Şərhlər
21.10.2015 / 15:47

Həyat və ölüm

Həyat və ölüm
Kamilə OSMANLI / İnform.az


Həyat, bu haqda düşünmək elə həyatın özü qədər ağırdır insana. Görəsən niyə doğuluruq, niyə yaşayırıq. Ancaq kimdən soruşsan, elə də xoşbəxt deyiləm, cavabını alırıq. Çünki şüuraltı düşüncəmiz çoxdan bəllidir, həyat ağırdır. Hər kəsin bu mövzuya fikri fərqlidir, təbii ki, mənim fikrim də tamam fərqli… Hər kəs həyatının öz əlində olduğunu düşünər, təbii ki, yanlış düşünər. Çünki həyat öz istədiyini yaşayacaq qədər yüngül sıradan bir şey deyil. O dərin məfhumdur. İnsan həyatda nə qədər bədbəxt gün yaşayarsa, bir o qədər xoşbəxt gün yaşayar. Amma hansını daha ürək dolusu yaşadığını bilmək üçün ovcuna baxmalıdır insan. Ümumiyyətlə, kimi sevirsənsə həyatda nə çox, nə az, ovuc içi qədər sev. Kimə borc verirsənsə, ovuc içi qədər ver. Kimə xoşbəxtlik arzulayırsansa, ovuc içi qədər arzula. Çünki ovucun sənə qəlbindən xəbər verər. Qəlb isə ruhun yansımasıdır. Hər bir qərarda - ağılmı, yoxsa qəlbmi - deyə ikiyə bölünər hisslərin. Amma insan yenə yanılır. Çünki ağıl deyə adlandırdığımız bu məfhum da elə qəlbin içindədir. Əslində insan qəlbinin içini qarşı-qarşıya qoyar, ağılla qəlbi deyil... Həyat da elə məhz bu düşüncələrin bütünləşməsidir. Yaşadıqca, yaşlandıqca bütünlüyə doğru gedər insan və bütünləşdikcə qəlbmi, ağılmı, ruhmu, bədənmi, nəfsmi daha öndədir, fərqinə varar. Bütün olma anlayışı tək qəlbən və ya ruhən təkmilləşmə deyil. Kimisi öz nəfsi ətrafında bütünləşər, kimisi öz içindəki şəri bütüləşdirər. Və hər insan fərqli məfhumun kamilinə çevrilər. Həyat deyə adlandırdığımız bu məfhum da bunu öyrədər insana. İnsan mövcudluğunun səbəbini heç vaxt bilmədiyi məfhumlar dünyasında doğular. Həyat da bu məfhumlardandır. Təbii olaraq materialist fəlsəfədə həyat, dünya, yaranış və s. barədə çox düşüncələr irəli sürülüb. Lakin bir az fəlsəfə, din, elm bunlardan uzaqlaşıb öz iç dünyamızla səsləşməyimiz lazımdır. Həyat nə qədər ağır olsa da, bir o qədər özünə cəzb edəndir ki, insan son ana qədər tutunur və ölümün gec gəlməyini arzulayır. Həyat, yaşam və ölüm... Bu anlayışlar yenə də içimizdə gizlidir. Fikrimcə hər insan yaşadığı həyatın nəticəsi olaraq ölümü dadar. Bu gün yaşadıqlarımız dünən əkdiklərimizdir - düşüncəsiylə baxsaq, sabahkı ölümü də bu gündən gözləmək olar. Ölüm, əslində yenidən doğulmaq deyil. Ölüm hər insanın tam bütünləşdiyi andır. Dünya dəyişimi adlandırmamız da təsadüfi deyil. Heç kəs düşünmür ki, filankəs dünyasını dəyişdi – dedi. Bəs necə dəyişdi, hara dəyişdi? Sadəcə düşünürəm ki, öldüyü an bütünlüyə çataraq yeni həyata davam edir. Bu səfər tam, kamil olaraq. Və ilkin həyatında nəyin kamilinə çevrilmişdisə, ölü adlandırdığımız bu həyatında da o xislətlə davam edir. Kimisi nəfsinin, kimisi elminin, kimisi isə eşqin kamili olaraq...

Baxış sayı: 1127