Elm-təhsil
17.10.2015 / 22:37

AMEA TOEFL-dən niyə yarımçıq imtina etdi?!

AMEA TOEFL-dən niyə yarımçıq imtina etdi?!“Ötən il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2014-2015-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edərkən doktrantlar qarşısında gözlənilməz yeni bir şərt qoymuşdu. Həmin şərt o idi ki, artıq fəlsəfə doktoru olmaq istəyənlər xarici dil bilikləri üzrə beynəlxalq sertifikatlar (TOEFL, İELTS) almalıdırlar”. Bunu, AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov AMEA-nın dünənki fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elanına münasibətini ifadə edərkən bildirib.

Onun sözlərinə görə, ötən il həmin şərt, yəni beynəlxalq sertfikatlar almaq (TOEFL, İELTS) yalnız ötən il qəbul olunan doktrantlara ve dissertantlara deyil, bütövlükdə müzakirəyə, müdafiəyə hazırlaşanların hamısına şamil edilmişdi. Yəni artıq hər hansı xarici dili (ingilis dili, fransız dili və s.) xaricinin özündən yaxşı bilmədən hər hansı doktrant, ya da dissertant müdafiəyə buraxılmırdı. Şübhəsiz, bu anormal bir hal idi. Gənc alimə fikrincə, hər hansı elmi işin - dissertasiyanın mahiyyətində xarici dili bilməkdən öncə elmi istedad, elmi bilik dayanmalıdır.

Faiq Ələkbərov: “Bu cür anormal bir şərtin nəticəsi olaraq, sözün həqiqi mənasında doktrant və dissertant adına layiq olnalar da elmdən uzaqlaşmağa başladılar. Hətta, bu il doktrantura və dissertanturaya müraciət etmək istəyənlərin azalmasına heç kəs şübhə etmirdi. Bizcə, AMEA rəhbərliyi bundan nəticə çıxardaraq, dünən (16.10.2015) 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elanında həmin şərti müəyyən qədər dəyişdirib. Belə ki, AMEA-nın bu ilki doktoranturaya və dissertanturaya qəbul elanında artıq xarici dil bilikləri üzrə beynəlxalq sertifikatların - TOEFL və İELTS-in məcburi olmadığı bildirilir.

Artıq bu ilki elanda bununla bağlı yazılır: xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa). Deməli, bu ilki doktrantlar və dissertantlar TOEFL və İELTS kimi beynəlxalq sertifikatlar olmadan da müzakirəyə, müdafiəyə buraxılacaqlar”.

F.Ələkbərov bildirdi ki, amma bu məsələnin tamamilə həlli demək deyil: “Bu zaman sual yaranır ki, bəs digər doktrantlar və dissertantların taleyi necə olacaqdır? Yəni TOEFL və İELTS kimi beynəlxalq sertifikatların olması məcburiyyəti onların üzərindən də götürüləcəkmi? Bununla bağlı bəzi doktrantlar və dissertantların müraciətinə cavab olaraq AMEA-nın Rəyasət Heyətindən bildirblər ki, bu dəyişikllik onlara şamil edilmir. Belə ki, onlar TOEFL və İELTS kimi beynəlxalq sertifikatlar olmadan müzakirəyə, müdafiəyə buraxılmayacaqlar. Bizcə, bu həmin doktrantlara və dissertantlara qarşı tamamilə ədalətsizlik və haqqsızlıqdır. Başdan bəri yanlış yolu tutanların, indi bu məsələni yarımçıq həll etməsi doğru deyildir”.

Onun sözlərinə görə, bu gün müdafiəyə hazırlaşan onlarla gənc və istedadlı dissertantlar və doktrantlar var ki, beynəlxalq sertifikat məsələsi onların elm yolunda bilərəkdən yaradılmış əngəldir: “Mən bütün alim həmkarlarımı haqsız duruma düşmüş doktrantlara və dissertantlara dəstək verməyə çağrırıam. Çünki onlara qarşı bu cür şərtlərin irəli sürülməsi elmin inkişafına deyil, geriləməsinə yönəlmişdir. Əgər AMEA rəhbərliyi bu ciddi səhvi ardan qaldırırsa, yarımçıq deyil, bunu tam şəkildə həyata keçirməlidir”.

İnform.az

Baxış sayı: 534