Mədəniyyət
21.10.2015 / 13:22

Qarabağla bağlı virtual muzeyin təqdimatı keçirilib

Qarabağla bağlı virtual muzeyin təqdimatı keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin muzeylə əməkdaşlıq çərçivəsində hazırladığı “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları öncə muzeydə təşkil olunmuş sərgi ilə tanış olublar.
Muzeyin direktoru Nailə Vəlixanlı bildirib ki, bu gün həm də muzey 95 illik yubileyini qeyd edir. Onun sözlərinə görə, muzeyin inkişafı üçün 95 ildə çox böyük işlər görülüb və bunlar kitab halında nəşr etdirilib: “Tarix muzeyi Azərbaycan tarixini yaşadır və gələcək nəsillərə təbliğ edir. Müstəqillik illərində tariximizin öyrənilməsi və təbliği daha yüksək səviyyədə həyata keçirilib. Çünki sovet dövründə öz tariximizi lazımi dərəcədə təbliğ edə bilmirdik. Hər il bizim kitablarımız nəşr olunur və biz buna görə müstəqilliyimizə borcluyuq”.
AMEA-nın vitse prezidenti İsa Həbibbəyli çıxışında qeyd edib ki, bu gün muzey yüksək səviyyəli elm və mədəniyyət ocağına çevrilib: “Şübhəsiz ki, muzeyin beynəlxalq əlaqələrinin güclənməsi də müstəqillik illərinin töhfəsidir. Muzey özünün beynəlxalq əlaqələrindən istifadə edərək Azərbaycan tarixini bütün dünyaya təbliğ edib”.
Layihənin koordinatoru, "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev "Virtual Qarabağ Tarixi Muzeyi"nin Azərbaycanda ilk peşəkar virtual muzey olduğunu söyləyib. Onun sözlərinə görə, təqdim olunan muzey internet məkanında Qarabağ həqiqətlərinin yayılmasına xidmət edəcək. O əlavə edib ki, virtual muzeydə Qarabağa dair 32 muzey və şəxsi kolleksiyadan 900-dən çox eksponat toplanıb.

İnform.az

Baxış sayı: 186