Ədəbiyyat
04.07.2015 / 20:56

“Türk xalqları ədəbiyyatı antologiyası” hazırlanır

“Türk xalqları ədəbiyyatı antologiyası” hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda türkdilli xalqların ədəbiyyatı, mədəniyyəti, incəsənəti və folklorundan bəhs edən on cildlik “Türk xalqları ədəbiyyatı antologiyası” hazırlanır.

İnform.az bildirir ki, bu barədə AZƏRTAC-a institut direktorunun müavini, türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev məlumat verib.

M.Əliyev bildirib ki, antologiyanın hazırlanması türk xalqlarının ədəbi, dil, mədəni birliyinə və onların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Əvvəlcə türkdilli ölkələrin alimləri ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Hər bir cildin hazırlanmasında onların təklif və rəyləri nəzərə alınacaq. Azərbaycan və Türkiyə istisna olmaqla hər türk xalqının ədəbiyyatına, mədəniyyətinə bir cild həsr ediləcək. Ümumilikdə on cildin hazırlanması nəzərdə tutulub. Artıq birinci cild hazırdır. Bu cildin iki hissəsi türk ədəbiyyatına həsr olunub. Bu il, həmçinin “Türkmən ədəbiyyatı antologiyası”nı və “Türk xalqları ədəbiyyatı antologiyası”nın birinci cildinin ikinci hissəsini də təhvil verəcəyik.

Alim bildirib ki, burada əsasən tərcüməyə və mətnlərin Azərbaycan dilinə uyğunlaşdırılmasına diqqət yetirilir. Çünki bu kitablar bizim ölkəmizdə, Azərbaycan dilində nəşr olunacaq və bütün türk dünyası üçün nəzərdə tutulur. “Türk xalqları ədəbiyyatı antologiyası”nın hazırlanması ilə bağlı institutda şöbənin əməkdaşlarından ibarət redaksiya nəşriyyat şurası yaradılıb.

Baxış sayı: 309