Siyasət
21.10.2015 / 21:58

Argentinada Azərbaycan ilə bağlı tədbir keçirilib

Argentinada Azərbaycan  ilə bağlı tədbir keçirilibOktyabrın 20-də Azərbaycan Respublikasının Argentinadakı səfirliyi tərəfindən “Odlar Diyarı Azərbaycan: Minillik Mədəniyyət, Müxtəliflik, Arxitektura, Müasirlik” adlı seminar keçirilib.
Səfirlikdən İnform.az-a verilən məlumata görə, Argentina Turizm Nazirliyinin, bu ölkənin aparıcı tur operatorlarının və müvafiq kütləvi informasiya vasitələrinin iştirak etdiyi seminarda məqsəd Azərbaycanın turizm sektorunun təqdimatı və argentinalı turistlərin Azərbaycana cəlb edilməsi olub.

Tədbirdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Argentinanın La Plata Dövlət Universitetindəki “Azərbaycanşünaslıq kafedrası”nın əlaqələndiricisi Paulo Botta, argentinalı jurnalist Dieqo Velaskez çıxış ediblər. Çıxışlarda Azərbaycanın zəngin tarixi və mədəni irsi, arxitekturası, mədəni müxtəlifliyi, milli mətbəxi, ölkədə turizm sektorunun inkişafı çərçivəsində həyata keçirilən layihələr, qurulmuş müasir turizm infrastrukturu, xarici turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar, təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, Azərbaycanı dünyanın müxtəlif istiqamətləri ilə bağlayan uçuşlar, o cümlədən son illərdə Argentinadan Türkiyəyə turist axınının sürətlə artdığını nəzərə alaraq, Buenos-Ayres-İstanbul-Bakı istiqamətinin argentinalı turistlər üçün maraqlı və cəlbedici tərəfləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycanın turizm sektoru ilə bağlı videoçarxlar nümayiş etdirilmiş, milli mətbəximiz təqdim edilmiş, habelə Azərbaycanla bağlı turistlər üçün ispan və ingilis dillərində hazırlanmış broşurlar və məlumat kitabçaları paylanılıb.

Tədbirin davamı olaraq, yaxın günlərdə Argentinanın aparıcı tur operatorlarından ibarət nümayəndə heyətinin Azərbaycanın turizm potensialı ilə canlı tanış olmaları üçün ölkəmizə səfəri nəzərdə tutulur. Qeyd edək ki, seminarın keçirilməsinə Türk Hava Yollarının Argentinadakı nümayəndəliyi təşkilati dəstək verib.

Baxış sayı: 316