Şərhlər
21.10.2015 / 12:21

Arxaya baxma...

Arxaya baxma...
Səmra KƏRİMLİ/İnorm.az


Bir qərar ver. De ki, daha üzülməyəcəm. İcazə verməyəcəm heç kəs məni incitsin. De ki, ağlamayacam daha. De ki, həyatımı yaşayacam, hər kəsi, hər şeyi arxada buraxacağam. De ki, açdığım bu yeni səhifədə yalnız mən rol alacağam. Tək qalacağam: mən və xəyallarım.
Asandırmı görəsən bu qədər acılardan qurtulmaq, yenidən başlamaq, hər şeyi bir kənara buraxmaq, ilk özünü düşünə bilmək? Bütün həyatını dəyişdirmək, hər şeyi təzədən qurmaq. əlbəttə deyil, bəlkə də mümkünsüzdü. Insan necə sevdiklərini buraxıb xoşbəxt ola bilər ki? Necə yaşadığı bütün gözəllikləri, xoş xatirələri, fədakarlıqları heçə sayıb, silib gedə bilər ki? Sözlər ağızdan çıxdığı qədər asan məna daşımır təəssüf ki. Tərk etmək mi daha çətindir, tərk edilmək mi? Getməkmi daha çətindir, qalmaqmı? Ölümmü daha çətindir, yaşamaqmı? Nəfəs almamaqmı daha çətindir, yoxsa yalnız nəfəs almaqmı?
Gedən bir yol çəkmişdir özünə. Həyatını planlamışdır. Nə qədər çətin olsa da irəliyə baxacaq və zamanla unudacaqdır keçmişini. Ölüm də bir səyahətdir. Gedər və baxmaz arxaya, baxa bilməz. əlbəttə qalanlar zülm çəkər. Bir dəqiqəlik belə gedişlərə dözməyən qəlblər necə əbədi səyahətlərə boyun əysinlər?
Yalnız qalmaq deyə bir şey yoxdur, özünlə baş-başa qalmaq vardır. Özünü dinləmək vardır, nəyə ehtiyacın olduğunu öyrənmək, kim olduğunu, nə etdiyini və nə etmək istədiyini bilmək vardır. Başqalarının dərdinə dərman olarsan, onlar sağalar və artıq səni istəməzlər. Bax bu zamandır özünə vaxt ayırmaqçün doğru an. Sorarsan kim sənin dərdinə dərman olmağa cəhd etmiş, kim sən düşüncələr içində yox olarkən əlini uzadıb çəkib çıxarmışdır? Bəlkə də heç kim. Onda nəyə görə özünü layiq olmayan insanlara qurban verirsən? Dəyəri qiymət bilənə vermək lazımdır ki, əziyyətin, çəkdiklərin hədər olmasın.
Qərar vermək təbii ki, çətindir. Hər şeyi bütün detallarıyla təhlil etmək, mümkün olan ən mükəmməl qərarı verməyə çalışmaq lazımdır. əminliklə nə etmək istədiyini dəqiqləşdirdikdən sonra verdiyin qərarın ardınca sonunadək getməlisən. Getdiyin yoldan geri dönmək nə sənə buraxdıqlarını geri verəcək, nə də dönüşün səni xoşbəxt edəcək. Sən gedəcəksən, qalanlar hər şeyi düzəldəcək və yenidən başlayacaqlar, olan sənə olar, sənin üzərində öyrənərlər doğrunu-yanlışı. Sən yolu yarısından geri dönərsən hər şeyi yenidən məhv edərsən və hər şey daha pis olar. Bu dəfə sənə nifrət edərlər. Bu dəqiqədən sonra sən daha da məhv olarsan. Ya heç getməməlisən, ya da getmisənsə dönməməlisən. Heç nə buraxdığın kimi qalmaz çünki. Sən hər şeyi getdiyin gündədiki kimi yadda saxlarsan, qalanlar da səni. Səni yol dəyişər, zaman dəyişər, qalanları təcrübə. Nə onlar eyni insanlardır artıq, nə də sən. Geri dönmən sadəcə daha çox yaralar. Xatirələrində yaşat onları, yaxşı ya da pis. Dönərsən xatirələrini də məhv edərsən. Sanki yadmışlar kimi gələr sənə. Çünki fərqli bir insan edər səni bu yol, fərqli düşünərsən. ən yaxşısı sən arxaya baxma. Qoy qalsın xatirələrin də, yıxılmış xəyalların da qəlbinin bir küncündə. Darıxdıqca sənə etdiklərini düşün, yanında olanlara bax, onlarla təsəlli tap. Səni olduğun kimi qəbul edənlərdən bərk-bərk yapış, onların dəyərini bil. Hisslərini gizlətməyən, sevinclərini, sevgilərini səndən əsirgəməyən insanların dəyərini bil. Sənin dəyərini heçə sayanları, sən kiminsə üçün çırpınarkən gözlərini yumanları deyil, sənin üçün dünyaları verməyə hazır olanları gör, sev. Arxaya baxma sən ən yaxşısı, baxma ki, hədər olan illərinə peşmanlıq duymayasan. Sən yaxşısı arxaya baxma, baxma ki, sənə edilən haqsızlığı sən də başqasına etməyəsən, sənə verilən dəyəri bütünlüklə görə biləsən. Yanındakılarla xoşbəxt olasan. Sevinci, kədəri sənlə birgə yaşamağa hazır olanlarla, sənə görə göz yaşı axıdanla, gülüşlərinin səbəbi sən olanla həyatı başa vurasan.
Məncə sən arxaya baxma...

Baxış sayı: 654