Şərhlər
23.10.2015 / 15:11

Demokratiya – uşaqlıq və yeniyetməlik

Demokratiya – uşaqlıq və yeniyetməlik
Ceyhun ÇİNGİZOĞLU / İnform.az


I Yazı


Uinston Çörçill: “Demokratiyanın da çatışmamazlıqları var, ancaq neyləyək ki, cəmiyyət hələ bundan yaxşısını kəşf etməyib”.

Kolumb Amerikanı kəşf etdiyi zaman yəqin ki, heç ağlına gəlməzdi ki, günlərin birində onun “Yeni dünya”sında dünyaya gələcək olan bic, gün gələcək bütün dünyanı barmağına dolayacaq. Bu bicin anası “Yeni dünya”dan, atası isə “Köhnə qitə”dən idi. Əslində anadan olması da sancılı olmuşdu və minlərlə insan bu bic üçün canını qurban etmişdi. O, elə bir yerdə dünyaya gəldi ki, orada keçən əsrin ortalarına kimi dərisinin rənginə görə insanlar aşağılanırdı. Bic uşağın adını da “Köhnə qitə”dən seçdilər - DEMOS KRATOS. Bic ilk dəfə dünyaya bu adla gəlmişdi. Daha sonra dünyadan köçmüş və unudulmuşdu. Bu dəfə daha fərqli, daha ağıllı, daha cazibədar, daha gözəl daha işvəli olaraq dünyaya gəldi. Yalnız anlayanlar anladı ki, bütün bu xairici gözəlliklər aldadıcıdır. Aldadıcılığı da ört-basdır etmək üçün sadəcə adı bir az müasirləşdirdilər və DEMOKRATİYA halına saldılar. Adın yaranmasının üzərindən uzun illər keçdiyi üçün anlamını da yanlış verdilər. Yeni adın anlamını “xalq hakimiyyəti” kimi hamıya sırıdılar. Ancaq, həmin o xalq, bilmirdi ki, bicin ata yurdu olan Yunanıstanda o sözü cəmiyyətin elitar nümayəndələri özlərini qara camaatdan fərqləndirmək üçün işlədiblər. Yəni, DEMOS KRATOS – QARA CAMAAT anlamında işlədilib yarandığı ilkin dövrlərdə.
Bic Demos nağıllardakı kimi sürətlə böyüyürdü. Belə ki, XVIII əsrdə dünyaya gəlməsinə baxmayaraq, uşaqlığı elə sürətlə keçdi ki, onun necə və nə vaxt yeniyetmə olması sanki bir göz qırpımında baş verdi. Özü də tərslikdən bu bicin hörməti getdikcə artırdı. “Yeni dünya”da yerini möhkəmlətdikdən sonra cazibəsini bir az da artırmaq istədi. Belə ki, o, artıq gənclik çağına çatmışdı... Düşündü ki, dünyanı gəzsin görsün və bu məqsədlə ilk gələcəyi yer də təbii ki, ata yurdu olan “Kohnə qitə” olacaqdı. Okeanın o tayından məşəqqətli və çətin yolçuluqdan sonra Avropaya çatan Bic, burada da hörmət və izzətlə qarşılandı. Qısa zamanda şöhrəti bütün qitəni bürüdü. Əvvəlcə adada, daha sonra Fransada özünə xeyli tərəfdar topladı. “Özümə yer edim, gör sənə neynirəm” misalında olduğu kimi Bicin özünə yer edişi bəzən heç də sakit və səssiz olmurdu. Belə ki, Fransada minlərlə insan bu Bicin qurbanı oldu. Belə ki, bu ölkədə o, “Burjua inqilabı” qiyafəsində meydana çıxdı və özlərini özlərinə gilyotində qırdırdı. Məhz onun yaratmış olduğu boşluğun nəticəsi idi ki, bu ölkədən bir bəstəboy konsul dünyanı işğal etmək eşqinə düşdü. Nəticə isə bəllidir... Minlərlə insan tələf oldu, minlərlə körpə atasız, minlərlə qadın ərsiz, minlərlə ana oğulsuz qaldı...
Bic Demos, “Köhnə qitə”ni qan gölündə boğduqdan sonra bir müddət sakit oturdu. Əslində ona bir iş qalmamışdı. Avropa vəba və taunla boğuşurdu bu dəfə. Demos heç kimin vecinə deyildi. Onun varlığı və yoxluğu bilinmirdi. Onunla heç kim maraqlanmırdı. Bu arada boşluqdan istifadə edən Demos bütün dünyanı gəzib dolaşırdı. Özünü dürtməyə yer axtarırdı və ya yenidən daha güclü peyda olmaq üçün əlverişli məqam gözləyirdi. Səbirli idi... Təmkinli idi... Artıq az-çox təcrübəsi vardı. Vaxtsız peyda olmanın acısını yaşamışdı ata yurdunda. Ona demək olar ki, ata yurdunda olan bütün ölkələrdə tərs şapalaq vurmuşdular... “Yeni dünya”dakı kimi tez və sürətlə özünə yer edə bilməmişdi. Ancaq illərin təcrübəsi ona səbrlə öz zamanını gözləməyi oyrətmişdi. O, gözləməkdə idi... Nəhənglər isə dünyanı bölüşdürməkdə. Hamıdan öndə isə Krallıq gedirdi... Demos, hamının başını sənayeləşməyə qatmışdı və bir də XX əsrdə peyda olacaqdı...

Baxış sayı: 703