Şərhlər
24.10.2015 / 10:57

“Arvad kimi qorxaq” deməyin!

“Arvad kimi qorxaq” deməyin!
Pərvanə NƏHMƏTQIZI / İnform.az

Azərbaycan qadınının böyüklüyünə, fədakarlığına verilən qiymətə kölgə salmayın!

Tanrı insanı iki cinsdə yaratdı: kişi və qadın olaraq. Bədən üzvlərimizin sayını da, hiss etmə, duyğu bilmə orqanlarımızın sayını da eyni yaratdı. Birini digərindən fərqli yaratmadı. Doğulanda hamımız biri-birimizə bənzəyirik: üz, bədən quruluşumuz, ağlamağımız, gülüşümüz- hər şey demək olar ki, eyni olur. Zaman, aylar, illər keçdikcə dəyişirik, özümüzü tapırıq, özümüz oluruq: seçdiyimiz yolla, qazandıqlarımızla, xarakterimizlə, tərbiyəmizlə. Yaxşı və ya pis. Bütün bunlar bizim ətrafa, ətrafdakılara, dünyaya münasibətlərimizi idarə edir.
Tanrı bizi kişi və qadın olaraq iki cinsdə yaratdı: bir-birimizə dayaq olaq, dünyanı gözəlləşdirək, könüllərimizi sevindirək deyə… Qəlb qırmamağı, insanları sevməyi buyurdu bizə. Amma bacarmırıq, qırırıq. Özü də tez-tez.
Bilmirəm fikir vermisiz, ya yox, çox zaman insanlar özünün dürüstlüyünə kimi isə inandırmaq istəyəndə, hünər göstərməyə çalışanda “kişi kimi söz verirəm”, “mən kişi oğluyam”, “mən kişi qızıyam” deyir. Amma xoşagəlməz hərəkət edən, çətin işlərdən qaçan, elə sözündən də qaçanlara isə “arvad kimi qorxaq ” və ya “ ay kişi, arvad olma” deyilir... və bu kimi bir çox bənzətmələr. “Filankəs arvad kimi qorxaqdır” deməklə, fikirlərini doğru ifadə işlədir, loru dillə desək, ürəklərindən tikan çıxarırlar sanki. Düşünülə bilər, “burda nə var ki?” İnanın, mövzuya qadın olduğum üçün toxunmadım. Tez-tez qarşılaşdığımız belə xoşagəlməz hallar artıq stereotipə çevrilib. Axı niyə bəzən hansısa kişilərin elə hansısa hərəkəti, danışığı xoşa gəlməyəndə qadınlarla müqayisə edilməsinin gərəkliyinə ehtiyac duyulur? Bax, mən bunu kəsdirə bilmirəm. Bunu hansı əsasla, hansı fakta görə dilə gətirirlər, bax bunu da bilmirəm. Bu müqayisə, bu yanaşma, bu ifadə kişilərin ağlına hardan gəlib, beyinlərində necə formalaşıb görəsən? O qədər oturuşub ki, dillərinə, beyinlərinə bu düşüncələr. Sanki genetik olaraq nəsildən-nəslə ötürülür: “arvad kimi danışma”, “arvad kimi qorxaq olma”, “arvad kimi...” Bu ifadələrlə əslində qadını aşağıladıqları, təhqir etdiklərinin fərqində deyillər görən? Fərqində olmadıqları qənaətinə gəlməklə “boş ver” demək istəyirəm. Amma könül sındırmağın qarşısını almaq, islah yolu bu deyil axı. Hərçənd ki, cəmiyətdə hər iki cinsdən əlbəttə ki, pislər var. Amma bu, yersiz, ümumiləşdirici bənzətməyə rəvac vermir axı.
Qorxu əvvəla insanın ruh halıdır; yerinə görə, məqamına görə mənası da, çəkisi də dəyişir. İkincisi, bənzətmə obyektiniz olan “qorxaq arvad” ən başlıcası anadır, həyat yoldaşıdır, bacıdır, gəlindir, ailənin namusudur. Bəli, o, yeri gələndə elə qorxur ki: ailəsinin dağılmasından, yanlış anlaşılmasından, aldadılmasından, atılmasından, dəyər verilməməsindən, tənhalıqdan və s. Bir sözlə, qadınun qorxusu da, gözəldir, qiymətlidir. İçindəki bir dünya sevgisi ilə, hörməti, mətanəti, fədakarlığı ilə, ailəcanlılığı ilə. Bütün bunlarla başqa millətlərə örnəkdi, namus, qeyrət təcəssümüdür bizim qadınlar... İnsafdırmı əlindən bir iş gəlməyən, cəsarətsiz, sözündən dönən kişilərə “arvad kimi qorxaqdır ”, “arvad kimi hərəkət edir” deməklə əslində əsil qadınlar alçaldıla, təhqir edilə? Qadınların qorxaq olması üçün əlindən gələni edən, cəsarətli olmasından qorxanlar kimdir bəs? Əgər müqayisə edəcək tutarlı bir dəlil, uyğun bir ifadə ortaya qoya bilmirsinizsə, əlaqəsi olmayan müqayisəni heç etməyin. Bir də ki, pisliyin, mərdliyin, dürüstlüyün, bütövlüyün, ləyaqətin qadın və kişi olmaqla heç bir əlqəsi yoxdur. Bu, xarakterə, tərbiyəyə bağlıdır... Tarix boyu qadınlarımızın kişilərlə çiyin-çiyinə göstərdikləri igidliyə, şücaət və mərdliyiə dair o qədər faktlar, o qədər dastanlar ("Koroğlu","Kitabi-Dədə Qorqud","Qaçaq Nəbi") , ədəbi nümunələr, mahnılar var ki.
Sözümü tarixdən bir misa gətirərək haşiyə çıxmaqla sonlandırmaq istəyirəm. Bərdə hökmdarı Nüşabənin - mərd, ağıllı Azərbaycan qadınının cəsarətli hərəkəti (süfrəyə yemək əvəzinə içərisində ləl-cəvahirat dolu kasalar qoymaqla), hikmət xəzinəsi Makedoniya fatehi İsgəndərin qəlbini o dərəcədə fəth edir ki, o, öz qəsbkarlıq fikrindən - Bərdəni işğal etmək arzusundan əl çəkib geri dönür. Budur Azərbaycan qadınının gücü, böyüklüyü, cəsarəti! Bu qiymətə , bu dəyərə kölgə salmayın!

Baxış sayı: 898