Baş xəbər, Siyasət
23.10.2015 / 15:16

"Ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur"

"Ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur""Tarixə müraciət edən Ermənistan rəhbərliyi unutmamalıdır ki, arxeoloji, etnoqrafik və antropoloji baxımdan ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur".
İnform.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Cənubi Qafqaz köç edilmiş ermənilər Rusiya imperiyasının süqutundan sonra Ermənistan adı altında tarixi Azərbaycan torpaqlarında özlərinə dövlətəbənzər bir təsisat yaradıblar: "Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğal və ilhaqını bir daha sübut edən 27 sentyabr 2015-ci il tarixli bəyanatını yəqin ki unutmamışdır.

Çıxışında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mahiyyətini təhrif edən Ermənistan rəhbərliyinin yaddaşını təzələmək istərdik ki, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə dəstək və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiq olunaraq, işğalçı qüvvələrin işğal olunmuş bütün Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunur. Qətnamələrdə eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması və gücdən istifadə edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. ATƏT Minsk Qrupunun mandatına dair 23 mart 1995-ci il tarixli sənədə uyğun olaraq bu qətnamələr MQ-nin fəaliyyətinin əsasını təşkil etməlidir".
Azərbaycan XİN-in rəsmisi deyib ki, güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək məsələsi də Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrilib: "Ermənistan Azərbaycana qarşı güc tətbiq etmiş və bunun nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal edilmişdir. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək kimi çağırışının tələbləri işğalçılıq həyata keçirmiş dövlət kimi məhz Ermənistan tərəfindən icra edilməlidir. İşğal və təcavüzün nəticələri aradan qaldırılmadığı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı halda, güc tətbiq etmək və güc tətbiq edərək hədələməyi davam etdirən dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Baxış sayı: 385