Baxış sayı: 1138