Şərhlər
19.10.2015 / 11:41

Siyasət və siyasi mədəniyyət

Siyasət və siyasi mədəniyyət
Çinarə NAĞIYEVA


Örnək olan və ola bilməyənlər...

İstər Azərbaycanda, istərsə də dünyada siyasi mədəniyyəti formalaşdırmaq üçün demək olar ki, hər kəs xidmət göstərir. Bu səbəblə ki, bu mövzu gündəmdə ilk üçlükdə qala bilməyi bacaran mövzulardandır. Və bu gündəmlə də kimisi meydanlarda, kimiləri siyasi vəzifəsinin icrası zamanı, kimiləri çayxanalarda, kimiləri ad günlərində, süfrə arxasında, kimiləri tinlərdə, kimiləri açıq və ya gizli mübarizələrdə, əksəriyyəti virtualda, sosial şəbəkələrdə, bəzən yalan-doğru seçkiqabağı vədlərdə, bəzən debat klublarda və s. bu mövzunu önə çəkir. Siyasi mədəniyyət sırf etik çərçivədə siyasi gedişatın təqdim edilməsi demək deyildir, siyasi mədəniyyət eyni zamanda, haqlı olaraq gerçək və olqun siyasi gedişatın təqdim edilməsi və cəfəngiyyatdan, pafosdan uzaqlaşdırılmasıdır. Təbii bu mövzuya daha artıq tərif də vermək olar. Bu mədəniyyətin formalaşmasına Azərbaycan və dünya üzrə nəzər yetirsək, mütləqdir ki, kimlərsə bu mövzuda örnək olmağı bacarmalıdır. Örnəklər şübhəsiz var. Örnəklər siyahısına İlya Çavçavadzeni (onun haqqında, erməni saxtakarlığına dair olan siyasi gedişatı haqqında əlavə yazı olacaq), Oqtay Musabəyovu, Zbiqnev Bjezinskini, Hans Marqentaunu, İonnis Kapodistriası və başqalarını misal göstərmək olar. Düşünürəm ki, bu mövzu üzrə Jirinovskini, Hafiz Hacıyevi və ya başqalarını nümunə kimi təsvir etməməliyik. Az öncə örnəklər siyahısını yazdım, yəni mənə görə siyasi gedişatı olduğu kimi qələmə verən şəxsləri. Həmin insanlar kimilərinə görə heç örnək olmaya da bilər. Amma ən azından oxuyan zaman əmin olmaq olar ki, çoxumuz Jirinovskini, Hafiz Hacıyevi və s. dərhal tanıdığımız halda, yuxarıda adı çəkilənlərdən çoxunu tanımamış olduq. Məsələ burasındadır ki, siyasi mədəniyyətdə hər zaman ciddilik, obyektvlik, aqressiya və ya sərtlik olmur. Bəzən əyləncəvi tərəfləri də olur, görünür bu tərəfi daha çox diqqət çəkir, gündəmi tutur.

Və əgər bir uşaq Hitlerin bığından danışırsa...

Və əgər bir uşaq Hitlerin bığından danışırsa, digəri özünü mason kimi aparıb, bununla özünü əvəzsiz sayırsa, kimiləri hələ də şəxsiyyətə pərəstişi yaşadırsa, hələ də Amerika və ya Rusiyanın güclü olmasını isbat eləməyə çalışırlarsa, İŞİD-dən, PKK-dan xəbərdardılarsa, Səyavuş Novruzun “kotlet” söhbətini gündəmdən düşürmürüksə, Fazil Mustafanın Şah İsmayıl Xətai, Babək haqqında fikirlərinə durmadan statuslar yazırıqsa, Atatürkü, Ərdoğanı, Barak Obamanı, Putini, Hitleri, Şimon Peresi və sair tanıyırıqsa, hər hansısa bir gizli siyasi qurumlardan, onların fəaliyyət aspektindən xəbərdarıqsa, siyasi liderlərin şəkillərini profilə qoyub, deyimlərini əzbər biliriksə, Qəddafinin dövründəki öncəlikləri zamanında deyil, ölümündən sonra “aktlaşdırıb” paylaşırıqsa, debatlarda 2-3 nəfərin alqışını alırıqsa bu o demək deyil ki, bizdə siyasi mədəniyyət ən yüksək inkişaf həddini yaşayır və biz bu sahəni şübhəsiz dəqiq, obyektiv bilirik. Və ya bunları bilib özünü “bu işin biləni” adlandırmağa da gərək yoxdur. Amond və Verbanın dili ilə desək: “Demokratiya, hər şeydən əvvəl yüksək siyasi möhtacdır.” Bu misalla yüksək siyasi inkişafımızı yaşayaq ki, demokratiyanı içdən hiss edib, yaşaya bilək.

Açmağa çalışılan qutu...

Siyasət qaranlıq qutudur, onu hələ də açmaq istəyənlər var. Cəhdlərimiz onu açmaqdan deyil, açmağa çalışmamızdan xəbər verir. Sonda istərdim ki, biz siyasəti, siyasi mədəniyyəti çayxanalarda, tinlərdə deyil, ən əsas televiziyalarda, yazılacaq kitablarda, nitqimizdə və əməlimizdə yaşadaq. Yaşada bilək..

Baxış sayı: 569