İdman
19.10.2015 / 10:32

"Borussiya Dortmund" erməni futbolçusunu Bakıya gətirməyəcək

"Borussiya Dortmund" erməni futbolçusunu Bakıya gətirməyəcək Almaniyanın "Borussiya" (Dortmund) klubu Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda qarşılaşacağı "Qəbələ" ilə oyuna erməni futbolçusu Henrik Mxitaryanı gətirməyəcək.
Bu barədə klubun baş direktoru Hans Yoaxim Vatske "Bild" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, komandası oktyabrın 22-də keçiriləcək oyunda təhlükəsizlik tədbiri olaraq, Mxitaryansız keçinəcək:
"O, güman ki, bizimlə uçmayacaq. Ermənistanla Azərbaycan arasındakı münaqişəni nəzərə alaraq, öz oyunçularımızın təhlükəsizliyinin qayğısına qalmalıyıq. Oyunçu özünü yaxşı hiss etmirsə, bu, nəzərə alınacaq".
"Borussiya"nın meneceri Mixael Tsork isə bildirib ki, 26 yaşlı yarımmüdafiəçiyə vizanın verilməsində də problem yaranıb. Bu da Mxitaryanın son illərdə münaqişəli Dağlıq Qarabağ bölgəsində olması ilə əlaqədardır.
"Qəbələ"nin baş meneceri Zaur Əzizov isə Mxitaryanın Bakıya gətirilməyəcəyindən məlumatsız olduqlarını bildirib. O, Almaniya klubunun Azərbaycan paytaxtına gələcək futbolçularının siyahısını oktyabrın 19-da alacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Borussiya" oyunu saat 20:00-da başlanacaq.

İnform.az

Baxış sayı: 318