Şərhlər
19.10.2015 / 14:42

Meymunlar almanı banana dəyişdilər

Meymunlar almanı banana dəyişdilər
Xanəmir TELMANOĞLU / İnform.az


(xalqımıza qurban olum.. çin atalar sözü)


Onlar...
Onlar...
Onlar elə oturmuşdular ki, kimsə görə bilmirdi. Sanki onların görünməmələri naminə, şirkətin binasının iç-dış proyektini belə vermişdilər. Onları 9 milyon görmürdü. Mənim buranı məhz iş yeri seçməyimdə əsas səbəb, ən çox, ən maraqlı, ən şən meymunların burda yaşadığını, burda fəaliyyət göstərdiyini gecə-gündüz ekrandan seyr etməyim olmuşdu. Meymunların ardınca düşüb bura gəlməyim, istədiyim meymunları seçib ayırmağım, onların üzərində dərin axtarışlar aparmağım elə də asan olmamışdı.(nə edəsən, elmi iş belədir də...) Ancaq bura adladıqdan sonra, baxdım nəəəə, divarın buuuu üzündə meymunlar yenə də seyrə çıxmışdırrrrrrrr. Burda gənc, sarışın dişi və yarmsaqal, bakinbortlu, sarıdiş meymunlar da çoxluq təşkil edirdi. Arada bir qoca meymunlar da adamın əl-ayağına dolaşırdı.
Ekranda...
Ekranda...
Ekranda meymunlar və əsasən də, meymunələr əlindən tərpənmək mümkün deyildi. Siyasi, ictimai, beynəlxalq, fəlsəfi, ədəbi olan nə qədər mövzular vardı, bir də gördün bir-iki meymun və meymunə ayaqlarını bir-birinin üzərinə aşırıb ağızları köpüklənə - köpüklənə basıb bağlayırdılar. Bir meymunə də ortalığa düşüb gah oyana dingildəyir, gah bu yana soncuq atırdı. Mövzu da nədən olsa yaxşıdır? Biz axı qabaqlar, yəni lap qədim zamanlarda alma yeyən xalq olmuşuq. Necə olub ki, indi alma arxa plana keçib, ancaq banan deyiləsi bir meyvə peydah olub bazarlarda, onu yeməkdən doymuruq. Hətta bəziləri tənbəlliyin daşını elə atıb ki, Allah-Allah, həyət-bacasında yer qalmayıb, bütün ağaclarını tutub kəsib. Yerində banan ağacları əkməyə başlayıb. Bir meymun nazir də, gözüdoymazlıqdan gələrək, Azərbaycanın böyük və münbit ərazisində hektarlarla sahə götürərərək banan yetişdirməyə “start” verib. Hətta deyilənə görə, o meymun nazir qarşısında , Azərbaycanda bananın nəyin bahasına olur -olsun milliləşdirmək kimi bir məqsəd də qoyub. Nemətin ilk nümunələrini də Azərbaycanın bazarlarından öncə xarici bazarlara çıxarmaqda israrlıdır və hətta ayıb olmasın, çıxarıb da... (Sübutu da bu olub ki, Habil Əliyev kamanı, Kamil Cəlilov qaboyu milliləşdirə bilir, mən bananı milliləşdirə bilmirəm?)
Nə isə...
Nə isə...
Nə isə.. veriliş qurtarandan sonra ortalıqda atılıb düşən aparıcı meymunəyə bəzi iradlarımı bildirdim. Meymunə çox qəzəbləndi. Dedi ki, ağzı ətə çatmayan pişiklər.... nə bilim nə. Dedim etmə, meymunə.... sən mənim ovucumdasan. Sən və sizlər meymunələr, şəxsən mənim əlimdə, ovcumun içindəsiniz. O, qayıtdı ki, sən axı kimsən ki? Burda adi bir işdə çalışırsan da? Kim olmusan ki? Ona yenə də ovcumun içində olduğundan, bir az da ərinməyib, əxlaqı tapdayıb “sizi araşdırdığımı, sizin və sizlərin meymunəliyini dərinliyinə kimi öyrənməyim üçün “bura gəldiyimdən bəhs etdim. (məni alimliyim bunların meymunluğundan törəyəcək) Gördüm yox, meymunə meymunəliyinə elə qapılıb ki, mənim danışıqlarım sadəcə gülməkdən başqa bir vaxta, hala, anlayışa yaraşı deyil.
Məndən əsəbi-əsəbi aralanaraq gedərkən dedi ki, sən bunu dəqiq bil, mənim həm burda, həm də yuxarılarda adamım var. Dedim ki, day de, meymunlarım var da. O belə getdi. Sonra lap meymunlaşıb bir dəfəlik getdiyinin də şahidi oldum. Nə fayda, bu ekrandan çıxıb, az sonra başqa bir ekranda daha sərt və qıcıqyaradıcı meymunluq etməyi ilə məşğuldu.
Sonra...
Sonra...
Sonra mən etirazımı şirkətin başında oturanlardan birinə bildirdim. Gördüm, bu lap meymunun yekəsidir. Dedi:
- Mənə niyə meymun deyirsən
- Sən lap yekəsisən.
- Niyə da əəə....
- Ay meymun, anla! Bu ekranda nə qədər meymun olmağından xəbərin varmı?
- Var. Onlar insandı, meymun deyil.
- Onlar əsl meymunlardı. Onları da ora kim çıxarır?
- Mən çıxarıram.
- Bilirsənmi, o meymunların hər birinin meymunluğu sənin üzərində qalır. Meymun meymunu anlar. Sən izin verməsən, onlar ora çıxa bilməz.
- Bəs kimi çıxarım?
- Meymun olmayanları.
- İnsanları da.. demək istəyirsən.
- Xeyir, meymun olmayanları. İnsanı boş ver. O barədə vaxt gələr danışarıq.
- Sən təhqir edirsən.
- Yaxşı mən bir nəfəri təhqir edirəm. Bunun cəzasını çəkməyə hazıram. Sən isə 9 milyonu təhqir edirsən. Bunun altından çıxmağa meymunluğun bəs eləməz axı.
- Belə getsə səni işdən uzaqlaşdıracam.
- Bura məni sən gətirməmisən ki, meymunluq edəsən.
- Baxarıq..
- Baxarıq....

(istəsəniz ardı olacaq, ey ulu oxucu!)

Baxış sayı: 622