Şərhlər
23.10.2015 / 11:24

Üçüncü sektor üçün üç sürpriz

Üçüncü sektor üçün üç sürpriz
Aqil CAMAL / İnform.az

Son günlər maraqlı olan Azərbaycan gündəmi iki gün əvvəl bir qədər də zənginləşdi. Ölkə prezidenti İlham Əliyev qeyri-hökumət təşkilatları sektoru üçün maraqlı olan üç fərmana imza atdı.
“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları hazırda ictimai sektorda geniş müzakirə olunan, eyni zamanda, rəğbətlə qarşılanan hadisədir.
İmzalanan bu fərmanların hər biri bütövlükdə ictimai sektorun dəstəklənməsinə, onun Azərbaycan cəmiyyətində rolunun artırılmasına hesablanmış sənədlərdir.
Mən bunlardan xüsusilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” fərmana xüsusi vurğu salmaq istəyirəm.
Məlumdur ki, Bundan başqa, bilavasitə QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı fəaliyyət göstərən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu və s. var. Bundan başqa, hazırda bir sıra dövlət qurumları qeyri-hökumət təşkilatlarına hansısa formada qrant verirlər. Nazirliklər, komitələr bəzən öz sahələrinə aid mövzularda müsabiqə elan edirlər. Yaxud, heç müsabiqə elan etmədən, fərdi qaydada hansısa QHT dövlət qurumundan qrant alır.
Bundan yalnız layihə başa çatandan sonra mətbuat vasitəsilə xəbər tutmaq olur. Bəzən, elə təşkilatlara qrant ayrılır ki, onun adı nəinki cəmiyyətdə, heç ictimai sektorda kimlərəsə bəlli olmur.
Bundan başqa, qrantların verilməsində, açığı qrantı qazanan QHT-nin həmin dövlət qurumunun profilinə uyğun olub-olmaması, yaxud, profesionallığı deyil, daha çox şəxsi münasibətlər, tanışlıq əsas götürülür. İndiyədək olan təcrübə bunu deyir.
Təbii ki, bu dövlətin QHT-lərlə, ümumiyyətlə, üçüncü sektorla münasibətlərini tənzimləyən konsepsiyaya uyğun deyil.
Bəllidir ki, dövlətin ictimai sektorla münasibətləri, dövlətin bu sahədə siyasəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə tənzimlənir. Bu mənada, indi verilmiş prezident fərmanı bu sahədə özünü göstərən belə deyək, “özfəaliyyəti” aradan qaldırmaq, ayrı-ayrı qurumların qrant təşəbbüslərini müvafiq dövlət konsepsiyasına uyğunlaşdırmaq baxımından çox əhəmiyyətlidir.
Yeni qaydalar, artıq QHT-lərin layihələrinin və ya ayrı-ayrı təşəbbüslərinin dövlət qurumları tərəfindən dəstəklənməsi işinə bir nizam verəcək.
Digər tərəfdən, hesab etmək olar ki, bu fərman Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, onun işinə göstərilən yüksək etimaddır.

Baxış sayı: 503