Şərhlər
22.10.2015 / 16:15

Dərd dəvə yükü

Dərd dəvə yükü
Ayişə NƏBİ / İnform.az


Yolla gedəndə hərdən adama elə gəlir ki, kimsə, ya da bir şey çiyinlərindən aşağı basır.Qışda deyirsən ki, paltom yaman ağırdı, çiyinlərimi aşağıya çəkir, bəs yayda, yüpyüngül bir paltarda da adam sanki ağır yük daşıyırmış kimi çiyinlərini qısır.
Çiynimizdə heç bir yük yoxdur, amma içimizdə, qəlbimizdə çox böyük bir yük var, bu yükü dəvəyə yükləsən çəkməz, amma insan öz yümruğu boyda qəlbinin içində bir dəvə yükü dərdi daşıyır.Qısqanclıq, gözügötürməməzlik, qərəz, kin, həsəd, acgözlük, mənsəbpərəstlik və daha bir çox xasiyyətlər və hisslər var ki, onların içimizdə hər biri bir batman yükdür. Bu batman yüklər çiyinlərimizi aşağıya dartır, çünki qəlb ülvi hisslərə köklənmiş bir “qabdır”, onun içinə sevmədiyi, daşdan ağır yüklər qoyarsan, o çökər və insan vaxtından əvvəl qocalar.Qocalmağı isə təbii ki, heç kim istəmir, hər kəs çalışır ki, yaşından cavan görünsün.Bunun hikməti nədir bilmirəm, ya da bir hikməti varmı, onu da bilmirəm.Uşaq olanda tezcə böyüməyə çalışırırq, böyüyəndə isə uşaqlığa qayıtmağa həsrət çəkirik. Mən xobşəxt bir uşaqlıq yaşasam da uşaqlığa qayıtmaq istəmərəm, çünki uşaq ikən böyük olmağı o qədər çox istəyirdim ki.Ən çox da söz haqqı böyüklərdə olduğuna görə böyük olmaq istəyirdim.
Bir də biz böyüdükcə qorxularımız artır.Uşaq vaxtı ata- anamıza sığınaraq heç nədən qorxmuruq, çünki ata-ananın qoruması bizim bütün qorxularımızı heç edir.Uşağın qorxuları kənardan gəlirdi, indi isə böyüdüyümüz zaman qorxuları bizim beynimiz və qəlbimiz ifraz edir.Çox şeydən qorxuruq, hətta qorxmağın, qorxunun özündən belə qorxuruq.Ən çox da necə görünməkdən, “nə deyərlərdən”, “nə düşünərlərdən” qorxuruq.Qoxduqca “dəvəmizin” yükü artır, bir gün yazıq dəvə yolda qalanda sadəlövhcəsinə “görəsən nə oldu” deyə məchul bir tərəfə, bilinməzliyə bir sual uçururuq. Kimsə bizə cavab vermir, çünki bunun tək cavabı bizim öz dilimizdədir, amma biz onu dilə gətirə bilmirik, qorxuruq, mən necə pislik edə bilərəm, deyə sual girdabında vurnuxuruq. “Dəvəmizin” yükləri arasında qəlb xurcunumuzu açıb baxanda görürük ki, mən filan vaxtı filankəsi bəyənmədim, onun üstün halı mənə bir dərd oldu, onu özümlə müqayisə edib dəliyə döndüm, aramızdakı səviyyə fərqi o qədər böyükdür ki, onu ancaq qəlbimdə bəsləyəcəyim kinlə doldura bilərəm.Möhtəşəm kin-sən xurcunun bir gözünü doldurdun.Bir gün saxtalıq başını qaldırır, bir gün həsəd, bir gün paxıllıq, bir gün xəsislik başını qaldırır və mən varam, sən mənə tabe ol, deyə əmr edir və xurcunun şahanə bir yerində özünə taxt qurur.
Günlərin bir günü içimizdə hiss etdiyimiz narahatlıqların səbəbini axtarırıq, dərdli oluruq, çətinlik çəkirik.Bu əladır, çünki bu məqamda çətinliyin fürsətə çevirilməsi olur, yəni bu çətinlik bizə özümüzü araşdırmağa və tənzimləməyə fürsət verir.
Əski Tibet bilgiləri deyir: “Əgər hər şey hər zaman yaxşı gedərsə, bu ola biləcək ən pis şeydir”. Çünki hər şey yaxşı olanda biz düşünmürük ki, bu niyə yaxşı oldu, amma pis olanda o saat araşdırmağa başlayırıq, olanlara səbəb axtarır, digər hadisələr və insanlarla müqayisə edir, əlaqə tapır, ya da qururuq. Dönüb özümüzə baxaraq xurcunumuzdakı yükləri bir-bir çıxarıb atırıq, axırda boş qalan xurcuna yeni gözəlliklər doldurmağa imkanımız olur.
Özünü araşdırmaqda, ya da düşdüyün vəziyyətdə bəzən nə qədər çalışsan da, hər hansı bir qərara vara bilmirsən, müşkül və qarışıq düşüncənin içindən çıxıb konkret fikrə gələ bilmirsən.Bu insanı yoran və incidən bir haldır.Bunun ən asan həlli isə budur: beynini didən fikri unudursan, beynindən hər şeyi çıxarırsan, bütün fikir və sözləri silirsən, yaddaşını yox sayır və susursan, çəkilirsən bir qırağa.İçindəki və çiynindəki yükləri bir an götürüb yerə qoyursan, unudursan.Bir müddət beləcə dur (vaxt sənə bağlıdır), hiss edəcəksən ki, elə bil yavaş yavaş bir dalğa gəlib keçir üstündən və sən yüngülləşirsən, beynin qarışıq fikirlərdən arınır, durulursan,bir müddət sonra içindən çıxa bilmədiyin çətinliyin həllini tapırsan, özün də son dərəcə sakit, rahat olursan, bu həm də bir dua prosesidir.Əvvəl elə bilirdim ki, bunu mən kəşf etmişəm, indi gördüm ki, əslində buddizmdə belə bir metod varmış, iki gündən iki həftəyə qədər inzivaya çəkilmə adətləri var, bizdəki kimi.

Baxış sayı: 762