Ötən günə gün çatmaz...
20.10.2015 / 12:17

“Kaş yarımçıq qalmayaydı gündəlik...”

“Kaş yarımçıq qalmayaydı gündəlik...”

“Oxumadığımız yazılar” silsiləsindən


Açıldı başa oyun,
Görmədim oğul toyun,
Balamın əvəzinə
Məni məzara qoyun...

Qarşımda vərəqləri yavaş-yavaş saralmağa başlayan, ilk sətri 1992-ci ilin iyul ayının altısında, həmin ilin 28 iyulundan son iki sətri yazılan bir gündəlik durur.
Dəftəri açanda öncə diqqəti çəkən bu sözlər olur: «Kaş yarımçıq qalmayaydı gündəlik...»
İyulun onunda saat 17:20-də yazılan sətirləri oxuyuram: «saat 17:20-dir. Yağış davam edir. Duman da bir tərəfdən adamı çaşdırır. Amma arxada məni gözləyənim var, mən yaşamalıyam, buna mənim haqqım var. Əgər ölsəm (bu Qarabağ torpağında labüd və adi bir şeydir) - Vətən uğrunda ölmək fəxrdir.
Və bu gündəlik kimin əlinə keçsə qoy məni qınamasın hərənin həyata bir cür baxışı var. Mən də ağrı-acılarımı dəftər (cansız vərəq) vərəqinə köçürməklə ürəyimə bir rahatlıq verirəm...
Ola bilər ki, bu gündəlik yarımçıq qalsın, eybi yox. Təki Vətən yaşasın, təki anam yaşasın, UMAN-sız UMAN-ı (sevdiyi qızın şərti adıdır) mənsiz yaşasın!
Amin! Amin! Amin!»
Kim idi bu sətirlərin müəllifi?
Kim idi, Vətənin ağrısını, acısını sətirlərə hopduran, qəlbi daima düşmənə nifrət, qəzəb hissi ilə döyünən, sevgilisinin xəyalları ilə həmsöhbət olan insan, kim idi?
Ərənlər yurdu Azərbaycanın dilbər guşələrindən olan, keçilməz sıldırım qayaları, qartallar oylağı uca dağları, buz bulaqları, gözəl təbiəti ilə insanın qəlbini riqqətə gətirən, bir vaxtlar qonaqlı-qaralı, indi isə düşmən tapdağında qalan, neçə-neçə övladını Vətən yolunda şəhid verib, ağuşuna alan Cəbrayıl torpağı...
1965-ci ilin qarlı qış günündə, yanvar ayının 17-də Cəbrayılın Qaracallı kəndində Əsəd müəllimin ailəsində dünyaya göz açmışdı Hikmət.
Elə uşaqlıqdan mehribançılığı, istiqanlılığı ilə hamıda özünə qarşı məhəbbət oyatmışdı. Atası Əsəd müəllimdən aldığı tərbiyə, elm-təhsilə sonsuz maraq, anası Mənzər xalanın vətənpərvərlik ruhunda söylədiyi laylalar, bayatılar onun körpə qəlbində qəribə hisslər oyadır, onu torpağına, elinə daha da möhkəm bağlayardı. Arzusu həkim olmaq idi. 1982-ci ildə qonşu Balyand kəndində N.Nərimanov adına orta məktəbi əla qiymətlərlə bitirir. Vətəndaşlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Xidmətini başa vurduqdan sonra Vətənə dönür və 1985-ci ildə sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu¬nun pediatriya fakültəsinə verir. Əla qiymətlərlə instituta daxil olur. İnstitutun ictimai işlərində fəallıq göstərir, üç il əla qiymətlərlə oxuyur. Üçüncü kursu bitirdikdən sonra 1989-cu ildə onu bir neçə əla oxuyan tələbələrlə birlikdə Saratov Tibb institutunun hərbi tibb fakültəsinə göndərirlər, fakültənin Hərbi Tibb AKademiyası statusu var idi.
“Kaş yarımçıq qalmayaydı gündəlik...”
Həmişə süfrəmizin başında oturtduğumuz namərd erməni qonşularımızın torpaqlarımıza təcavüz etdikləri, soydaşlarımızı ulu ata-baba torpaqları olan İrəvan ərazisindən vəhşicəsinə qovduqları dövr idi. Vətəndən uzaqda qalıb Vətənin düçar olduğu bu bəlanın çarəsini düşünə-düşünə, içində qovrula-qovrula təhsilini başa vurub, doğma yurda dönməyə tələsirdi Hikmət. Onun Sovetlər İttifaqının hər yerində olduğu kimi təhsil aldığı şəhərdə də ermənilərin bizə qarşı məkrli niyyətləri özünü göstərirdi. Hətta, dəfələrlə yaşadığı otağın divarlarına Azərbaycanın gerbinin, üçrəngli bayrağımızın şəkillərini vurduğu üçün ona tənəli sözlər demişdilər. Lakin, Hikmət onları yerində kəsərli sözləri ilə susdurmağı bacarırdı.
Bir dəfə hospitalda təcrübə keçərkən bir erməni həkiminin Şaqren Mkrtçyanın “İstoriko-arxitekturnıye pamyatniki Naqornoqo Karabaxa” («Dağlıq Qarabağın tarixi-memarlıq abidələri») kitabını xəstələrə göstərib «bizim yerlərdir, Qarabağ» dediyini eşidib, onun təbliğat apardığını başa düşən Hİkmət, həmin kitabı təqaüdü hesabına topladığı pullarının hamısını verib çox baha qiymətə ermənilərdən alır ki, qoy kitabı başqa millətlərdən olanlara göstərib, onlarda bizim haqqımızda səhv təsəvvür oyada bilməsin.
Bir dəfə də ona dərs deyən erməni polkovnik onu dövlət imtahanından kəsəcəyi ilə hədələmişdi. Lakin Hikmətin imtahan komissiyası qarşısında verdiyi tutarlı cavablar, polkovnikin arzusunu ürəyində qoymuş, Hikmət əla qiymətlə onun imtahanından keçmişdi.
Yazdığı gündəliyi oxuduqca onun qəlbində düşmənə qarşı baş qaldıran qəzəb və nifrəti aydın görmək olur.
1991-ci ildə Hikmət Saratov Tibb İnstitutunu bitirib Zaqafqaziya Hərbi Dairəsinə təyinat alır. Ağstafanın Saloğlu kəndindəki hərbi hissədə həkim kimi fəaliyyətə başlayır. Və çox qəribədir kİ, elə həmin gün hərbi baza partladılır. Bu da Azərbaycana qarşı törədilən açıq təxribat olur və ilk andan əsgərlərin və (kənddə həkim məntəqəsi olmadığından) mülki şəxslərin də həyatı uğrunda Hikmət mübarizə aparır.
Hikmət Allahverdili həmin hissədə qulluq edərkən öz həyatını təhlükə altına qoyaraq Goranboyun Todan kəndində hələ yenicə yaranmağa başlayan özünümüdafiə batalyonuna və yerli əhaliyə maddi və hərbi sursat daşıyırdı. Vəziyyətin gün-gündən gərginləşdiyini görən Hikmət artıq dözə bilmir, Milli Ordumuza keçməyi qətiləşdirir. 1992-ci ilin mart aynıda Müdafiə Nazirinin qəbulunda olur və məqsədini bildirir. Lakin müsbət cavab almadığından, Müdafiə Nazirliyinə rəsmi qaydada ərizə ilə müraciət edir. Nəhayət, 1992-ci ilin may ayının 19-da 730 saylı hərbi hissəyə hərbi həkim kimi təyinat alır. O vaxtlar həmin hissə Sitalçayda təlim keçərək Goranboy, sonralar isə Ağdərə döyüşlərini əsgərlərlə təmin edirdi.
“Kaş yarımçıq qalmayaydı gündəlik...”
1992-ci ilin iyun ayının əvvəllərində Gəncəyə, bir neçə gündən sonra da Ağdərəyə köçürülən hərbi hissədə Hikmət təkcə həkim kimi yox, həm də döyüşçü kimi fəaliyyət göstərirdi.
Ana Azərbaycanın sinəsini övlad dağlı görmək, yurd-yuvalarının düşmən tərəfindən yağmalanmasına dözmək Hikmət üçün çox ağır idİ. O, artıq Vətən uğurunda canından keçməyə hazır idi. Onun gündəliyindəki «...təki Vətən yaşasın» sözləri elə belə deyilməmişdi. Bu sözlərin arxasında Vətən yolunda, namus yolunda şəhid olmağın necə böyük fəxarət olduğu dururdu.
Ağdərə döyüşləri zamanı bəzi kəndlərin (Nerkin Oratoğ, Kasapet və s.) alınmasında cəsurluqla iştirak etmişdi.
«...Düzü burada adam öz insani keyfiyyətlərini yavaş-yavaş itirir, bu da müharibənin yazılmamış qanunudur. Kaş bu müharibəni tezliklə və itkisiz, həm də qələbə ilə başa vuraydıq (saat 12:10).
Saat 12:40.
Halal olsun, Azəri-türk oğulu! Əhsən! Bütün uşaqlar Vətən, Ana uğrunda gedən bu ölüm-olum müharibəsinin çətin dəqiqələrində belə ölümü ləyaqətlə qarşıladılar. Hamı son döyüşə hazır dayanıbdır. Əsəblər gərgin olsa da, heç kimdə qorxu hissi yoxdur. Axı necə də ola bilər? Söhbət Vətənin tamlığından qeyrət-namusundan gedir!
(Tamlığı əsas mənasında olsaydı, Vətən daha xoşbəxt olardı Cənubi Azərbaycan məsələsi.)
Saat 16:00.
Döyüş davam edir. Olum-ölüm döyüşüdür bu döyüş. Xəbər gəldi ki, guya ermənilər artıq Ağdərəyə daxil olublar. Özümüzü mövqelərə çatdırıb hər bir əsgərə başa salırıq ki, lap bu xəbər düz olsa belə, son gülləyə və son damla qanımıza qədər vuruşmalıyıq. Əsgərlər cavan olsalar da, hamısı özünün Vətən qarşısındakı məsuliyyətini yaxşı dərk etdiyindən, hamısı xorla sübut edir ki, elə də olacaqdır. Axı onların yaddaşından heç vaxt silinməyəcək ağır və dəhşətli, bağışlanılmaz Bağanıs Ayrım, Ağdaban, Xocalı, Şuşa, Laçın faciəsi! Odur ki, bəlkə də son dəfə Vətən oğulu kimi vuruşmaq istəyir. Əhsən! Min əhsən! Belə oğulları olan Vətən basılmaz! Gec-tez yağılardan Vətən torpağı təmizlənəcək və torpaq varlanacaqdır. Bu gün uzaqda deyil. İnşallah tezliklə olar! Amin!”
“Kaş yarımçıq qalmayaydı gündəlik...”
Vətəni yaxın zamanda azad, xoşbəxt görmək istəyirdi Hikmət. Görə bilmədi. Xarı bülbüldən sevgilisinə toy çələngi hörmək istəyirdi Hikmət. Hörə bilmədi.
Bu günlərdə onlarda oldum, ailəsi ilə görüşdüm. Anası Mənzər xalanın bala həsrətli gözlərinə baxmaq, iniltisini dinləmək üçün insanda dözüm gərəkdir.

Açdılar başa oyun,
Görmədim oğul toyun,
Balamın əvəzinə
Məni məzara qoyun.

Bu bayatını təsadüfən yazmıram. Mənzər ananın baxışları deyir bu ağmı. «11 ildir bala nisgili, 10 ildir də ki, torpaq həsrətliyəm. Kor ərəb kimi qısılmışam bir küncə, Hikmət deyə-deyə sovruluram, qızım. Bir kimsə (əlaqədar təşkilatlar nəzərdə tutulur) qapımı döyüb demir ki, ay ana nə təhərsən. Mənim kimsədən pul-para umacağım yoxdur, bala. Mən nər kimi igid qurban vermişəm bu torpağa, heç olmasa bir dəfə gəlib halımı soruşsunlar. Məni yandıran insanların biganəliyidir. İkicə kərə məskunlaşdığımız Sabunçu rayonunun Hərbi Komissarlığından gəlib mənə deyiblər, vəssalam. Tanrıdan indi bir diləyim var, kaş balamın yatdığı torpağa baş qoya biləydim (hıçqırtı boğur, sözünün ardını deyə bilmir)».
Qardaşları Qənimət, Fazil, bacıları Laləzar, İmarət, Kifayət, Şayəstə ürəklərində qardaş qubarı gəzdirirlər.
Hikmət haqqında yazılan məqalələrə baxıram. Bütün yazılar 1993-cü ildə yazılıb (S.Əliyevin 1996-cı ildə çap olunan «Ömür də bir çıraqdır» oçerklər, hekayələr, elmi-publisistik məqalələr toplusundan başqa).
28 iyul Hikmət Allahverdilinin qəhrəmanlıqla şəhid olduğu gündür. Bu gün onun gündəliyinə son iki sətri yazdığı, gündür.
«Vəziyyət bir balaca sabit olsa da, gərgindir...»
“Kaş yarımçıq qalmayaydı gündəlik...”
Bu sətirləri yazarkən o haradan biləydi ki, hər an, hər dəqiqə yaşamaq, sevmək eşqi ilə çırpılan ürəyi, bax bu tarixdə susacaq.
Hikmət həkim idi. Amma, döyüş meydanında igidliklə şəhid oldu.
Qohumlarının dediklərinə görə tez-tez ölümündən danışarmış. Özündən çox sevdiyi bu həyat Hikmətə xəyanət etdi və onun sonsuz arzularının həyata keçməsinə macal vermədi...
İndi onun ailəsində balaca Hikmət böyüyür Hikmətin dili ilə desək qardaşı şuluq Farizin oğlu balaca Hikmət.
Balaca Hikmət Cəbrayılı, əmisinin doğulub boya başa çatdığı, indi isə qoynunda əbədi yuxuya dalan Qaracallı kəndini görməyib. Nəsibinə köçkünük dövründə dünyaya göz açmaq düşüb...
Hər dəfə hər hansı bir şəhidimiz haqqında yazı yazanda, içimdə qəribə hiss oyanır. Hər sətrində həmin şəhidin sual dolu baxışları mənə dikilir. Bəs bizim qisasımızı nə vaxt alacaqsınız, dirilər? Nə vaxt bizim nakam ruhlarımız rahat-rahat doğma Azərbaycanın səmalarında pərvaz edəcək, nə vaxt?
Tez, lap tez bir zamanda o günü görəcəyik, mənim əzizlərim. Ulu Azərbaycan heç vaxt namərd qarşısında əyilməyib, yenə əyilməyəcək.
Yaxın zamanda sizin baş qoyduğunuz, düşmən əlində inləyən torpaqları alıb, qəbirlərinizi alnıaçıq ziyarət edəcəyik. O gün uzaqda deyil...

Xalidə XALİD
«Dünyaya səsimiz»qəzeti 2004 may

Baxış sayı: 900