Şərhlər
24.10.2015 / 12:15

Əyləncə və azadlıq, aşağı səviyyədə zövqlərə qulluq etmək anlamına gəlmir…

Əyləncə və azadlıq, aşağı səviyyədə  zövqlərə qulluq etmək anlamına gəlmir…
Murad AHİZ / İnform.az


Yanlış yola çıxmaq, heç bir yola çıxmamaqdan zərərli deyil. Amma nəticələr baxımından kifayət qədər də zərər verə bilər.
Bütün intelekt sahiblərinin məqsədi oxuyan, düşünən , azad ruhlu insanların, stereotipləri yıxacaq yeni düşüncə sahiblərinin yetişdirilməsidir. Və hər gün bloglarda, saytlarda bu sahədə onlarla yazı, məqalə çap olunur. Bu onlarla yazılanlar sadəcə “öyrənən”lərə kömək edir. Az sayda insan yeni düşüncəyə sahib olmağa can atır. Və yaxud da bu yazılar az sayda yetişmiş insanları itirməməyə xidmət edir. Pis tərəfi isə on bir illik təhsil və əsl yetişdirilmə vaxtında fərdi müəllimlərin sərbəst buraxdığı deyil, güclə özünə tabe etdiyi, orta məktəbi zəhm, ali məktəbi isə qiymət qorxusuyla, itaət sindromuna sürükləyib cəmiyyətə “cəhalətə itaət edən” bir nəsil bəxş edilir.
Bəzilərimiz anlayırıq bunu, anlamağımız başımıza dərd olur. Bəzilərimiz isə anlamırıq, amma özümüzü anlamış kimi göstəririk, beləliklə bu da cəmiyyətin başına dərd olur.
Kiçik haşiyə çıxaq:
Ən maraqlısı isə on bir illik təhsili başa vuran insanların çoxundan Mirzə Cəlilin, Sabirin, Seyid Əzimin haqqında soruşsan, onların adlarını xronoloji ardıcıllıqla əzbər deyəcəklər. Onlarda da günah yoxdu axı, müəllimləri də eləcə bu ardıcıllıqla, onların haqqında ətraflı məlumat vermədən əzbərlədiblər. Bu da onu göstərir ki, aradan əslər keçməsinə baxmayaraq Cəlillər, Sabirlər və digər zəka sahiblərimizin əsərləri aktual olaraq qalacaq. Yeni yetişən üç-beş nəfər varsa da, onların bəsit dilini anlamayan “xronoloji”lər bunları heç anlamayacaq.
“Kütləvi şəkildə “oxu” həştəqiylə aparılan, savadlanmağa doğru gedən təbliğat nə dərəcədə özünü doğrulda bilir?” sualı ilə qarşı-qarşıya qalıram bəzən.
Bir neçə vaxtdır apardığım müşahidələr hər gün, hər ay oxucu sayının artdığını göstərdi. Sadəcə olaraq oxucu sayında olan parçalanmalar bu sayı gizlədir, biruzə vermir. Bu “parçalanma” nədir? Hər gün artan sayt, blog və səhifə bolluğu internet üzərində oxucuları parçalayır. Bir gündə orta hesabla vaxt ayırıb beş ədəbiyyat saytını ələk - vələk etmək olar. Daha artığına vaxt ayırmaq üçün gününü virtual dünyada keçirməlisən. Bu isə həyatın axarını ləngidir. Və yaxud, bəzən çoxlarının şikayətləndiyi kitab oxuma məsələsi də eyni vəziyyətdədir. Gəncliyin çoxu artıq kitabları “android” programlarla, “telefon”, “notebook” və ya “book reader” və s. vasitəsilə oxuyur. Kitab satışı kitab oxunma faizində aldadıcı rol oynayır.
Gözdən qaçan bir şey də var, külli miqdarda əhəmiyyətli və ya əhəmiyyətsiz, fərq etməz informasiya axını köhnə nəslin “gözünü açır”. Yeni nəsil isə fərqli tərzdə - köhnə nəsli tam bir təzad içində yetişdirir. Bəs bu əhəmisyyətsiz və ya əhəmiyyətli informasiyanın, “korkoranə oxuyan çoxluğ”a çevirdiyi insanlar necə etsin ki, düzgün istiqamət götürsünlər? Müşahidələrimdə bu suallar içində çırpınan neçə insanla qarşılaşdım. “Nə üçün oxuyursunuz?”, “Əsas kimləri oxuyursunuz?”, “Hansı əsərləri oxuyursunuz?”kimi suallarla bunu da araşdırmağa çalışdım.
Klassikləri oxumağa başlayanlar və ya çoxdan oxuyanlar mükəmməl insanlara çevriliblər. Həm düşüncə, həm ciddi oxuculuq baxımından .
Günlük ədəbiyyat nümunələrini oxuyanlar – hansı ki, bəziləri ortaya çıxdığı andan etibarən zamana qarşı sözünü deyir və klassikə çevrilir, bəzilərisə “günlük ədəbiyyat” olmaqdan o tərəfə addımını ata bilmir – boşluq və kor-koranəlik içindədirlər. Bunun da əsas səbəbi oxucu axınına necə gəldi, həvəslə deyil, istəklə deyil, sadəcə “dəb” olsun deyə qoşulanlardır. Bunların içərisində düzgün prinsiplərlə böyümək, yetişmək və şəxsiyyət olaraq cəmiyyətə qarışmaq da önəmlidir.
İndi isə bu parçalanmış problemin əsas köklərinə nəzər salaq. Düzgün oxuma və düzgün yetişmə üslubu necə yol keçir, baxaq. Keçmış sovet dönəmində tam olmasa da, az da olsa prinsipə riayət edilirdi. Dünya uşaq ədəbiyyatı nəşrləri içərisində - böyük külliyyatlar – “Qulliverin səyahəti”lə, “Robuinzon Kruzo”suyla, “Baron Münhauzen”lə, “Karlso”la, “Başsız atlı”yla, “Ulanşpigel”lə, “Skandinav nağılları”nın qəhrəmanlarıyla və s kitablarda uşaq beyni özü artıq şüuraltından obrazları çıxarıb, yeni obrazlar xəyal edəcək gücə gəlirdi. Beynin şaxəli baxış bucağına keçid etməsi üçün şərait yaranırdı. Artıq beyin bunlardan doyanda ikinci seriya “mən də varam” deyirdi.
Klassiklər “Dünya ədəbiyyatından seçmə” lər...
Əyləncə və azadlıq, aşağı səviyyədə  zövqlərə qulluq etmək anlamına gəlmir…
Klassikləri təhlil edən beyin “acıraq”artıq yeni şeylər axtarır. Bu zaman üçüncü mərhələdə Kant, Nitse, Russo, Sartr, Gourmont və b. artıq beynin köməyinə çatır.
Bu üç mərhələyə bölünməkdir.
Bu gün isə oxucu hardan başlayıb, harda bitirəcəyini, ən əsası da bu oxuduqlarının onlara nə verəcəyini bilmir! Bu ciddi bir problemdir - səbəb oxuduqlarının real işlərlə uyğunlaşmamasıdır.
Həmin seriya əsərlər Sovetdən sonra müstəqillik dövründə də latın qrafikasına çevrilib, yayılıb. Əlavə olaraq da davamlı pis vəya yaxşı tərcümələr olunur. Tərcümələr də iki qütbdə aparıldığına diqqət edək.
Çox nəşriyyatlar “fərdi inkişaf” adı altında biznes yönlü, əsla fərdi inkişaf etdirməyən, (bu kitablar içində istisnalar da az deyil)nəşrləriylə, köhnə amerikan filmlərində necə ki ”Van Damm”, “Rembo” ya baxıb bəzi insanlar qoluzorluluğu bir şey sanaraq korkoranə idman zallarını doldururdularsa, bu kitabları oxuyanlar da özlərini hansısa iş adamına bənzədib, guya onun xəttiylə gedib birşey əldə edəcəklər kimi, özü olmaqdan , həqiqi fərd olmaqdan uzaqlaşıb “çəkilmiş yol”a üz tuturlar (bu başqa mövzunun geniş araşdırmalı problemidi) .
İkinci xətt –digər nəşriyyatlar isə sırf psixoloji, fəlsəfi, sosioloji ağırlıqlı əsərləri az da satsalar, qazanc əldə etmək məqsədi güdmədən bəzən iflasa doğru getsələr belə, yenə təkidlə tərcümə və nəşr edirlər.
Bu aşağıda sadaladığımız mərhələnin üçüncü hissəsinə aiddir :
1. Uşaq ədəbiyyatı seriyası
2. Klassik romanlar
3. Fəlsəfi, psixoloji, sosioloji əsərlər toplusu

Oxucu istədiyi kitabı əlinə alarkən, artıq əsərlərə dörd yöndən baxa bilir:

1. Hadisələrin gedişatı, 2. Psixoloji, 3. Sosioloji, 4. Fəlsəfi.

Bəs bu beyində fərdlərin yetişməsi prosesi necə getməlidir?
Şəxsiyyətin bir azad fərd olaraq həyatla qarşı-qarşıya gəlmə anı on səkkiz yaşdan başlayırsa, deməli, bu proses bu yaşdan aşağıda reallaşmalıdır. Bunun reallaşması üçün də ağır proqramların əzbərlədilərək imtahandan keçirilən, amma qətiyyən qalıcı bir şey olmayan təhsil sistemində dəyişikliyə getməliyik. Əgər bir insan həyata atılanda sadaladığımız dörd yöndə hadisələri analiz edə bilməyəcəksə, o cəmiyyət hələ çox ağrılar çəkəcək. Elə orta məktəbdən başlayaraq bu reforma getmək lazımdır. Fərd orta təhsili bitirəndə ən az hadisələri beş üstəgəl (necəki aldadıcı qiymət veririk 5+) baxış bucağı altında şərh etməyi bacarmalıdır. Daha fiqura dönmüş bəzi təhlilçi sənətçilərin musiqilərini qeyri adi həzzlə dinləyən, əyləncə adıyla oyunbazlıq edən teleaparıcıları dörd gözlə izləyən məxluqata çevrilməməlidir. Əyləncə və azadlıq “oyunbazlıq” anlayışı deyil.

Baxış sayı: 764