Hüquq
22.10.2015 / 17:26

Ombudsman Avropa Şurasının Faktaraşdırıcı Missiyasının nümayəndələrini qəbul edib

Ombudsman Avropa Şurasının Faktaraşdırıcı Missiyasının nümayəndələrini qəbul edib Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkəmizə səfər edən Avropa Şurasının Faktaraşdırıcı Missiyasının nümayəndə heyətinin üzvləri Tanya Rakusiç və Con Makalleni qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, ombudsman görüşdə nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini, insan hüquqları sahəsində işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıb.

E. Süleymanova qonaqlara Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, bu istiqamətdə görülmüş işlər, Milli Preventiv Qrupun (MPQ) saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, penitensiar müəssisələrə, müvəqqəti saxlama yerləri və istintaq təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına keçirilmiş başçəkmələr və görülmüş işlər haqqında geniş məlumat verib.

MPM-in fəaliyyəti ilə bağlı hesabatların və hüquqi nəşrlərin hazırlanaraq çap olunduğu, habelə Ombudsman tərəfindən qanunvericiliyə və müvafiq dövlət qurumlarına ümumən 460-dan artıq təklif verildiyi, bunların isə çoxunun öz həllini tapdığı bildirilib. Müvəkkil Milli Preventiv Mexanizm qismində müxtəlif dövlət qurumları, QHT və KİV-lə, beynəlxalq təşkilatlar, o cümlədən SPT, CPT, APT, habelə müxtəlif dövlətlərin MPM-ləri ilə əməkdaşlıq etdiyini qeyd edib.

Görüşdə qonaqlar səfərin məqsədi, fəaliyyət istiqamətləri haqqında danışıb, Ombudsman təsisatı tərəfindən görülmüş işlər barədə ətraflı məlumat alıblar. Fikir mübadiləsi şəklində davam edən görüşdə Ombudsmanın MPM qismində fəaliyyətinin inkişaf etdiyi vurğulayıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İnform.az

Baxış sayı: 301