Şərhlər
24.10.2015 / 11:56

Boz qurd meymuna qalib gəldi

Boz qurd meymuna qalib gəldi
Xanəmir TELMANOĞLU / İnform.az


Bildiyiniz kimi,
Bildiyiniz kimi...
Bildiyiniz kimi, elmi işlərimlə bağlı elmi rəhbərim olan Qoca Qurdla görüşməliyəm. Ona akademiyada Qoca Qurd deyirdilər. İlk dəfə onunla tanış olub sonra da ləqəbini eşidəndə, həmən ağlımın köşə-bucağından keçirdim ki, niyə də qoca meymun olmasın. Nədən qoca qurd?! Sonralar onunla tanışlığımızı xəyalıma gətirəndə, fikirləşdim ki, mən necə də uzaq vuran toplar kimi uzağı görənin biriyəmmiş. Sən demə, meymunlar haqqında topladığım bilgilər və apardığım araşdırmaların ən gözəl yeri, onlarla bağlı leksikonumuza yeni sözlərin, ifadə və söz birləşmələrinin də daxil olmasına xidmət etməyim olacaqmış. Ona görə də işlərimi paralel davam etdirməkdə qərarlıydım. Zaman keçdikcə üzərində meymun rəsmi olan dəftərçəmdə, tapdığım, əldə elədiyim, öz halalca istedadım doğrultusunda bulduğum xeyli sözlər, birləşmələr yer alımağa başlamışdı. Ola bilsin ki, bu minvalla, Azərbaycan türkcəsinin meymunlar ləhcəsinin lüğətini gələcəkdə tərtib edə bilim. Bir daşla iki quş buna deyirmişlər...
Bu gün,
Bu gün...
Bu gün elmi rəhbərimlə görüşməyimin bir səbəbi vardı. Mən ona demək istəyirdim ki, ey Qoca Qurd, türklər deyir, biz qurddan törəməyik. Özlərini meymuna yaxın buraxmırlar. Ancaq baxıram qurdluqdan bir əsər-əlamət qalmayıb bizdə, başdan-ayağa meymun olub getmişik. Haramıza baxsan, meymunluq yağır. O da qayıtdı ki, bizlər qurd oğlu qurdlarıq. Bizim mifologiyamızda törəyişimiz boz qurdla bağlıdır. Boz qurd müqəddəsdir. Söz altda qalmadım:
- Ustad, - dedim, - meymunu da müqəddəs sayan xalqlar var. Birisi də ilanı, birisi də dəvəni, birisi də eşşəyi müqəddəs hesab edir. Bu gedişlə, bütün yaratıqlar müqəddəsdir. Bircə, bu heyvan oğlu insan, bağışlayın, meymun oğlu insan müqəddəs deyil də.
- Yox, oğlum, elə demə. (Mənə elə müraciət elədi ki, sanki qəlbinə toxunmuşdum) Əsas odur ki, kim hansı heyvanı sevir, hansı heyvana öz kökünü, ərdəmini bağlayır, bax, gerçək budur.
- Başa düşürəm ey ustad sizi, demək istəyirəm, bütün bu yaratığın əksəriyyəti xasiyyət və suymuna görə meymunlara daha çox oxşayır. Yoxsa mənim nə işim var ki, özünü caqqala bağlayan, itə calayan, şirə düyünləyən bir toplumu aparıb da meymuna pərçimləyən. Mənim belə əllaməçiliklərlə əsla işim olmaz.
Gördüm ki,
Gördüm ki...
Gördüm ki, ustadın tələsən yeri var, bir yandan da başladığımız mövzu heç bitəsiyə oxşamır, həmən sağollaşdım. Fikirləşdim ki, ustadın beyninə virusu yeritdim artıq. Elmi işimin məğzin elədiyimiz bu qurd-meymun şirin-şəkər söhbətinin istiqamətinə də yönəldə bilərəm. Həm də mövzuya bir az da fəlsəfi çalar qazandırmış olaram. Nədənsə bu an, eləmə tənbəllik, ustadla söhbətimiz baş vermiş bir hadisəni canlandırdı yaddaşımda. Deyəsən, meymun müqəddəs heyvandır, sən öl. Adını çəkən kimi, şappadan dürlü-dürlü fikirləri, hadisələri yaddaşına qolazlayır. Sən də bala-bala saytların köşə guşəsinə bəzək vurursan. Hə, 1996-cı ildə, indi olmasın, türklərlə yunanlılar arasında Kardaq Qayalıqları üstündə bərk qarşıdurma yarandı. Yunanlılar Kardaq qayalıqlarını əldə eləmək üçün əvvəlcədən ora top, tüfəng, silah sursat deyil, nə aparsalar yaxşıdı, öz totemlərini, keçini buraxırlar adadakı bomboz qayalıqların arasına. Yunanlılar ağıllı xalqdır. Ağzında fəlsəfə deyirsən. Görürsən harda, nə vaxt fəlsəfə öz işini görməyə başlayır. Yunan bu savaşa öz totemiylə, mifiylə, fəlsəfəsiylə çıxım derkən, nə olsa yaxşıdır. Sən demiyəsən türklərin bir boz qurdu orda oturub o gözəl keçinin yolunu gözləyirmiş. Türkün də inancı inancdı ha. Hər iki tərəfin əsgərləri qayalıqlara yaxınlaşanda, baxıblar ki, keçidən geriyə qalan gerçəkdən iki buynuzdur. Yunanlılar geri çəkilib, qayalığı türklərdə qoydular. Boz qurd qalib gəlmişdi. Savaşan millətlər, ölkələr deyil, millətlərin, ölkələrin savaşını, mübarizəsini 20-ci əsrin sonunda simvollar, totemlər, inanclar bütün məsuliyyəti ilə öz üzərinə götürüb, layiqli şəkildə həll etmişdilər! Bunu birmənalı şəkildə qəbul etmək gərəkirdi.
Hə, elə o zamanlarda,
Hə, elə o zamanlarda...
Hə, elə o zamanlarda, bəndəniz də minlərlə gənc kimi Bosfor boğazının qıyısında bu savaşın gedişatını izləyirdik. Onda dostum qayıtdı ki, səncə, bu yunanlılar keçinin yerinə Kardaq Qayalıqlarına meymun buraxsaydılar, indi türklər qalib gələ bilərdimi? Yaxud, sonuc necə olardı? Doğrusu, dostuma dolğun bir cavab verdiyimi zənn etmirəm. Qələbə eyforiyasından elə şişmişdim ki, ətrafı görmürdüm. İndi bu barədə düşünərkən, mənə elə gəlir ki, əgər keçi meymunla əvəz olunsaydı, yəqin qurdu yoldan çıxarıb başını qatmaqla məşğul olacqdı. Belə yerdə deyirlər ki, bəzən öz keçmişinə belə sırım-sıklam sarılmaqdansa, get, bir başqasının, məsələn hindlinin keçmişinə bağlan, inan, bağır bas, (öz fəlsəfənə inanınca, get hindlinin metafizikasına səcdə elə) gəlib də hansısa qəfil bir krizisdə, qarşıdurmada iki buynuzunla qayalıqların arasında ellərə görk olma.

(ardı çox maraqlı olacaq)

Baxış sayı: 923